1960-1970 həyat xronologiyası

Tarix Hadisənin məzmunu
29.03.1960 Evlilik mövzusunda qərarını verdi
Ədirnədə olanda ona qohumu Hüseyn Top xoca vasitəsi ilə ona evlilik təklifi gəldi. Lakin təklifin qız tərəfindən gəldiyinə görə bundan imtina etdi. Bu hadisə 1960-cı ilin Ramazan bayramında baş verdi.
"Ədirnədə yaşayan Hüseyn Top mənə evlilik mövzusunda söhbət açdı. Ədirnədə varlı və təmiz bir ailənin mənimlə maraqlandıqlarını söylədi. Bir bayram günü ikimiz bu ailəni ziyarətə getdik. Ziyarət vaxtı mən çox tərlədim. Gözümü qaldırıb ətrafıma baxa bilmədim. Sonra da təklif üslubundakı bir səhvə görə bu işdən imtina etdim. Bundan sonra bir daha belə bir işə girməmək haqqında özümə söz verdim. Ondan sonra Yaşar xocanın da bir təklifi olmuşdu. Ürəyimdəki dərin niyyəti ancaq Allah bilr. Amma zənnimcə, təxmin edirəm ki, o gün gözlərimə başqa bir xəyalın girməsini istəmədim.
Başqa zamanlarda gələn buna bənzər təkliflərə də eyni düşüncənin ağırlığını hiss etməklə yanaşı, aşırı həssaslığımla heç kimin həyatını zəhər etməmək düşüncəsinin də ciddi təsiri olduğunu deyə bilərəm.
Əslində bu ailələrin hamısı çox gözəl ailələr idi. Amma mən hələ birinci ziyarətimlə qərarımı vermişdim. Özümü İslamiyyətin xidmətinə verəcək və evlənməyəcəkdim."
10.11.1961 Əsgərliyə getdi
Ankara Mamakda əsgərliyə başladı. Burada ilk əsgərlik təcrübəsinə yiyələndi.
"Karacağaçdan qatara mindim. Məni ötürməyə gələnlərin arasında Yaşar xoca, Səlim Arıcı, Hüseyn Top, İsmayıl Gönülalan və digər bəzi dostlar vardı. Səlim Arıcı Üçşərəfəlinin baş imamıydı. Mənə bir boğça hazırlatmışdı. İçində suxarıya bənzər şeylər vardı. Həmin dəsmalı illərlə saxladım.
Fəal əsgərliyə başlayanda zənnimcə, 10 noyabr idi. Mehmet Mutlu o vaxtlar baş leytenant idi. Podpolkovnik olaraq da təqaüdə çıxdı. Bizim rota komandiri Yılmaz bəy onun hərbçi dostuymuş, gəlib məni rota komandirinə təriflədi. Hərbi Akademiyanın Sədri Rəşad Taylana mən də Ədirnədəki bir tanışından salam gətirmişdim. Hətta mənimlə ona badam əzməsi də göndərmişdi. Allahın yardımıyla beləcə, qorunma altına alındım."
1962 Əsgərlik günləri və havaların dəyişməsi
İlk əsgərlik təlimimi Ankara Mamakda tamamladıqdan sonra İskəndəruna göndərildi. Burada xəstələndi və havasını dəyişmək məqsədi ilə 4 il əvvəl ayrıldığı Ərzuruma getdi. Hava dəyişimi məzuniyyəti müddətində fürsətdən istifadə edərək Ərzurum məscidlərində vəz verdi. Sonrakı əsgərlik dövrünü İskəndərunda keçirən Fəthullah Gülən burada vəzlər verdi. Bir vəzi bəhanə edilərək məhkəməyə verildi. "Yeni İstiqlal Gazetəsi" hadisəni manşetlə yayımladı. Məhkəmə onun günahsız olduğuna qərar verdi. Ancaq nizam-intizam cəzası olaraq 10 gün əsgər həbsxanasında yatdı. Xəstələndi. Tibbi arayış alaraq hava dəyişmə məqsədiylə Ərzuruma gəldi. Əsgəliyin bitməsinə 34 gün qalmış əsgərlikdən tərxis olundu.
"Qida əksikliyi məni taqətdən salmışdı. Halsızlığım vardı. Ayaq üstə durmağa gücüm yox idi. "Gözlərində sarılıq var",-dedilər. Həkimə getdim. "Heç bir şey yoxdur",-deyib geri göndərdilər. Bir neçə gün sonra bütün bədənim sapsarı oldu, təkrar həkimə getdim. Bu dəfə isə "Çox təhlükəlidir",-dedi və məni xəstəxanada yatırtdı. Nə qədər yatdım, bilmirəm. Lakin zənnimcə, xeyli yatdım. Daha sonra da havamı dəyişmək üçün məzuniyyət verdilər.
Əsgərə gedəndə Ərzuruma baş çəkməmişdim. Aradan dörd il keçmişdi. Xəstə və əlil halda Ərzuruma getmək üçün qatara mindim. Arif baş çavuş mənə bir çanta almışdı. Əşyalarımı ona yığdım. O çantanı hələ də qiymətli əşya kimi saxlayıram...
Qatar ağzına qədər doluydu. Qatarın tamburunda uzanmaq məcburiyyətində qaldım. İskəndərun isti, Ərzurum tərəfləri soyuq olduğuna görə yolda soyuqladım. Uzun müddət də əzələ ağrılarım oldu. Əynimdə İskəndəruna görə tikdirdiyim sivil geyimim vardı. Lakin Ərzurumun soyuğuna onlar da kifayət qədər dözümlü deyildilər.
Üç aydan sonra şöbəyə getdim. Bir aya qədər də orda qaldım. Cəmi dörd aya yaxın Ərzurumda qaldıqdan sonra İskəndəruna döndüm. Bir həftəyə yaxın hərbi hissəyə getmədim. Sonra hərbi hissəyə qayıtdım. Ondan sonra hər cümə İskəndərun mərkəz camisində vəz etməyə başladım. O dövrdə çox vəz verən yox idi. İskəndərun bölgəsində vəz verən Hilmi bəy vardı, gözəl söhbət edirdi. Bir ara millət vəkili də oldu.
Mənə istinad edilən günahlar çox ağır günahlar idi. Mənə elan edilən ittihamları, dövlət çevrilişinə təşəbbüs və xalqı dövlət əleyhinə qaldırmaq kimi ağlasığmaz şeylərdi. Buna baxmayaraq, Allahın lütfüylə heç nə olmadı. Cinayət işini də tamamilə ləğv elədilər. "Yeni İstiqlal Gəzeti" xəbəri manşet olaraq yayımladı. Səhv etmirəmsə, "Fatihin torunu Fəthullah",-deyə yazmışdılar. Digər qəzetlər də öz istiqamətləri ətrafında hadisəyə şərh gətirmişdilər."
1963 Əsgərlikdən tərxis olunması və əsgərlik sonrası günləri
1963-cü ilin mart ayında əsgərliyini tamamladı. Əsgərlikdən sonra Ərzuruma gedərək bir müddət burada qaldı və Mövlana ilə əlaqəli könfrans verdi. "Kommunizmlə mücadilə dərnəyi" nin quruluşunda iştirak etdi. "Xalq evi"nin heyətinə daxil oldu.
"İkinci rotanın komandiri Mahmud Mardin adında bir kapitan idi. Çox sərt adam idi. Sən demə o da vəzləri dinləyirmiş. Mənim xəbərim yox idi. Mən əsgəri həbsxanadan çıxınca dərhal yanıma gəldi: "Mən səni çox dinlədim. Səni evə göndərəcəyəm. Əsgərliyin bitdi. Əsgərlik biletini sonra yolliyaram,-dedi. Əlbəttə, mən heç gözləmirdim. Çox sevindim. Əsgərliyimin bitməsinə hələ 34 gün vardı. 24 aylıq əsgərlikdə hava dəyişimi, həbsxana və bu son erkən göndərməni də hesablasaq, 17 aya yaxın əsgərlik çəkdim. Məni beləcə 34 gün əvvəldən tərxis elədilər, əsgərlik biletimi isə sonradan göndərdilər
Həyatımın ən kabuslu günləri bitmişdi. İki il dövlət çevrilişləri və çevriliş təşəbbüsləri ilə qarşı-qarşıya yaşadım və "Kabus görürəm, oyananda keçəcək",-deyə özümə təsəlli verdiyim və bu təsəllilərlə səbr edə bildiyim əsəgərlik artıq bitmişdi.
Ərzurumlular məni "Ədirnəli xoca" kimi tanıyırdılar. Ramazanda Ərzurumdaydım. Əsgərliyim bitdiyinə görə Ərzuruma gəlmişdim.
Müfti Sakıp əfəndi idi. Bir il qabaq mənə sevə-sevə vəz etdirməyinə baxmayaraq, o il işə düşüb deyə vəz etdirmək istəmədi. Lakin bu səfər də xalq müftiliyin qarşısında toplanmışdı. "Ədirnəli xocaya söhbət icazəsi verməyənə biz də baxmarıq",-deyə bağırıb çağırıblar. Bu hadisə tamamilə məndən xəbərsiz baş vermişdi. Mən hadisəni sonra eşitdim və Sakıp əfəndi icazə verməyə məcbur oldu. Həmin il də vəz verdim.
Xəstə olanda "Xalq evi"nə də gedib-gəlirdim. Faydalı işlər görürdülər. "Xalq partisi" dövründə o düşüncəyə xidmət edən bir qrup müsbət fikirli insanların əlinə keçdi və onlar yararlı işlər gördülər. Ərzurum "Xalq evin"in idarə heyəti iki nəfərdən başqa namazlı-niyazlı insanlardı. Bəzi qeyri-adilikləri olsa da inancları sağlam idi. Hamısı inanclı insanlar idilər.
Mövlananın Əfəndimizin sünnətinə olan bağlılığından bəhs edəcəkdim. Farsca beytlərin əvvəcə orijinalını oxuyub sonra tərcümə etməyim dinləyicilərə maraqlı gəlmişdi. Birdə ki, digər vəz verənlərdən daha gənc idim. Seçilmiş dinləyici kütləsi vardı. Universitetlərdən alimlər və yüksək rütbəli zabitlər də gecədə iştirak edirdilər. Nə dərəcədə faydalı ola bildim bilmirəm, lakin dəvət edildiyimə çox sevindim. Çünki məndən əvvəlkilər Mövlananı panteist bir insan kimi qələmə verməyə çalışmışdılar. Ən azı söhbətimdə Mövlananın həqiqi bir islam alimi olduğu fikrini aşılaya bilmişdim. İlk seçimdə (yaşım az olduğuna görə) məni haysiyet divanına seçdilər. Beləliklə, "Xalq evi" heyətinə mən də qəbul olundum.
Bu dövrə aid bir təşəbbüs də Ərzurumda "Kommunizmlə mücadilə dərnəyi"ni açma təşəbbüsümüz oldu. O günə qədər bu dərnək sadəcə, İzmirdə vardı. İkincisi də bizim səylərimizlə Ərzurumda açılacaqdı."
1964 Yenidən Ədirnəyə dönüş
Əsgərlikdən sonra təxminən bir il Ərzurumda qaldı. Daha sonra Ədirnəyə geri qayıtdı və 4 iyun 1964-cü ildə Darül Hadis məscidində Quran kursu müəllimi və fəxri imam olaraq vəzifəyə başladı. Hal-hazırda professor olan Suat Yıldırım o zaman Ədirnə müftisi oldu. Bir ev tutub bərabər qaldılar. Darul Hadis Camisinin imam otağında özəl söhbələr başlatdı.
"Ərzurumu çox sevirdim. Lakin istəyimə zidd olsa da ondan ayrılmağa məcburdum. Çünki o dövrdə də "Müqəddəs Köç"də bəhs etdiklərimin idrakındaydım. Ədirnəyə ilk gedişimdə bu şüur məndə yaxşıca kök salmışdı. Anam dirənsə, atam hər zamankı israrını tərk etsə də Ədirnəyə və ya başqa bir yerə mütləq getməliydim. Ədirnəyə getmək istəməyimin səbəbi isə Üçşərəfəliyə olan aşırı sevgimdi. Oranı arzu edir və təkrar orada vəzifə almaq istəyirdim.
Darül Hadis Camisinin imamı xəstələndiyinə görə fəxri imamlığa başladım. Məscid içində böyük bir otaq düzəltdirdim. Bu həm imam otağı, həm də tələbə qəbul etdiyim yer idi. O günlərim ən bərəkətli günlərim idi. Həmin otaqda çoxsaylı tələbələr yetişdirilirdi. Tələbələrlə məşğul olmaq çox xoşuma gəlirdi."
31.07.1965 Ədirnədən Kırklar elinə təyin edildi
Ədirnədə bir ili keçmişdi. Kırklar elinə vaiz təyin edilməsini istədi və 31 iyun 1965-ci ildə Kırklar eli mərkəz vaizliyinə təyin edildi.
"Kırklar elində hər cümə vəz verirdim. Ramazanda isə hər gün vəz verdim. Vəz zamanı camaat öz-özünə təşəkkül etdi. Təzə gedəndə bir-iki nəfədən başqa heç kəsi tanımırdım. Lakin zaman keçdikcə bir çox dostum oldu."
11.03.1966 Kırklar elindən İzmirə təyin edildi
İzmir mərkəz vaizliyinə təyin edildi. Bundan başqa Kəstanəbazarı Dərnəyi Quran kursunda könüllü olaraq müəllim və qrup rəhbəri vəzifəsini görməyə başladı.
"Tətildə kiçik bir Türkiyə səyahətinə çıxdım. Müxtəlif yerlərdəki dostlarımı ziyarət etdim. Səyahətim qırx günə yaxın davam elədi. Halbuki, iyirmi günlük icazəm vardı. Ankaraya baş çəkdim. Yaşar xoca Diyanət işləri rəis müavini olaraq Ankaraya gəlmişdi. Ona vəziyyətimi izah elədim. Keçmiş günlər üçün hesabat almaq mümkün olmadığını söylədi. Sən demə, ağlında başqa fikir varmış. İzmirdən ayrılanda onlara öz yerinə məni göndərəcəyini deyib, məndən sitayişkəranə bəhs edibmiş. Mənə "Bir ərizə yaz, İzmir vaizliyini istə",-demişdi. Mən gözləmədiyim bu təklif qarşısında çaşıb qaldım. "İzmir böyük yerdir. Mümkünsə məni şərqdə kiçik bir vilayətə verin."-dedim. O israr etdi. Başqa birinə ərizə yazdırdı, mənə də zorla imzalatdırdı. Daha sonra da sərəncamı Diyanət işləri rəisi Almalıya imza atdırdı. Özü imzalamadı. Bu Yaşar xocanın hər zamankı təmkinli davranışlarından biriydi.
Kırklar elinə gələndə ilk işim müftiyə təyinimi bildirmək oldu. Çünki günahkar sayılırdım. Təyini eşidəndə müfti günahımı unutdu və kədərini bildirdi. Kırklar elindən ayrıldığım gün mərasimə döndü. Maşınlar tutdular və məni Ədirnəyə qədər təkbirlərlə, salavatlarla gətirdilər. Ədirnədəki dostlarla görüşüb vidalaşdım
Yaşım hardasa 26-27 olardı. Ona görə də həm tələbələr, həm də müəllimlər mənim idarə heyətinə gəlməyimə təəccüblənmişdilər. Hətta, müəllimlərin içində, həm də mənim eşidəcəyim şəkildə "Yaşar xoca bu uşağı hardan tapıb göndərib" deyənlər də oldu. Əvvəllər burada müdir olmuş bir yoldaşımız məni o vaxt da, daha sonra da qəbul edə bilmədi.
Bir tərəfdən də İzmirin içində iki-üç yerdə vəz verirdim. Eyni vaxtda getməyə çalışırdım. Hər cümə Kəstanəbazarı Camisində də vəz verirdim. Bunun xaricindəki vəzləri cümə ertəsi, bazar günlərinə sıxışdırmağa çalışırdım. Deməli, bədənim müqavimətli imiş, dözə bilirdim. Məsələn, cümə ertəsi gedib bir yerdə, vəz verirdim. Gecəni yolda keçirir, ertəsi gün də başqa bir yerdə vəz verir və heç dincəlmədən o axşamı da yolda keçirib səhərisi günü dərsə çatıb tələbəyə dərs verirdim. Belə ağır yüklü proqramla işləyirdim."
18.02.1968 İlk dəfə Həccə tetdim
İzmir Kəstanəbazarı Quran kursunda müəllim işləyərkən Diyanət işləri rəis vəkili Lütfü Doğan telefonda Diyanətin vəzifəli şəxsi kimi Həccə göndəriləcəyini dedi və Fəthullah Gülən ilk dəfə Həccə getdi. 1968-ci ilin Qurban və Həcc mövsümü mart ayının 10-u idi. Fəthullah Gülənin Həccə gedişi ilə əlaqəli xəbər 19 fevral 1968 tarixli "İttihad" qəzetində nəşr olundu.
Kəbəyə doğru
Qurban bayramının yaxınlaşması münasibətilə bütün İslam aləmindən müsəlmanlar Hicaza axın etməyə başladılar. Keçmiş illərə nisbətən Türkiyədən Hicaza gedənlərin sayı bu il xeyli çoxaldığı kimi, hacı namizədlərini yola salmaq üçün on minlərlə müsəlman yollara tökülüb təkbir nidaları altında onları avtobuslarla müqəddəs torpaqlara yola saldılar. Diyanət İşləri Riyasəti isə Türkiyədən gedən hacı namizədlərinin dini fərzlərini nöqsansız ifa etmələri üçün Hicaza təmsilçilər də göndərmişdi. Xoca əfəndinin Diyanət tərəfindən Həccə vəzifəli olaraq göndərilməsi də "İttihad" qəzetində belə yer almışdı. (İttihad qəzeti, 19 fevral 1968)
"Getdiyim ilk həcc mənim üçün çox bərəkətli oldu. Əlbəttə ki, Allahın riza ölçüsünü bilə bilmərəm. Lakin daxili aləmim adına bu həccdən çox istifadə etdim. Bir-iki dəfədən başqa Beytullahdan heç ayrılmadım. Gecə-gündüz orda qalır, sadəcə, dəstəmaz almağa çıxırdım. Çox acanda da xurma və ya şiriniyyat kimi şeylərlə aclığımı yatırır və ibadətimə davam edirdim. Hər gün üç ümrə ifa edirdim. Əlbəttə, burada gəncliyimi də nəzərə almaq lazımdır. Buna gücüm çatırdı." ("Kiçik Dünyam")
1969 Çayxana söhbətləri və müxtəlif yerlərdə vəz verdi
1969-cü ildə çayxana söhbətlərinə başladı və Ege bölgəsinin müxtəlif şəhər və rayonlarında vəzlər verdi.
"O vaxt mənə yarırəsmi Egenin hər yerində vəz vermə səlahiyyəti verdilər. Bir-iki dəfə Antalyaya getdim. Lakin tanınmış adam olmadığıma görə və o yerlərin vəzlərə maraq göstərməmələrinə görə sohbətlərimin çox da faydalı keçdiyini deyə bilmərəm. Yenə də ən yaxşısını Allah (c.c.) bilər...
O vaxt İzmir və Aydın bölgəsində Tahir xoca əfəndi tanınır və hörmət edilirdi. İzmirə gəldiyim ilk il Aydına getdim, hətta üç-dörd gün qalıb vəz də vermişdim. Ancaq orda da bir anlayış görə bilmədim. Onları bizim danışıq tərzimizə və bizim düşüncələrimizə qapalı gördüm.
Ödəmiş və Tirə bir az fərqli idi. Tirəyə bir neçə dəfə vəzə getdim. Ordakı yoldaşlar da həmişə söhbətlərə gəlirdilər. Ancaq bəzilərində çoxbilmişlik-ruh xəstəliyi vardı. Məsələn, vəzdən sonra oturub söhbət edirdik. Mən iman və Quran həqiqətlərinə dair bir neçə söz söyləyəndə, ordakılardan biri, "Sən onları keç, səhabədən danış, onları biz bilirik" kimi sözlər dedi. Nə o vaxt, nə də sonra bu yoldaşlara qaynayıb-qarışa bilmədim.
Salihliyə də gedərdim. Turqutlu yaxın olduğuna görə ora daha çox gedirdim. Dənizliyə də getdim. O dövrdə yox, amma İspartaya da getdim. Həmin il, ertəsi il qış olmasına baxmayaraq, Simav, Gediz və daha uzaq yerlərə gedib söhbət edə bilirdim.
Kəstanəbazarında beş ilə yaxın qaldım. Yoldaşlarıma nümunə olsun deyə deyirəm, bu beş il ərzində heç maddi gəliri düşünmədim. Hamamda və dəstəmazda işlətdiyim suyun pulunu da ödədim. Tələbənin haqqı olan bir müəssisədən başqa birinin istifadə etməsi düzgün deyil."
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.