Fəthullah Gülən Xocaəfəndinin “İslam dininin zənginliyi: Qiyas və ictihad” adlı beynəlxalq simpoziuma göndərdiyi məktub

Fəthullah Gülən Xocaəfəndinin “İslam dininin zənginliyi: Qiyas və ictihad” adlı beynəlxalq simpoziuma göndərdiyi məktub

Ölkə daxilindən və xaricdən “İslam dininin zənginliyi: qiyas və ictihad” simpoziumuna təşrif buyuran möhtərəm elm adamları, çox dəyərli fikir və qənaət öndərləri, əziz qonaqlar və bu bərəkətli elm məclisinin bəxtiyar dinləyiciləri!

Hər şeydən əvvəl möhtərəm heyətinizi Allahın salamı ilə salamlayır və sizlərə bəslədiyim ən səmimi hörmət hissimin qəbul olunmasını arzu edirəm. Bu günədək mədəniyyət dünyamızın zənginləşməsi yolunda böyük işlər görmüş “Yeni ümid” və “Hira” dərgiləri mədəni mirasımızın əhəmiyyətli qaynaqlarından olan, İslam dininin zənginliyindən xəbər verən qiyas və ictihad mövzusunda təşkil olunmuş simpoziumda elm adamlarını və elmsevərləri yenidən bir araya gətirdi. Cənabi-Mövladan bu bərəkətli elm məclisindən hamının yüksək dərəcədə faydalanmasını arzu edirəm.

Yüksək heyətinizə də məlum olduğu kimi, tarix boyu gələn bütün peyğəmbərlər daima tövhid, həşr (öləndən sonra dirilmə), peyğəmbərlik, ibadət və ədalət kimi təməl məsələlərdə müştərək bir yol tutmuş, füruya aid məsələlərdə isə dövrə, ümumi şərtlərə və insanlığın səviyyəsinə uyğun irşad və xəbərdarlıqlarını davam etdirmişlər. Beləlilkə, ardıcıllarına həmişə yüksək amalları hədəf göstərib onlara qüsursuz bir səmavi süfrə təqdim etmişlər.

İnsanlığın İftixarı Həzrət Məhəmmədə (sallallahu əleyhi və səlləm) gələndə isə, O, “həddi-büluğa çatmış” bəşəriyyətə Uca Yaradanın son peyğəmbəri, Quran da Onun (cəllə cəlaluhu) son kitabı və son çağrışıdır. Bu ilahi risalət bütün dinlərdə eyni olan dəyişməz əsasları xatırlatmaqla yanaşı, bütün zaman və məkanların ehtiyaclarını ehtiva edən füruata dair əmrləri bəyan etmiş və din həqiqətinə son nöqtəni qoymuşdur. Ondan sonra insan övladı Xatəm-ül-Nəbiyyinin təmsil və təbliğ etdiyi bu son kitabın işığı altında yoluna davam edəcək, inkişaf və tərəqqini bu ilahi nizamla tənzimləyəcək və onun rəhbərliyi altında mütləq həqiqət axtarışlarını həyata keçirməyə çalışacaqdır.

Bu baxımdan qiyas və ictihad Quran və Sünnənin zaman və məkanın fövqündə dayanan potensial zənginliyinin vacib bir praktik sahəsini təşkil edir. Qapılarını mərifət sahiblərinin üzünə açan bu zəngin qaynaqlardan istifadə edilən yerdə çarələr qətiyyən tükənməz.

Belə ki, keçmişdən bu günədək təfsir elminin dahi imamları, fiqh sahəsinin misilsiz müctəhidləri, dinin qərinələr aşan bənzərsiz mücəddidləri, mənəviyyat yolunun nurlu mürşidləri, kəlam, məntiq, mühakimə elmlərinin və dəqiq fənlərin biliciləri, bunlarla yanaşı müxtəlif elm sahələrində minlərlə elm adamı Quran və Sünnəni həmişə feyzli, bərəkətli, ən duru və ən səhih bir qaynaq bilmiş, onlara müraciət etmiş, onlara sığınmış, müşküllərini onların (zamanın fövqündə və zamana münasib) düsturları ilə həll etmiş və onların işığı altında yaradılış qayələrini nöqsansız şəkildə gerçəkləşdirməyə çalışmışlar.

Mədəni mirasımızın təməl mənbələrinə saf duyğulardan və ehtiyac kimi baxmaqdan qaynaqlanan bu bərəkətli məclisinizin də elmi və mədəni həyatımıza çox böyük töhfə verəcəyinə ümid bəsləyirəm. Bu hislərlə simpoziumda iştirak edən bütün iştirakçılara salam, məhəbbət və hörmətlərimi çatdırır və dualarında fəqiri də yad etmələrini təvəqqe edirəm.

M. Fəthullah Gülən

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.