Gülən və Kant: Fitri insani dəyər və əxlaqi ləyaqət haqqında

“Humanizm” kəlməsi insanı – fərdi və fərdlər qrupunu, növləri, varlıq formasını diqqət mərkəzinə yerləşdirir. Bu səbəbdən humanizm ümumi və xüsusi planda insan həyatının fitri olaraq müəyyən bəşəri dəyərləri ehtiva etdiyini uzun müddətdir, müdafiə edir. Üstəlik bir çox humanist sistemdə bu fitri ümumbəşəri dəyərə hörmət göstərilməsi təməl əxlaqın başlanğıc nöqtəsini, və ya bünövrəsini təşkil edir. Bunu ən güclü və tutarlı şəkildə XVIII əsr alman filosofu İmmanuel Kant səsləndirmişdir. İlk dəfə 1785-ci ildə nəşr olunan “Grounding for the Metaphysics of Morals” (Əxlaq metafizikasının əsaslandırılması)[*] adlı əsərində Kant “üstün əxlaq prinsipi”ni irəli sürür.[1]

O, əxlaqi davranışların şəraitdən, insanın duyğu və kaprizlə­rin­dən asılı olmasına imkan verməmək üçün bu prinsipi empirik deyil, tamamilə rasional kontekstdə şərh etməyi nəzərdə tutur.

Burada Kantın metodunu, o cümlədən empirik etikanı rasional etika ilə müqayisəli şəkildə qiymətləndirmək, yaxud da onun bü­tün arqumentlərini xülasə etmək üçün nə kifayət qədər zaman, nə də kifayət qədər yer var. Ona görə də əsas diqqəti Kantın insanların onlarda mövcud olan bir sıra fitri dəyərləri pis məqsədlərdə istifadə etməməsinin vacibliyi və əsas qayəsinin bu olması ilə bağlı mülahizələrinə ayıracağıq.

Kantın “Əxlaq metafizikasının əsaslandırılması” əsərində götürdüyü arqument üç əsas məfhumu mərkəz olaraq qəbul edir: ağıl, niyyət (iradə) və vəzifə. Bu üç anlayış özünəməxsus şəkildə bir-biri ilə əlaqəlidir və Kant öz əxlaq fəlsəfəsinin məzmununu formalaşdıra-formalaşdıra məntiqi ardıcıllıqla bu məfhumların birindən digərinə keçir. O, “niyyət”lə başlayır. Hər cür əxlaq norması üçün niyyət, xüsusilə də, yaxşı niyyət vacibdir. Kant bunu məqaləsinin elə ilk hissəsində vurğulayır:

“Yaxşı niyyət istisna olmaqla, bütün dünyada və hətta dünyadan kənarda hər hansı bir meyara vurulmadan bir şeyin qeyd-şərtsiz yaxşı olduğunu düşünmək mümkün deyildir. Ağıl, zəka, mühakimə və cəsarət, qətiyyət, mətanət kimi hər cür qabiliyyət, şübhəsiz, bir çox cəhəti ilə yaxşı və arzuediləndir. Amma əgər təbiətin bütün bu ərmağanlarını yararlı edən, öz xüsusi terminologiyasında xarakter adlandırılan niyyət yaxşı deyilsə, bunların hamısı həddindən artıq pis və zərərli ola bilər... Saf və yaxşı niyyətdən məhrum olan, ancaq daim rifah içində yaşayan bir varlığın görkəmi məntiqli və bitərəf bir tamaşaçını heç vaxt məmnun etməz. Bu səbəbdən yaxşı (təmiz, xoş- tərc.) niyyət xoşbəxtliyin əvəzsiz şərti kimi görünür”.[2]

İnsan hansı qabiliyyət və ya potensiala sahib olur-olsun, yaxşı niyyət olmadan heç bir “yaxşı” şeyin reallaşması mümkün deyildir. Yaxşı niyyət xarakter kimidir və əxlaqi davranışlar üçün əvəzsiz şərtdir. Kant analizinə “ağıl” məfhumuna keçməklə davam edir. Onun fikrincə, ümumiyyətlə, ağıl insanı heyvanlardan ayırır, insanla digər canlılar arasında əsas fərqi meydana gətirir. Kant, əsasən, bu prinsipi götürür: təbiətdə və ya hər hansı mütəşəkkil varlıqda elə bir ünsür yoxdur ki, ən ali qayəyə xidmət etməsin. Başqa sözlə desək, hər bir orqanın bir məqsədi var və o, həmin məqsədi canlının digər bütün orqanlarından daha yaxşı yerinə yetirir. Kant ağılı da bir orqan kimi təsvir edir və insan üçün hansı məqsədi daşıdığını soruşur:

“Əgər o varlığın mühafizəsi, rifahı və ya bir sözlə, xoşbəxtliyi ağıl və niyyət örnəyində təbiətin əsl qayəsi olsaydı, o zaman təbiət varlığa öz məqsədini həyata keçirmək üçün çox zəif strukturlu ağıl verərdi. Belə bir varlığın həmin məqsədi reallaşdırma istiqamətində həyata keçirməli olduğu bütün hərəkətləri və riayət etməli olduğu bütün davranış qaydalarını instinktlə izah etmək daha münasib olardı. Və sözügedən məqsədə ağıla nisbətən instinkt yolu ilə daha dəqiq çatmaq mümkün olardı”.[3]

Burada Kant vurğulayır ki, bizim mühafizəmiz və ya rifahımız kimi xarakterizə edilən xoşbəxtliyə nail olmaq insanlarda və ya iradə və ağıla sahib varlıqlarda ağılın funksiyası deyildir. Rifahı ağılla əldə etmək olar, onu, eyni zamanda qorunma və ya xoşbəxtlik instinkti ilə (eynilə heyvanlarda olduğu kimi) hətta ağıldan da yaxşı əldə etmək mümkündür. Bu səbəbdən Kant: “Mövcudluğun daha fərqli və daha dəyərli bir məqsədi var; bu məqsəd üçün nəzərdə tutulan xoşbəxtlik ağılın təsəvvür etdiyi xoşbəxtlikdən daha üstündür,”[4] – deyir və “ağılın məqsədi yaxşı niyyəti inkişaf etdirməkdir” nəticəsinə gəlir. O, bunu belə ifadə edir: “Ağılın ən yüksək praktiki funksiyası yaxşı niyyəti ortaya qoymaqdır; ağıl ancaq bu məqsədi reallaşdırma yolu ilə öz-özünü qane edə bilir”.[5]

Yaxşı niyyət nədir? Onu necə izah etmək olar? Kant yaxşı niyyəti hər hansı bir şərt və ya duyğu ilə deyil, yalnız vəzifə hissi (məsuliyyəti – tərc.) ilə hərəkət etmə qabiliyyəti kimi xarakterizə edir. Bəlkə də, bu izah bizə Kantın məqaləsindəki əsas fikrin predmeti barədə ipucu verir. Bu əsas fikir əxlaqın sağlam bünövrəsini axtarıb tapmaqdır. Kantın fikrincə, zövqə, xoşbəxtliyə və ya duyğulara əsaslanan əxlaq sistemləri etika üçün möhkəm bünövrə təşkil edə bilməz, çünki bunlar müvəqqətidir və insanın həyatında baş verən bir çox dəyişikliklərdən asılıdır. Duyğularımız şərtlərdən və şəraitdən asılı olaraq dəyişə bilər. Əvvəllər bizə zövq verən şeylərdən artıq zövq almaya bilərik. Bu dəyişikliklərin fani həyatımıza və varlığımıza kiçik təsirləri də mümkündür. Amma bunlar əxlaq aləmində böyük nəticələr doğura bilər. Əxlaq bizim insanlarla davranışlarımızı müəyyənləşdirir. Buna görə də bu müəyyənləşdirici prinsiplərimiz hislərə və ya zövqlərə əsaslanarsa, bizim ruhi-mənəvi halımıza, kaprizlərimizə və ya şərtlərimizə təsir edib onları dəyişdirə bilər. İnsanlarla münasibətlərdə gerçəyi söyləməyi və ya şəfqətli, yaxud da ədalətli olmağı istəməyə bilərik. Kantın fikrincə, əxlaqı hiss və ya zövqlə əsaslandırmaq evi sürüşkən qum üstündə inşa etmək və dolaysilə, hər şeyi təhlükəyə atmaq deməkdir. Buna görə Kant əx­laq üçün daha möhkəm bünövrə axtarır və bu təməli insan həyatında birgə fəaliyyət göstərməsinə görə ağıl, niyyət və doğru anlaşılan vəzifədə tapacağına inanır.

Buna görə də, Kantın fikrincə, yaxşı niyyət olmadan yaxşının olması mümkün deyil və insan ağlının əsas məqsədi də insanların hiss və zövqlərin, eləcə də şəraitin təsirinə düşmədən, yalnız vəzifə düşüncəsi ilə hərəkət etmə qabiliyyətini daşıyan niyyəti inkişaf etdirməkdir. Kant bu tədqiqatının böyük bir hissəsini ağıl, niyyət və vəzifə kimi üç əsas anlayışı, bu anlayışların bütün davranış və düşüncələrə rəhbərlik edən üstün əxlaq prinsipini meydana gətirəcəyini, bu əxlaq metafizikası çərçivəsində daşıdığı funksiyanı açıqlamağa ayırır. Kant bu üstün prinsipə “qəti imperativ” (qeyd-şərtsiz əmr) adı verir və onu əsərində bir neçə formada təqdim edir. Ən məşhur forması isə belədir: “Universal bir qanuna çevrilməsini istədiyim prinsipin çərçivəsindən kənara çıxmamalıyam”.[6]

Bütün bunların insanın təbiətində mövcud olan insani dəyərlə nə əlaqəsi var? Kanta görə, rasional varlıq olan insan təbiəti eti­ba­rilə əxlaqın təməlinə, dolaysilə, təbii dəyərə də malikdir. Buna görə də rasional amil olan insandan kənarda heç bir praktiki “əxlaqi yaxşı” anlayışından söhbət gedə bilməz, çünki yalnız insan şüurlu olaraq “əxlaqi yaxşı”nı müəyyənləşdirə və universal əsasda tətbiq edə bilər. Rasional varlıq öz daxilində universal əxlaq qanununu müəyyənləşdirə bilən varlıqdır. Dəyər prinsiplərini ortaya qoyan belə bir varlıq ya öz-özlüyündə bir dəyərdir, ya da yaxşıdır. Kantın ifadəsi ilə desək, “rasional təbiət öz daxilində bir son məqsəd kimi var olur”.[7]

Həqiqətən də, Kant mütləq zəruriliyin bu prinsipə əsaslanan versiyasını irəli sürür: “İstər öz şəxsində, istərsə də başqasının şəxsində – insanlığa daima bir son məqsəd kimi yanaş, əsla bəsit bir vasitə olaraq deyil”.[8] Kant öz təsəvvüründə bir “son məqsədlər krallığı”ı canlandırır. Bu krallıq elə bir cəmiyyətdən ibarətdir ki, burada insan oğlu rasional (şüurlu və məntiqli-red.) bir ünsür olaraq universal əxlaq qanunlarını sadəcə bir vasitə kimi deyil, öz daxilində son məqsəd kimi qəbul etməklə öz əxlaq prinsiplərini ərsəyə gətirir. Kantın “son məqsədlər krallığı”nda əşyanın ya bir qiyməti və ya bir ləyaqəti, bir bazar dəyəri, yaxud da təbii dəyəri vardır. Kant bunu belə açıqlayır:

“Hər bir qiymətli şey başqa bir ekvivalenti ilə dəyişdirilə bilər. Digər tərəfdən, bütün dəyərlərin fövqündə dayanan, dolayısilə, heç bir ekvivalentlik qəbul etməyən şey bir ləyaqətə malikdir. İnsanların ümumi istəkləri və ehtiyacları ilə əlaqədar olan hər şeyin bir bazar qiyməti vardır; ... Bir şey bir mühitdə öz daxilində son məqsəd olursa, demək o, təkcə nisbi dəyərə, yəni qiymətə deyil, bir təbii dəyərə, yəni ləyaqətə malikdir. Əxlaq elə bir mühitdir ki, orada rasional öz daxilində son məqsəd olur. Çünki ancaq o (əxlaq), bu mühitdə rasional “son məqsədlər krallığı”nın “qanunverici” bir üzvü ola bilər. Bu səbəbdən də əxlaq və əxlaqı meydana gətirə bildiyi nisbətdə insanlıq öz-özlüyündə ləyaqət sahibi ola bilər. Qabiliyyət və səylərdə həssasılığın bir bazar qiyməti vardır; hazırcavablıq, canlı xəyal gücü və yumor duyğusu hissi dəyərə malikdir; amma sözünə sadiq olmaq və (instinktə deyil) prinsiplərə əsaslanan xeyirxahlıq təbii dəyərə malikdir”.[9]

İnsani dəyərdə sövdələşmək olmaz, çünki o, bazar münasibətləri ilə tənzimlənərək alına və ya satıla bilən, yaxud da dəyəri nisbi müəyyənləşdirilən bir şey deyildir. Kantın insan düsturu insanın davranış meylinin “ləyaqət kimi xarakterizə edilməsinə” imkan verir “və bu ləyaqəti əvəzsiz elan edərək bütün dəyərlərin fövqündə tutur”.[10] Onun fikrincə, “rasional təbiət təbiətin digər hissəsindən özünü bir son məqsəd kimi ortaya qoyması faktı ilə fərqlənir”.[11] Dolayısilə, qəti imperativin başqa bir yönü də budur: “Rasional varlıq bütün davranış düsturlarının zəminini təşkil etməlidir və beləliklə, ondan bir vasitə kimi deyil, bütün vasitələrin istifadə şərtlərinin ən ali tənzimləyicisi kimi daima və bir məqsəd olaraq istifadə olunmalıdır”.[12]

Yuxarıda göstərildiyi kimi, şüurlu varlıqlar (yəni insanlar) birbaşa məqsəddir, başqa birinin məqsədinə nail olma vasitəsi deyil. O, başqasının öz hədəfini, gündəmini, ya da ideologiyasını reallaşdırmasında bir vasitə kimi istifadə oluna bilməz. İnsanları bu cür işlərin icrasına cəlb etsək belə, onlarla sadəcə bir layihənin icraçıları­ kimi rəftar etməməliyik. İnsanlar başqalarının layihəsinə fayda verib-verməməsindən asılı olmayaraq, hər zaman öz-özlüyündə son məqsəd, təbii dəyər və ləyaqət sahibidir.

Kant bu tezisləri irəli sürərkən öz dövrü üçün son dərəcə radikal ifadələr işlətmişdir. O, bir mənada bir nəsil və ya daha uzun müddət əvvəl hakimiyyət strukturunun monarxiyanın müqəddəsliyinə deyil, idarə olunanın, yəni siyasi cəmiyyətin azad iradəsinə əsaslanmalı olduğunu müdafiə edən Con Lokk kimi filosofların başlatdığı unikal bir mübahisəni inkişaf etdirir. Bu cür arqumentlərin qavranılmasının və məntiqcə tutarlı olmasının yeganə yolu bəşər övladına insan kimi dəyər verilməsidir. Qeyd edək ki, Kant xristian olsa da, insani dəyər anlayışını dinlə əsaslandırmır. Lokkun arqumentləri də – xristianlığa mənsub olmasına baxmayaraq – xristian mahiyyətli deyildir. Hər iki filosof insani dəyər arqumentlərini mümkün qədər qaydalardan – onlar bu qaydaları dinin kaprizləri hesab edirdilər – uzaq tutmaq üçün qeyri-dini məzmundan çıxış etmişdilər. Və unutmayaq ki, onların ikisinin də yaşadığı dövrdə Avropanın hər yerində dini zəmində qarşıdurmalar tüğyan edirdi, insanlar çəkdikləri zülmü heç kimə şikayət edə bilmirdilər və onları dövləti müqəddəslik hüququ ilə idarə edən monarxın dininə inanmadıqları üçün öldürürdülər. Üstəlik, Kant çox vaxt dini müşayiət edən emosionallığın fərqində idi və buna görə də dini inancı bütün insanların təbii ləyaqətini də ehtiva edən əxlaq prinsipləri üçün kifayət qədər sabit təməl hesab etmirdi. “Tam ağılın hüdudları içində din” (Religion Within the Limits of Reason Alone) adlı bir əsər yazaraq dini təcrübə və görüşləri dini hiss və təhsildən fərqləndirməyə çalışdı və bunun əvəzinə bu duyğuları bir əxlaqi xarakterin xüsusi olaraq yetişdirilməsi və prinsiplərə söykənən etik davranışlarla əlaqələndirdi. Onun bu əsərində əsas qayğısı insan təbiətində mövcud olan dəyəri ən universal şəkildə vurğulamaq və beləcə sabit bir əxlaqın bərqərar olmasını təmin etməkdir. Və o, bütün insanların ağıl yolu ilə bu dəyərə sahib olduğuna inanırdı. Belə bir əxlaq idarəçilərin dəyişməsi, yeni dinlərin qəbul edilməsi, fərdi zövq və istəklər də daxil olmaqla, həyat şəraitində baş verən dəyişikliklərin təsirinə məruz qalmayan bir dünyada mümkündür.

Kantın da bir parçası olduğu Qərb maarifçiliyi XIX əsr və sonrakı dövrdə radikal dəyişiklikləri gerçəkləşdirən fitri insan ləyaqəti haqda fikirləri müdafiə etdi. Əlbəttə, bu fikirlər yalnız Qərb maarifçiliyinə xas deyildir, dünyanın müxtəlif yerlərindən mütəfəkkirlər və yazarlar da öz mədəni, dini, və ya fəlsəfi perspektivi­ çərçivəsində bu cür görüşləri dilə gətirirdilər. Məsələn, İslam alimləri əsrlərdir, dünyanın müxtəlif bölgələrində Quranın fitri insani dəyəri və əxlaqi ləyaqət haqqında bəyanlarını şərh edirlər. Gülənin əsərləri insanın üstün gözəlliyə və dəyərə malik olduğunu vurğulayan İslam düşüncəsinə bir nümunədir. Həqiqətən də, Gülən insanın ləyaqəti haqqında fikirlərində ilk növbədə Qurana və digər İslam qaynaqlarına əsaslanır. Gülən bu kimi tezisləri başqa vasitələrlə və ya başqa qaynaqlardan toplayıb sonradan Qurana istinad etmir. Əksinə, cihad, zorakılıq, terror və insan həyatına hörmət kimi yalnız müsəlmanları deyil, bütün bəşəriyyəti maraqlandıran məsələlərlə bağlı Qurana əsaslanır. Onun əsərlərinin bu mövzularla bağlı hissələrində Kantın fikirləri ilə yaxınlıq daha aydın görünür. Ancaq şübhəsiz ki, hər iki mütəfəkkir fitri insani dəyər və əxlaqi ləyaqətə dair özünəməxsus ifadə formalarını tamam fərqli perspektivlərdə inkişaf etdirmişlər.

Gülən əsərlərinin hamısında bəşər övladının üstün dəyərindən danışır. Bir yazısına bu güclü ifadə ilə başlayır:

“Allahın isim, sifət və fellərinin ən əsaslı nöqteyi-mihrakiyəsi (Bir çox İlahi isimlərin bir nöqtədə təcəlli etməsi), ən parlaq aynası,­ var­lıq ağacının ən mükəmməl meyvəsi, bütün kainatın mayası, üsarəsi sayılan insan möhtəvi dərinliyi və daxili zənginliyi etibarilə bütün məxluqata bərabər, damla görünüşündə bir dərya, zərrə çərçivəsində bir günəş, nöqtə ölçüsündə nəhəng bir qəsidə və dırnaq qədər boyu ilə bütün varlığın atlası, ən bəlağətli xütbələr tutumunda inkişafa mail bir kəlmeyi-camiə (geniş məzmunlu kəlmə) və bir sirri-ilahidir”.[13]

Gülən təsbitini belə davam etdirir:

“Əşya ancaq onun idrak və bəsirət nuru sayəsində tamaşa edilən bir məşhərə, oxunan bir kitaba çevrilmişdir... o (insan) bu potensial zənginlik və dərinliyi ilə bütün kainatların ruhu və bütün əşya içində Yaradanı ən dəqiq və iltibassız (oxşar şeyləri bir-birinə qarışdırmadan) göstərən ... ən sadiq şahididir”.[14]

Bu bölmədə düşüncə silsiləsini belə tamamlayır:

“Bu ucsuz-bucaqsız kainatlar tərkib dəyəri, zaman dəyəri, ibda (yox­dan yaradılış) və inşa (mövcud olanlarla yaradılış) dəyəri ilə insanla əlaqələndirildikdə onun qiymətinin bütün varlıqlardan üstünlüyü öz-özünə ortaya çıxar... İslama görə, insan insan olduğu üçün üstündür”.[15]

Məhz bu paraqraflarda Gülən insan oğlunun mələk, ya da heyvana nisbətən ən yüksək dəyərə malik olmasını onun kainatın şahidi və tərcümanı mövqeyi ilə izah edir. İnsan şahid olaraq Allahın müəyyən sifətlərinin aynası, ilahi kainat kitabının əksidir. İnsan olmadan nə kainatın dərk edilməsi, nə də onun başqası tərəfindən idrakı mümkündür.

Gülən başqa yerlərdə insanın kainatın mərkəzi və anlamı olduğunu və bu cəhətləri ilə mələklərdən də üstün dəyərə yüksəldiyini təkrar edir. Həyat insanların fəaliyyət və anlayışları vasitəsilə bir məna qazanır. Gülən bunu belə ifadə edir:

“Varlığın mayası, üsarəsi insan, kainatların föhrüstü və xülasəsi də insandır. Mövcudatın mərkəz nöqtəsində insan dayanır; canlı-cansız digər varlıqlar isə onun ətrafında iç-içə halqalar təşkil edirlər. Belə ki, Uca Yaradan bir mənada hər varlığı ona bənd etmişdir… İnsan məzhər olduğu nemətlərə görə, bütün varlıq içində əşyanı, hadisələri və təbii ki, hər şeyin arxasında Sonsuz Qüdrətin dayandığını söyləyən bir lisan və kainatlar qədər geniş bir könüldür. Varlıq onunla şərh olunmuş, maddə onun idrakı sayəsində incəlmiş və məna olmuşdur. Onun əşyanı tamaşa etməsi tamamən bir özünəməxsusluq, kainat kitabını oxuyub şərh etməsi bir imtiyaz və hər şeyi Yaradana istinad etməsi də bir mərifətdir. Bu üfüqü eti­barilə onun susub müraqibəyə varması bir təfəkkür, ağzını açıb danışması bir hikmət, hər şeyi şərh edib son nöqtəni qoyması da bir məhəbbətdir”.[16]

Ancaq Kanta görə, rasional varlıq olan insan sayəsində dünyada əxlaq qanunları mümkün olur və müəyyənləşir. Kant buna əsaslanaraq insan oğlunun dünyaya gələrkən gətirdiyi dəyərləri müdafiə etdiyi halda, Gülən insan oğlunun dəyərini müdafiə edir. Bu insan oğlu səviyyəsindən asılı olaraq, Allahın yaradılış kitabını əks etdirir və varlığın möcüzələrini dilə gətirir. Hər iki halda insanlar – fərd və qrup şəklində – yaradılışın təməl ünsürləri olaraq əvəzedilməz faktorları təşkil edir: bir örnəkdə insan rasionallığına əsaslanan əxlaq vasitəsi ilə, digərində isə Allahın isim və sifətlərinə ayna olmaqla bütün bilik, hikmət və sevgisi sayəsində bu məqama yüksəlir.

Üstəlik, Kant kimi Gülənə görə də bir cəmiyyətdə insanlara qarşı edilən bir hərəkətin qanuni və ya qeyri-qanuni olub-olmaması yenə insanın dəyər və izzəti ilə müəyyənləşir. Lakin Gülən Kantın əksinə olaraq, tezislərini təkcə ağılla deyil, eyni zamanda Quranla əsaslandırır. Gülən Quranda insan haqları haqda bir yazısında İslamın ən üstün universal insan haqları anlayışına sahib olduğunu və heç bir başqa din, sistem və ya məzhəbin bu anlayışa çata bilmədiyini irəli sürür. Gülənə görə:

“İslam bir insanın öldürülməsini bütün insanların qətlə yeti­ril­məsi kimi qəbul edir, çünki bir insanın öldürülməsi hər kəsin öldürülə biləcəyi fikrini doğurur”.[17]

Gülən bu mülahizəsini əksər din və fəlsəfə mütəfəkkirlərinin də mənimsədiyi ortaq bir metodla isbat edir: bəlkə də, insanları öldürənləri, cəmiyyəti yox etməyə çalışanları öldürmək haqdır. Bu hallarda öldürmək cinayət deyil, cəzalandırmaq, ya da özünü müdafiədir. O, bu mövzuda İslami yanaşmanı başqa yerlərdə belə açıqlayır:

“İstər kişi, istərsə qadın, istər gənc, istərsə yaşlı, istər ağ, is­tər­sə də qara olsun, insana hörmət göstərilməli, qorunmalı və ona zərər verilməməlidir. Onların mallarını əllərindən almaq, iffətinə zərər vemək olmaz. Onları yurdundan, el-obasından çıxarmaq və azadlıqlarını inkar etmək olmaz. İnsanlar öz prinsipləri ilə yaşamadan da məhrum oluna bilməz. Üstəlik, insanların bir-birinə qarşı bu cür cinayətləri işləməsi qadağan edilmişdir. Onların Allahın bəxş etdiyi bu (insanlıq) əmanətinə zərər vermək haqqı da yoxdur, çünki bu nemətlər onların əlində müvəqqətidir. Allah hər şeyin həqiqi sahibidir... İnsanlar bu əmanəti müdafiə etmək və qorumaq məcburiyyətindədirlər. Bu əmanət onlar üçün müqəddəsdir, bu əmanətə zərər verə bilməzlər, zərər verilməsinə izin verə bilməzlər. Lazım gəldikdə bu yolda vuruşmalı, ölməlidirlər”.[18]

Burada Gülən yenə insanı Allahla əlaqələndirərək ona dəyər qazandırır. İnsanlıq, ya da insan olmaq elə bir əmanətdir ki, nə ona xələl gətirmək, nə də onu çirkləndirmək olar. Buna görə insanlıq insanları qoruma və onların təhlükəsizliyini təmin etmə kimi zəruri müsbət davranışların yerinə yetirilməsinin və eyni zamanda insanlara zərər vermə, yaxud da onların mallarını oğurlama kimi zərərli əməllərin qadağan edilməsinin əsasını təşkil edir. Gülən bu zərərli əməlləri sevgi ruhunun birbaşa ziddi, əksi hesab edir. Gülən sevgi ruhunu İslamın qəlbinin mərkəzi kimi izah edir:

“Əslində, sevgi bizim inanc və könül dünyamızın da solmaz gülüdür. Hər şeydən əvvəl, Haqq-Təala kainatı məhəbbət ərişləri üzərində bir naxış şəklində hördüyü kimi, varlığın köksündə daima ən ovsunlayıcı bir əda ilə səsləndirilən musiqi də yenə sevgidir”.[19]

Bu sevgi o zaman təməl humanizmə çevrilir ki, insanlar qəlbən başqa insanlara, eləcə də bütün varlığa sevgi hisləri bəsləyir və bu sev­gini dünyaya dəstək və xidmət yolu ilə ortaya qoyurlar. Məhz bu­­­dur təməl humanizm. Gülənə görə, bu amil, bu anlayış İslamın qəlbindədir. Ancaq təəssüf ki, bu fikri ya görməməzliyə vurmuş, ya da təhrif etmişlər. Gülən bunu belə izah edir:

“Humanizm müasir dövrdə haqqında yerli-yersiz danışılan, bir çox mənaya yozulmağa və istismara əlverişli bir sevgi və insanlıq anlayışıdır. Bəli, bir tərəfdən anarxiya və terrora qarışan, ölkənin birliyinə və bütövlüyünə xələl gətirən, hətta ölkəni bölmək istəyən, kökü (keçmiş) əsrlərə gedib çıxan bu ölkə və bu ölkə insanının varlıq və bəqası əleyhinə cəbhə açıb təxribat törədən insanlara “onlara acımaq, rəhm etmək lazımdır” deyib, digər tərəfdən, insanların göz ya­şına baxmadan məsumları öldürənlərə və ən dəhşətli vəhşəti törədənlərə seyrçi qalanların bu qəribə davranışını humanizmlə izah etmək (eyniləşdirmək) çox çətindir”.[20]

Burada Gülən humanist olduğunu iddia edən bir çox modernist (ideoloji) hərəkatın dərin ikiüzlülük və zorakılığına işarə edir. Həmçinin din adından dəhşətli əməllər törədən insanlardan da danışır. Hər iki halda da itirilən, əslində, hər ikisinin orijinal təməlini təşkil edən həqiqi “sevgi və insanlıq doktrinası”dır. Gülənin bu fikrinə görə, İslam gerçək humanizm və insan sevgisini ehtiva edir. Yeganə fərq budur ki, İslamda gerçək humanizm və insan sevgisi Qurandan qaynaqlandığı halda, humanist fəlsəfədə digər mənbə və ya modellərdən törəyir.

Gülən tamam fərqli çərçivəyə, yəni İslamın dini-fəlsəfi dünyagörüşünə mənsub olsa da, sanki, Kantçı analiz ruhunu əks etdirir. İnsanlığın təbii dəyəri və hətta müqəddəsliyi hərtərəfli müdafiəni tələb edir və bu dəyərə hər hansı bir şəkildə xələl gətirilməsini qeyd-şərtsiz qadağan edir. Qərbdə Kantın (və Lokkun) fitri insan ləyaqəti və fundamental hüquqlara dair fikirləri modern milli dövlətin liberal demokratiyasında öz siyasi əksini tapır. Müsəlman toplumlar isə insan ləyaqətinə bağlılığını başqa yollarla göstərir. Qərblə İslam ölkələri arasında bu fərqli xüsusiyyətlərə baxmayaraq, Gülən ümumiyyətlə İslamla demokratiya arasında struktur ba­xımından uyğunsuzluq olmadığını müdafiə edir. Fərqli başlanğıc nöqtələrinə (biri dini, digəri dünyəvi) istinad etsələr də, hər iki görüş insan həyatı və haqlarına təminat vermə məsələsində uzlaşır. Gülənə görə, İslam demokratiyanı bir çox yöndən inkişaf etdirə bilər. Ona görə müasir dövrdə demokratiya Gülənin fatalist kimi xarakterizə etdiyi dialektik materializm və tarixilik problemli fəlsəfələrlə əlaqələndirilir. Bundan başqa, demokratiya cəmiyyətin bütövlüyünə zərər vuran güclü fərdiyyətçiliyi də doğura bilər. Gülən yenə də İslamda “bütün haqlar əhəmiyyətlidir və fərdin haqlarını cəmiyyət xatirinə qurban vermək olmaz”[21] sözü ilə fərdiyyətçiliyi inkar etmir. Son təhlildə Gülən qeyd edir ki, İslam din mənşəli hərtərəfli prinsiplər toplusu olub getdikcə təkmilləşən və inkişaf edən demokratiyaya rəhbərlik edə biləcək imkanlara malikdir:

“Demokratiya müəyyən zaman ərzində ortaya çıxan, inkişaf edən və etməli olan bir sistemdir; bu günə qədər müxtəlif mərhələlərdən keçdiyi kimi, bundan sonra da müxtəlif mərhələlərdə inkişaf edəcək, təkmilləşəcək və müntəzəm şəkildə daha humanist, daha çox haqqa və həqiqətə söykənən, daha ədalətli bir sistemə çevrilmə istiqamətində irəliləyəcəkdir. Əgər bu çərçivədə o, insanı bütün yönləri ilə götürsə, inkişaf mərhələsində onun ruhi və ya mənəvi yönlərini də nəzərə alaraq bu ehtiyaclarını da ehtiva etsə, hətta insanın əbədiyyətə namizəd və əbədiyyət arzusu ilə yaşayan bir varlıq olduğunu düşünərək öz sahəsini genişləndirib əbədi həyatı da əhatə etsə, hər halda daha sabit və bütün insanlığa xoşbəxtlik gətirən bir kamal nöqtəsinə doğru irəliləyə biləcəkdir. O, bu istiqamətdə İslamın bərabərlik, xoşgörü (tolerantlıq) və ədalət düsturlarından dəstək ala bilər”.[22]

İslam demokratiyanın hansı nöqsanlarını aradan qaldıra bilər? Gülən bunu aydın görür. Bu nöqsanlar xüsusilə, insanlıq problemləri və insanların necə başa düşülməsi xüsusları ilə bağlıdır. Demokratiya həyatın və insan təbiətinin mənəvi tərəflərinə laqeyd yanaşır. Burada Gülənin fikri Kantdan fərqlənir. Çünki Kanta görə, heç bir səbəb olmadan, ədalət və əxlaq sistemi də daxil olmaqla bütün cəmiyyətin mənşəyini dini dünyagörüşlə əlaqələndirmək cəmiyyəti zorakılıqdan çəkinməyən vicdan və dinin öhdəsinə buraxmaqdır. Digər tərəfdən, Kant müzakirəli şəkildə (Gülənin müdafiə edə biləcəyi) insanların təbiətində mövcud olan dəyəri müqəddəs həqiqət kimi ucaldan və dolayısilə, daha çox müqəddəsliyi və hörməti özündə cəmləyən dini dünyagörüşlərin nəticələrindən məmnun qalacaq. Yalnız belə bir dünyagörüşün onun görmək istədiyi kimi möhkəm bir təmələ söykənmədiyini, duyğulara və ya isbat olunmamış dinə əsaslandığını söyləyəcək.

Bütün bunları nəzərə almadan, istər Qərb maarifçi mütəfəkkirlərinin, istərsə də Quranı təfsir edən müsəlman və ya qeyri-müsəlman alimlərin insanın əxlaqi ləyaqətinin fitri dəyəri ilə bağlı mülahizələrinin müasir dövrdə həyati əhəmiyyət daşıdığını söyləmək yerinə düşür. Mülahizələr təkbaşına və öz-özlüyündə heç bir şeyin öhdəsindən gələ bilməz. Tarixdən də məlum olduğu kimi, insanlar “insanlıq”, “insan haqları”, “ortaq dəyər insan” kimi yüksək və ülvi şüarlar altında toplana bilirlər; sonra da ehtiram göstərməli olduqları insanlara qarşı qırğınlar törədə və hətta soyqırıma cəhd edə bilirlər. Bu dərin ikiüzlülük və yanılma xüsusiyyəti insan həyatının başına bir bəladır. Amma insanlar bu cür mülahizələrə səmimi və gerçək mənada bağlanaraq davranışlarını onların əsasında müəyyənləşdirsələr, mədəniyyət və cəmiyyət daha az vəhşi, daha qansız və daha az zalım olar. Tarix bizə zorakılıq və soyqırımlarla yanaşı, fitri insan dəyərini siyasi və mədəni mövcudluğundan üstün tutan toplumların öz fərdləri üçün bir mənada sülh və sabitlik təmin edə biləcəyini və bu kimi toplumların bəşər keçmişinin bütün mərhələlərində ortaya çıxdığını göstərir. Həmin toplumların sonradan təzyiq və soyqırımlara məruz qalması daha çox onların fitri insan dəyərindən və əxlaqi ləyaqət prinsiplərindən uzaqlaşmasından qay­naqlanır.

İnsanlığın təbii dəyər və ləyaqətini təsdiq etməklə, əslində, bilvasitə insanlığı ucaldan və davam etdirən şərtləri də təsdiqləmiş oluruq. İnsanlığa dəyər vermək insanı yetişdirən fərd və qrupları ən mükəmməl şəkildə inkişaf etdirən siyasi, sosial, mənəvi, fəlsəfi struktura inanmaq deməkdir. Bu şərtlərdən biri azadlıqdır: insanın uyğun hesab etdiyi tərzdə düşünmək, öyrənmək, ifadə etmək və yaşamaq azadlığı. Və elə növbəti fəslin mövzusu da budur.

Qaynaqlar* Mete Tuncay, Türkiye Felsefe Kurumu: İstanbul, 1995. (tərc.)
[1] Kant, Əxlaq metafizikasının əsasları, s.5
[2] Adı çəkilən əsər (A.ç.ə.) səh. 7
[3] A.ç.ə., s.8
[4] A.ç.ə., s.9.
[5] A.ç.ə., s.9.
[6] A.ç.ə., s.14.
[7] A.ç.ə., s.36.
[8] A.ç.ə., s.36.
[9] A.ç.ə., s.40-41.
[10] A.ç.ə., s.41.
[11] A.ç.ə., s.42.
[12] A.ç.ə., s.43.
[13] Gülen, Toward a Global Civilization of Love and Tolerance, s.112.
[14] A.ç.ə., s.112.
[15] A.ç.ə., s.113.
[16] A.ç.ə.,s.116.
[17] A.ç.ə.,s.169.
[18] A.ç.ə.,s.114.
[19] A.ç.ə.,s.8.
[20] A.ç.ə.,s.8-9.
[21] A.ç.ə., s.221.
[22] A.ç.ə., s.224.
Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.