Dünəndən bu günə

Qüdrət əli hörmüşdü bizi. İlahi idi toxunuşumuz. Sağlam qaydalar üzərinə elə oturmuşduq ki, Çin Səddi ayaqlarımızın dibində qalırdı. Varlığın maddə və məna ucları bizdə birləşir; ərşiyələr, fərşiyələr (göy və yer üzünə aid olanlar) bunun sayəsində işığa çıxır və aydınlığa qovuşurdu. Qədim Roma nizam və intizamı ilə; Afina elmi potensialı ilə qapı qulumuz olub, bizdən ərkan (əsaslar, təməllər) dilənirdi. Əsgərlik bizim kazarmamızda, idarə bizim saraylarımızda, çölü qəsvətli saraylarımızda.. cəmiyyət, bizim toplumumuzda səmanın rəngini alır, səmalaşır, səmaviləşir və min cür varlıq cilvəsi göstərirdi. Yollar qıvrıla-qıvrıla bizə baş çəkir; karvanlar ölkəmiz üçün "şəddi-rihal" (səfər məqsədi ilə heyvana palan vurma) edərdi. Krallar gəzintilərini bizim yamac və sahillərimizdə təşkil edər, sərvətlər çay olub ölkəmizə axardı. İrəmlər (Çox qədim dövrlərdə Yəməndə Ad qövmünün hökmdarı Allaha üsyan edərək Cənnətə bənzətmək iddiası ilə İrəm bağını saldırır, bu bağdakı köşkünə girmədən qövmü ilə yəni tərəfdarları ilə birlikdə Allahın qəzəbinə düçar olub, yerin dibinə batır), "Taqi- Kəsralar" (Ənuşirəvanın tikdirdiyi məşhur tağ) kəmərimizdə bir toqqa, üzüyümüzə bir qaş olmuşdu. Həyat nizamımız, ictimai ahəngimiz, maddi rifahımız, hüzurumuz, əmin-amanlığımız və ümidlərimizlə "günəş dövlətləri"ni, "utopiyaları", "əl-Mədinətül-Fazilə"ləri (“İdeal dövlət”-Farabinin əsəri) sanki bir prizma süzgəcindən keçirərək mənimsəmiş, xəyalda varlıq cilvəsi göstərməyə müvəffəq olmuşduq. "Ali qövmdük, səma peyma (ölçən) idik, iftixar qaynağı idik" bütün tarix boyu.

Sonra bir qanlı kabus, qorxunc bir əjdaha su mənbəyimizin başında oturdu, bağ və bostanımızı qurutdu. Ümumi bir tənəzzül və süqut başladı. Bürclər çökdü, qalalar yıxıldı, göllər qurudu, yollar xarab oldu. Xanimanlar (ev-eşik) dağıldı, ocaqlar söndü, ikinci bir Orta Asiya köçü başladı. Köç vardı, lakin hara gedəcəksən.! Bir sənin yurdunda deyil, gedəcəyin hər yerdə yanğın və dağıntı vardı.

Köçmədik, qaldıq və başımıza yıxılan ümranın (mədəniyyətin) bizə məzar olmasını gözlədik. Üfüqümüzdə ümidverici bir şəfəq, səmamızda ümid qığılcımı yox idi. Torpaq həyatsız, səma qupquru idi və bir qiyamət səhəri gözləyirdi hər kəs.

Gözlənilməz bir şey oldu qəflətən. Buludun gözü damla-damla doldu... Torpaq sinəsini açdı, qabardı. Rüşeymlər qiyafələrini geyib bahar nərələri çəkməyə başladı. Toxumlarda sancılar başladı. Yumurtalar kürtə qoyuldu və bizlər hər vadidə min doğuş və min dirilişin həsrətini çəkməyə başladıq. Baş verənlər bizim üçün yeni ortaya çıxan şeylər idi. Bunları səbəb-nəticə prinsipi ilə izah etmək qeyri-mümkündü. Çünki sərf edilən güc və əmək bir cismə həyat bəxş etməkdən belə uzaqdı. Halbuki ətrafımızda cuşa gəlmiş min bir bahar havası və minlərlə diriliş nərələri vardı. Bu baş verənlərə möcüzə deyilməsə də, onları Qüdrəti Sonsuza isnad etməkdən başqa da izah yolu yoxdu. Təmiz könüllərin saf istəklərinə rəhmət səması ətəyi inayətlə dolu gəldi. Və "dağılmış ellərimizi, kimsəsiz çöllərimizi" abad etdi, həyat verdi. Yıxılmış xanimanlarımıza dostluq və ünsiyyət gətirdi. Aradakı boşluqdan əsər-əlamət yoxmuş kimi, quracağımız ümran dövrü ilə "yıxıq bir röya"ya dönən keçmiş arasında bir vüslət körpüsü quruldu.

Artıq yeni bir hüsrana fürsət verməyəcək; bu yeni doğuş mərhələsinə başlamışkən, közərməyə başlamış ümid ocaqlarımızı söndürmələrinə icazə verməyəcək və göz yummayacağıq. Dirilişimiz üçün bölünməzliyi, tək vücud olmağı və var olmaq üçün bütün həyati şöbələrin zəruriliyini dar düşüncələrinə sığışdıra bilməyənlər yol, metod inhisarı ilə nəticəsi hüsran olan bir müharibəyə zəmin hazırlamış ola bilərlər; biz buna: "Min nifrət!" deyərək yolumuza davam edəcəyik.

Bu böyük iş və məfkurəni müəyyən bir zümrəyə inhisar etdirmək istəyənlər necə də yanılırlar.! Bəli, bütün bir insanlığın uğrunda baş qoyacağı bu məfkurə heç bir zümrənin inhisarında kamil mənada təmsil edilə bilməyəcəyi kimi, cahanşümul mahiyyətini də qoruya bilməyəcək. Fərqli xarakterlərin, fərqli yanaşanların meydana gətirdiyi alaylar, taborlar, bölüklər özünəxas mahiyyət, ab-hava və qabiliyyətləri ilə xəzinə kimi bu ağır yükə çiyin verib altına girdikləri zaman rəhmətlə münasibət qurulmuş olacaq. Mənası doğru olduqdan sonra zəiflik isnadından nə çıxar. Söz Sultanı: "Ümmətimin ixtilafı rəhmətdir," –deyə buyurmurmu? Bu xəzinənin daşınması istənilirsə, daşımaq üçün uzanan əllərin səmimiyyətinə baxmaq lazımdır.

İş bizdə başlasın, bizdə də bitsin düşüncəsində şeytanın hiyləsi olma ehtimalı var. Haqpərəstlik Haqqın xatirinin uca tutulmasını tələb edir. O məqamda Haqqa xidmət edən hər əl öpülər. Hər düşüncə hörmətlə qarşılanar. O biri aləmdə Haqqın inayət və lütfü bizim hesablarımıza görə cərəyan etməyəcək. O, səlim və iman dolu könülləri, həqiqəti əks etdirən simaları axtaracaq və tapacaq.

Elə isə, ey əbədiyyət yolunun yolçuları! Sonsuz, əbədi bir zaman içində birlikdə olacağınız insanlara qarşı davranışlarınızı nizamlayarkən, dünya ilə bitən kin və nifrətlərə, xudkamlıq (öz kefi ilə iş görən) və həsədlərə görə deyil; buradan köçməklə başlayan əbədi aləmə görə nizamlayın! Nizamlayın ki, bu dirilişimizi korlamayasınız! Və qətiyyən bilin ki, dünya üzərində cərəyan edən bu böyük mübarizədə mücadilənin həqiqi hədəfini təyin etmədikcə, həqiqi rəqiblərinizin əlində oyuncaq olmaqdan xilas ola bilməyəcək və müvəffəqiyyət gözlədiyiniz hər yerdə hüsrana məruz qalacaqsınız...!

Elə isə gəlin! Görən, Bilən və Nigəhban (baxan, görən) olanın hüzurunda əhdü peyman edək! Millət və keçmiş düşmənçiliyi ölsün, bizlər o məzarın başında istər imam olaq, istər qəbirqazan... Bu qara buludlar getsin, bir günəş doğulsun, istər sultan olaq, istər dilənçi..!

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.