İnsana Hörmət

İnsanı insan olduğu üçün sevmək və ona hörmət bəsləmək, Yaradana ehtiramın ifadəsidir. Yoxsa yalnız özü ilə həmfikir olanları sevmək və saymaq, səmimi və insani bir sevgi və hörmət deyil, bir eqoizm və insanın öz-özünü bütləşdirməsidir. Hələ bir də, təməl düşüncə və təsəvvürdə eyni yolda olub, lakin eynilə bizim kimi düşünməyənlərə xor baxmaq bir mürüvvətsizlik və özünü bəyənmişlikdir. Biz gələcəyin memar və qurucularını məsələləri çıxış nöqtələrinə, səbəblərə görə deyil, məqsədlərə görə mütaliə edən ali himmətli (hər işə məsuliyyətlə yanaşan) bir heyət olaraq düşünürük. Madam ki, eyni düşüncədə olan biz, bütün millət fərdləri müxtəlif yol və strategiyalarla da olsa, həmişə eyni nöqtəyə varmaq üçün çırpınırıq, axı niyə bu uca hədəfin müqəddəs yolçularını qaralayaq ?.. İnsanlığın gələcəkdə alacağı cəbri (zorla,məcburən edilən) keyfiyyət, hal-hazırda yaşadığımız dünya etibarilə, bizi o dərəcədə diqqət və gözüaçıqlığa məcbur edir ki, indi tələsik verəcəyimiz hər hansı bir qərarın gələcəkdə aradan qaldırılması qeyri-mümkün səhvlərə səbəb olma ehtimalı vardır. Buna görə də, gələcəyin memarları quracaqları dünyanın təməlini insana sevgi və hörmətdən qaynaqlandırmaq məcburiyyətindədirlər.

Müasir dünya gətirdikləri ilə bizi zülmətli,uçurumlu yollara saldı. Və hal-hazırda mahiyyətini bilmədiyimiz bir çox məsələ ilə üz-üzəyik. Həlli ilə məşğul olduğumuz bu məsələlər son dərəcədə qarma-qarışıq, nəticələri də o nisbətdə ziddiyyətlərlə doludur... Bəli, insanlığa abi-həyat gətirmək üçün Qaf dağına çıxmaq əzmində olan minlərlə Xızır var, lakin heç birində əbədilik (ölümsüzlük) iksirinin əlaməti mövcud deyil. Və bu həvari ruhlu qəhrəmanların bütün səylərinə baxmayaraq, insanlığa hörmət ciddi təhlükələrlə üz-üzədir.

Biz illərlə elə hey çırpındıq, lakin heç cür gələcəyin təməlinə çevriləcək əsasları müəyyənləşdirə, əldə edə bilmədik. Əldə edə bilməzdik də, çünki duyğu və düşüncələrmizin müxtəlif şeylər vəd etməsi və fərqliliklər gətirməsi bizi, əlində qırıq bir saz və yarımçıq bir nəğmə ilə qapı-qapı gəzən musiqiçilər halına gətirdi. Hər kəs əlinə aldığı "doğru"nun bir parçası ilə başqa doğruları inkar və hər kəsi əlindəki parçacığa tabe olmağa məcbur hesab edərsə, fikir mübadilələri aparmaq, yeni nəticələr və çıxış yolları əldə etmək mümkündürmü? Üstəlik özləri ilə razılaşmayanları kafir kimi qələmə vermə, qaralama, hətta feili təcavüz silahlarından da istifadə edilərsə...

Bu gün üsuldakı səhvlərlə varılan məqam çox həzin və düşündürücüdür. Çiyin-çiyinə eyni yolda gedən insanlar bir-birini tanımaz hala gəliblər. Doğrular və yanlışlar əsl dayaqlarından,təməllərindən uzaqlaşdırılmış, müəyyən qrupların istək və həvəslərinə uyğun sürüşkən relslər üzərinə yerləşdirilmişdir. Belə bir qarışıqlıq içində nə məfkurənin ucalığını, nə də vəsilənin ondan fərqliliyini ayırd etmək mümkün deyil.

Dövrümüzün insanları bahardan kam almaq üçün seyrə çıxıb bir sarı çiçəyə vurulmuş kimidir. Əslində o, vəsilələr üçün döyüşə girdiyi bu yolda çoxdan hədəfə varma ümidini itirmişdir. Artıq gördüyü iş sırf məşğul olmaq üçün məşğul olmaq və hərəkət etmək üçün hərəkət etməkdən ibarətdir. Məbəddə turistlərə şirin görünməyə çalışan mehmandar məbədə xidmət və Yaradana qulluğu necə unudarsa, eləcə də, bu gün hər hansı bir qrup və partiyaya könül verənlər əsl məfkurə və qayəyə qarşı yad və biganədir.

Dövrün insanları baharın yolunda bir çiçəyin məhkumu, dəryada bir qətrənin əsiridir. Zənnimcə, onlara yeni bir qayə, baxış verəcəyimiz günə qədər də bu pərəstişkarlığın qarşısını almaq mümkün olmayacaq. Amma buna baxmayaraq, biz doğruya,həqiqətə tərcüman olmaqla mükəlləfik. Kaş ki, ola bilsə idik..!

Gözümüzə girən və qəlbimizi dolduran hava nə qədər cazibədar və ovsunlayıcı olursa olsun, könül verdiyimiz həqiqəti unutmağımıza əsla yol verilməməlidir. Eyni cəmiyyətin mənsubları olaraq biz bir-birimizə yad,uzaq ola bilmərik. Yaxşının və gözəlin mənbəyi əlimizdə deyil ki, eyni hədəfə doğru başqa bir yolun yolçusuna qarşı mücadiləmiz uyğun olsun.

Fərqli fikirdə olan bir insanın yol və sistemini analiz edə bilərik. Bu, ağlın fərqli şəkillərdə işlədiyinin ifadəsidir. Amma əgər eyni üfüqə varmaq üçün çırpınırıqsa, heç olmasa onun düşüncəsinə də hörmət göstərməliyik. Bu, eyni hədəfə istiqamətlənmənin, eyni imana sahib olmanın, eyni anlayışı istifadə etmənin və nəhayət, hər şeydən daha üstün Uca Yaradanın yüksək tutduğu müqəddəs mənaya hörmətin tələbidir.

İnsana hörmət göstərək! Onda əks olunan ali həqiqətlərə hörmət edək. Yaradandan ötrü onu sevib-sayaq,ona ehtiram göstərək. Bu düşüncə ilə inkişaf etdirə bildiyimiz cəmiyyət gec-tez özünə-kökünə qayıdacaq və itirdiyi şeyləri axtarmağı və bərpa etməyi bacaracaqdır.

Sızıntı, May 1980

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.