Bugünkü uşağın tərbiyəsi millətin sabahı üçündür

Çəyirdəkdən çinara

“Uşaq şillədən, hədə-qorxudan deyil, valideyninin şəfqət və sevgisini itirməkdən qorxmalıdır.” M. Fəthullah Gülən

Düşündürən sözün qiyməti

Söz də insan kimidir. Düşünür, düşündürür, yanır, yandırır. Söz insanın cövhəri, insan isə Allahın (c.c.) yaratdığı varlıqdır. Allah insana müxtəlif qabiliyyətlər verir. İnsan təkcə başqalarını düşündürməklə kifayətlənmir. Öz zəkasının köməyi ilə tərbiyə edir, gəncliyə yol göstərir. İnsan müqəddəs mənbələrdən, tutarlı məcazlardan, təsvir və ifadə vasitələrindən istifadə edir. Bu zaman onun sözü də özü kimi düşündürmək qabiliyyətinə malik olur.

Xazini, gəncineyi-əsrardır, hər dəm çəkər
Rişteyi-izharə min-min gövhəri-əsrar söz.

Babamız Füzuli haqlıdır. Zəkalı insan sirlər xəzinəsinin xəzi­nə­da­rıdır. Buna görə də insanın “sədəf dəhanı”ndan (Vaqif) çıxan söz onun özü qədər qiymətli olur. İnsanın qiyməti onun sözündə və əmə­lindədir. Gərək söz elə deyilsin ki, sonrakı nəsillərin yaddaşında onu itib-batmağa qoymasın. Yaddaşlardan, arxivlərdən, audio və video lentlərdən toplayıb kitaba çevirsinlər, onu oxuyub ləzzət alanlara, deyilən nəsihətlərdən faydalananlara fəxrlə baxsınlar.

“Çəyirdəkdən çinara” belə ərsəyə gəldi

Bu gün sizə təqdim olunan M. Fəthullah Gülənin “Çəyirdəkdən çinara” əsəri də beləcə ərsəyə gəldi. Xocaəfəndinin vaizlik etdiyi­ müxtəlif vaxtlarda minbərlərdən səsləndirdiyi qiymətli fikirlər köhnə kasetlərdən yazıya köçürülərək səbir və təmkinlə, elmi ardıcıllıqla düzülmüş, kitab şəklinə salınmışdır. İstanbul Universitetinin professoru İbrahim Cananın dediyi kimi mətnlər elmi-pedaqoji cəhətdən düzgün sıralanmışdır. Türk dünyasının bu gözəl əsəri sizin istifadənizə verilir. Nazim Əkbərov bu əsəri dilimizə çevirməklə xeyirxah bir iş görüb. Kitabı sevə-sevə tərcümə edib, onun müxtəlif söz və istilahlarını izah edib, şərhlər verib. Bir sözlə, millətə faydalı bir iş görüb. Çünki tərbiyəyə dair yazılan hər bir kitab millətin gələcək inkişafına xidmət edir.

Əsas mövzu tərbiyədir

“Çəyirdəkdən çinara” adlanan bu kitab tərbiyə məsələlərinə həsr olunub. Lakin M. Fəthullah Gülənin tərbiyə anlayışı sadəcə nəsihət deyil, o, müqəddəs kitabımızdan süzülüb gələn bir dəyərdir və buna görə çox qiymətlidir.

Əgər söz insanların tərbiyə məsələlərinə həsr olunubsa, onu xe­yirxahlığa, gözəl işlərə, paklığa çağırırsa, belə əsərlərin qiyməti haqqında nə qədər gözəl kəlmələr istifadə edirsən et, yenə də onun əsl qiymətini verə bilməyəcəksən. Bu kitabın müəllifini, son dərəcə təvazökar, dərin zəkaya, geniş elmi məlumata malik, ürəyində Allaha (c.c.) sönməz bir eşq bəsləyən M. Fəthullah Güləni Türk dünyasında tanımayan az adam tapılar. Mənəvi təmizliyə, paklığa həsr olunan bu kitab çox qiymətlidir. Əqidəsi və inancı ilə işıqlı bir ömrü yaşayan M. Fəthullah Gülən deyir:

“Əxlaqın ən mühüm əsası inanc və əqidədir. Ancaq hər şey təkcə əqidədən ibarət deyildir. Əgər əqidə əməli həyatla, yəni əməli fəaliyyətlə dəstəklənməzsə və insan inandığı dəyərlərin işığında bir yol tutmazsa, o inanc bir fikir olaraq qalar. Nəticədə fərdin istər şəxsi, istərsə ailə və ictimai həyatında təsiredici və istiqamətverici bir amil kimi çıxış edə bilməz”.

Əxlaq və inam başlıca qayədir

Tərbiyə işinin əsas mövzusu əxlaqdır. Əxlaq cəmiyyətin varlığını qoruyub saxlayan, onun düzgün idarə edilməsinə kömək edən bir dayaqdır. Əxlaqi dəyərlərini itirən bir cəmiyyət uzun müddət davam gətirə bilməz. İnam və əxlaq bir-birini tamamlayan dəyərlərdir. Bu dəyərləri qoruyub saxlayan xalq öz gələcəyini təmin etmiş olur.­ Xalqların parçalanıb dağılması onun əxlaqı ilə sıx bağlıdır. Dün­yanın pozulmuş nizamını sözün qüdrəti ilə qaydaya salmağın müm­künlüyünü dərk edən M. Fəthullah Gülən deyir: “Cəmiyyətin dəyərlərinin altı səssiz-səmirsiz əxlaqsızlıqla oyulur, amma bəzən heç bir şey hiss etmirik. Hiss edəndə də artıq iş-işdən keçmiş olur. Xərçəng xəstəliyini həssas orqanlarımıza metastaz verənədək hiss edə bilmədiyimiz kimi...”

“Dəyərləri” dünya malına hərislik, acgözlük, cismani arzular olan cəmiyyətlərin gec-tez məhv olması labüddür. Çünki bu əxlaqi səfalət mənəviyyatda boşluqlar meydana gətirir, insanın böyük amallar uğrunda mübarizəsinə mane olur. Sizə təqdim olunan bu kitab İslamiyyətin insan mənəviyyatında oynadığı müsbət rolu ətraflı izah edir. O, bizi saflığa və paklığa səsləyir.

Bakı, aprel, 2013

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.