“Vəhən” bəlası

Fəthullah Gülən: Vəhən bəlası

Rəsuli-Əkrəm (sallallahu aleyhi və səlləm) səhih bir hədisi-şərifdə belə buyurur: “Gələcəkdə əhli-kitab və digər millətlər süfrəyə qaçışan ac adamlar kimi üstünüzə tökülüşəcək, hücum çəkib ağzınızdakı tikəni almaq istəyəcəklər”.

Yəni pul kisənizi əlinizdən almaq, qazandığınız şeyləri qəsb eləmək üçün bir süfrəyə cumurmuş kimi başınıza yığışacaqlar. Səhabələr soruşur:

– Bizim azlığımıza görə belə olacaq, ya Rəsulallah!?

Allah Rəsulu (sallallahu aleyhi və səlləm) cavab verir:

– Xeyr, əksinə, siz o gün həddən artıq çox olacaqsınız, amma Allah düşmənlərinizin qəlbindən sizə qarşı məhabət (qorxu) hissini çıxaracaq, (yəni düşmənlərinizin nəzərində hörmətinizi, etibarınızı itirəcək, ağırlığınızı, gücünüzü hiss etdirə bilməyəcəksiniz). Eyni zamanda Allah sizin qəlbinizə vəhən salacaq.

Səhabələr yenə soruşur:

– Vəhən nədir, ya Rəsulallah?

Peyğəmbərimiz (s.a.s.):

– Vəhən dünyaya (fani, müvəqqəti yönlərinə) bağlanmaq, dünyanı hər şeydən üstün tutmaq və ölümdən qorxmaqdır”,[1] – buyurur.

Bəli, bir toplum dünyanın fani və nəfsani yönlərini əldə etməyi qarşısına məqsəd qoyub, bütün varlığı ilə – qəlbən, ruhən bu gəldi-gedər dünyaya yönəlib, Allahın rizasını da bir kənara atıbsa, yəni dünyanı Allahdan üstün tutubsa, “Lə iləhə illəllah” desə də,[2] qəlb və ruhu doğru yolda deyildir. Burada: “Allah (c.c.) qəlbinizə “vəhən” salacaq, siz də düşmənlərinizə məğlub olacaqsınız,” – buyuran Rəsuli-Əkrəm (s.a.s.) bir başqa hədisi-şərifdə də məhabət hissinin qəlbdən çıxarılmasının səbəbi kimi “Əmri-bil-maruf, nəhyi-anil münkər” əmrinin yerinə yetirilməməsi, Kitab, həşr-nəşr (öldükdən sonra diriliş) əqidəsinin təbliğ olunmaması məsələsinə toxunur.

Elə isə, ən böyük qayəmiz dərin imanlı, maddi və mənəvi cəhətdən qüvvətli, güclü iradəsi ilə hər çətinliyə sinə gərən, əngin bəsirəti ilə dünyanın nəfsaniliyinə meydan oxuyan, rəbbaniliyi ilə qəlbini vəhən hissindən qoruyan, məhabəti ilə düşmənlərin ürəyinə qorxu salan gənc bir nəsil yetişdirmək olmalıdır.

[1] Əbu Davud, “Məlahim”, 5; “Müsnəd”, 2/359; 5/278
[2] “Lə iləhə illəllah” kəlməsini dillə deyib qəlblə təsdiq etmək İslam dinini qəbul etməyin birinci şərtidir. Bu baxımdan bir adam İslam dinini qəbul etmək, müsəlman olmaq üçün “Lə iləhə illəllah” deməklə kifayətlənməməli, Allahın (c.c.) əmr və qadağalarına, Peyğəmbərimizin (s.a.s.) tövsiyələrinə də əməl etməlidir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.