"Dində məcburiyyət yoxdur" ayəsini şərh edərsinizmi?

Dinin ruhunda və mahiyyətində məcburiyyət yoxdur. Çünki məcburiyyət dinin ruhuna ziddir. İslam iradə və ixtiyarı əsas tutur və bütün münasibətləri bu əsas üzərində qurur. İkrah hissi ilə, məcbur edilərək edilən bütün əməl və hərəkətlər istər iman, istər ibadət, istərsə də münasibət baxımından qətiyyən qəbuledilməzdir və bunlara güvənmək olmaz. Həm də bu hal "əməllər niyyətlərə görədir" prinsipinə də uyğun gəlmir.

Din öz məsələləri üçün məcbur etməni caiz (icazə verilən) görmədiyi kimi, başqalarının da İslamı qəbul etmələrinin məcburiyyət əsaslı olmasına yaxşı baxmır. O, qarşısındakını tamamilə sərbəst buraxır. Məsələn, qeyri-müsəlmanlar cizyə və xəracı qəbul etdikdən sonra İslam dini onların həyatını mühafizə edir. Bəli, İslamda tolerantlıq bu qədər genişdir.

Onsuz da din zorla qəbul edilə və ya etdirilə biləcək bir sistem deyildir. Onda hər şeydən əvvəl iman əsasdır. İman isə tamamilə vicdan və qəlbə aid bir məsələdir. Heç bir məcburi təşəbbüs qəlb və vicdana təsir edə bilməz. Bir sözlə, əgər insanın ürəyindən gəlirsə və qəlbi imana meyllidirsə, iman edə bilər. Bu mənada da dində məcburiyyət yoxdur.

Həzrəti Adəmdən bəri din heç kimi onu qəbula məcbur etməmişdir. Bu mövzuda güc tətbiq etmək daim küfür cəbhəsinin əxlaqı olmuşdur. Onlar insanları dinlərindən çıxarmaq üçün güc tətbiq etmişlər, fəqət heç bir mömin bir kafiri zorla müsəlman etməyə çalışmamışdır.

Burda ağıla belə bir sual da gələ bilər. Qurani-Kərimdə savaş və cihadın fərz olması ilə bağlı bir çox ayə mövcuddur. Bəs bunlar bir mənada güc tətbiq etmək deyilmi?

Xeyr, deyil. Çünki cihad qarşı tərəfin güc tətbiqinə cavab vermək üçündür. Beləliklə, insanlar İslamın dəyişməyən qaydası ilə qəbul etdikləri İslam dininə öz arzu və iradələri ilə girəcəklər. Bəli, İslamın fərz qıldığı cihad ilə belə bir anlayışa zəmin hazırlanmış olacaqdır. İradə hürriyyəti İslamın cihad əmri ilə yerini almışdır.

Bu məsələni bir başqa prizmadan da belə dəyərləndirə bilərik:

Bu ayənin hökmü müəyyən mərhələlərə aiddir. Bəlkə kamilləşmə və yer üzündən silinmə çağlarının bir-birini izləməsində bu mərhələlər yenə də olacaqdır, amma hökm yalnız o mərhələyə aiddir. Məsələn, "Kafirun" surəsində bildirilən "Sizin dininiz sizə, mənim dinim də mənə." hökmü də eyni şəkildə müəyyən bir mərhələyə məxsusdur.

Bu mərhələ və bu dövr məsələləri həll etmə və maarifləndirmə dövrüdür. Məsələlər sözlə çatdırılacaq və qəbul üçün insanlar qətiyyən məcbur edilməyəcəkdir. Və bu dövr həm də başqalarının dinsizliyi, yoldan azması ilə məşğul olmamaq, onları təhrik etməmək və öz hidayətini mühafizə etməklə fərdi həyatında dini tətbiq etmək dövrüdür. Bu dövr və mərhələlərə aid hökmlər isə bütün dövrlərə aid deyildir; təbii ki, bu mənada aid deyildir. Yoxsa bu hökm artıq heç bir zaman tətbiq edilməyəcək demək səhv olardı. İslamın hər çağında bu mərhələ yaşanmışdır və günümüzdə də yaşanmaqdadır.

Ancaq eyni ayənin bütün dövrləri əhatə edən bir hökmü də vardır ki, bu hökm hər zaman və zəmində qüvvədədir. O da İslam diyarındakı azlıqlara aid hökmlərdir ki, heç kimə İslam dininə girmək mövzusunda zor tətbiq edilməyəcək. Hər kəs öz dini inancında sərbəst olacaqdır.

Tarixə nəzər yetirsək aydın şəkildə görərik ki, bizim aramızda daima xristian və yəhudilər olmuşdur. Qərblilərin bu mövzudakı etiraflarına görə, xristian və yəhudilər öz dövlətlərində belə, bizim içimizdə yaşadıqları qədər firavan yaşamamışlar. Onlar qeyri-müsəlmanlar kimi cizyə və xəracı ödəmişlər; müsəlmanlar da onları təminat altına alıb qorumuşlar. Fəqət heç bir zaman onları İslam dinini qəbul etməyə məcbur etməmişlər. Dünənə qədər onların xüsusi məktəbləri vardı və özlərinə aid xüsusiyyətlərinin hamısını, dini ayin və bayramlarını mühafizə edirdilər. Bizim ən möhtəşəm çağlarımızda belə onların yaşadığı mühitə daxil olanlar özlərini Avropada zənn edirdilər. Azadlıqları bu qədər geniş idi. Yalnız bizi yolumuzdan döndərmələrinə imkan və fürsət verilməmişdir. Bəli, gənclərimizi və qadınlarımızı yanlış yollara sövq etmələrinə göz yumulmamışdır. Bu da bizim öz cəmiyyətimizi qorumağımızın gərəyidir.

Dinin bu qəbildən olan hökmləri heç bir zaman dində məcburiyyət deyil və sayılmamalıdır da. Bunun kimi hökmlər sərbəst iradələri ilə dini qəbul edənlərə aiddir ki, onlar da onsuz da bu hökmləri qəbul etməklə İslama girmişlər. Məsələn, bir insan İslam dinindən dönərsə, ona mürtəd deyilir və verilən müddət içində tövbə etməzsə, öldürülür. Bu əvvəl qəbul edilmiş bir əhdnaməyə müxalifətin cəzasıdır. Və tamamilə sistemin mühafizəsi ilə əlaqədardır. Dövlət müəyyən bir sistem ilə idarə edilir. Hər bir fərdin istəyinə görə hərəkət edilsə, dövlət idarəsindən söhbət gedə bilməz. Onun üçün də bütün müsəlmanların hüquqlarını mühafizə baxımından İslam mürtədə yaşama haqqı verməmişdir.

Həm də İslam dinini qəbul edən insanlar bəzi şeyləri etmək, bəzilərini də etməməklə mükəlləfdirlər. Bunun da məcburiyyət ilə bir əlaqəsi yoxdur. Məsələn, namaza duran həddi-büluğ yaşında bir insan namaz içində səsli olaraq gülərsə, cəza olaraq həm namazı, həm də dəstəmazı pozulur. Ehramlı bir insan üzərindəki həşəratı öldürsə və ya tikişli bir paltar geysə, müxtəlif cəzalara məruz qalır. Halbuki, həmin adam namaz xaricində gülsə və ya ehramsız bir zamanda bunları etsə, heç bir cəzası yoxdur. Eynilə, İslam dinə girmə mövzusunda heç kimə güc tətbiq etməməklə bərabər, öz iradəsi ilə bu dini qəbul edəni də nəzarətsiz buraxmır. Əlbəttə onun özünəməxsus əmr və qadağaları olacaq və onu qəbul edənlərdən bunlara uyğun hərəkət etmələrini istəyəcəkdir. Bu qəbildən namazı, orucu, zəkatı və həcci əmr edəcək; içki, qumar, zina və oğurluğa da qadağa qoyacaqdır. Bu qadağalara məhəl qoymayanlara da günahlarının növünə görə cəza verəcəkdir ki, bütün bunların məcburiyyət və güc tətbiq etmə ilə heç bir əlaqəsi yoxdur.

Bir az düşündükdə bu qəbildən olan tədbirlərin insanların yararına olduğu dərk oluna bilər. Çünki fərd və cəmiyyətlər bu cür qanunlarla dünya və axirətlərini qorumuş olurlar. Bəli, bu mənada dində məcburiyyət var. Bu da insanları məcburən Cənnətə qoymaq istəməklə eyni mənada olan bir güc tətbiq etmədir...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.