Niyə hər şey ölümə bağlıdır?

Niyə hər şey ölümə bağlıdır? Məsələn, hayvanların həyatı, bitkilərin ölümünə, insanların həyatı hayvanların ölümünə...

Əşya üzərində təsərrüf (Bir şeyi istədiyi kimi istifadə etmə səlahiyyəti) edən Zat (Allah) israf etmədiyinə, ən sadə şeylərdən belə ən nadir varlıqları yaratdığına, hər şeyə daim yeniliklər bəxş etdiyinə və bütün varlıqları təşviq edib təkamülə sövq etdiyinə görə başdan-başa varlıq aləmində hər qürubu bir tülü izləyir. Eynilə, gündüzün gecəni qovması, qaranlıqdan sonra işığın gəlməsi və bu möcüzəvi nizamdan yeni və təzə səmərələrin alınması üçün.. və bir çox ali amallar fasiləsiz olaraq günəş yer kürəsi münasibəti içində həyatı ölümlə növbələşdirmişdir.

İndi isə qısaca bu məsələni izah edək, ancaq hər şeydən əvvəl ölümü tanımaq lazımdır.

Ölüm, hər şeyin sona yetməsi, öz-özünə tükənməsi və əbədiyyən yox olması deyil. Ölüm bir şeyin yer dəyişdirməsi, hal dəyişdirməsi, mahiyyət dəyişdirməsi və bəşərə dünyaya gəlişi ilə mükəlləf olduğu vəzifələrdən qurtularaq rahatlığa və rəhmətə qovuşmasıdır. Hətta bir baxımdan, hər şeyin özünə və həqiqi mahiyyətinə qayıtmasıdır.

Buna görə də, ölüm həyat qədər cazibəli, dostlara vüsal qədər sevindirici və ölümsüzlük qədər böyük bir nemətdir.

Ölümün bu həqiqətini görə bilməyən materialistlər onu daim ürküdücü göstərmiş, qorxunc təsvir etmiş və ölümə yanıq-yanıq ağılar bəstələmişlər. Dünəndən bu günə ölümün həqiqətini dərk edə bilməyən talehsizlərin vəziyyəti həmişə eyni müstəvidə olmuşdur.

Nəhayət ölüm ayrılıq olması etibarilə, ağıla-məntiqə və insanın insanlığına olduqca böyük təsiri olan bir hadisədir. Bu təsiri tamamilə inkar etmək mümkün olmadığı kimi, qəlbi susdurmaq da mümkün deyil. Üstəlik zərif qəlbli, həssas ruhlu insanlarda – müvəqqəti də olsa – ölümün oyatdığı fırtınalar dəhşətlidir. Belə insanlar üçün əslində "basu-badəl-mövt (öldükdən sonra diriliş)" əqidəsi müflis dilənçiyə sultanlıq vermək və edama aparılan insana əbədiyyət bəxş etmək qədər böyük bir hadisədir.

Buna görə də ölümün həqiqətini dərk edənlər üçün o bir tərxis, bir təbdili-məkan və bütün dost-tanışların köçdüyü aləmə səyahətdir. Həqiqəti dərk edə bilməyən, sadəcə zahiri və ürküdücü üzünü görən bəzi talehsizlər üçün isə ölüm bir cəllad, bir dar ağacı, dibsiz bir quyu, qaranlıq bir zirzəmidir...

Ölümü növbəti və əbədi bir xilqətin başlanğıcı sayanlar onun qəlbləri oxşayan əsintisini duyduqca gözlərinin önündə Cənnətin bağ-bağçası tüllənməyə başlayar. Bu etiqadi həzz və sevincdən məhrum olan inkarçı insan isə, hər dəfə ölümü düşünəndə vicdanında yaşatdığı Cəhənnəmə girib-çıxır və daim iztirab çəkir. Çəkdiyi acılar bununla bitsə yaxşıdır, halbuki o özü ilə birlikdə irtibatda olduğu və həzzindən həzz alıb, kədərini ruhunda duyduğu nə varsa, onların da ələmini çəkir.

İnanan insana görə ölüm məxluqun həyatdan, dünyəvi məşəqqətlərdən azadlığa çıxması, oxşar və elmi mahiyyətdə başqa aləmlərdə varlığını davam etdirməsi ilə, təkamül, tərəqqi etməsindən və daha ülvi mahiyyət qazanmasından ibarətdir.

Bəli, ölüm insana əbədiyyəti bəxş etməsi və həyatın məşəqqətindən azad etməsi baxımından böyük nemət və ən dəyərli ilahi hədiyyədir. Lakin hər kamillik və tərəqqi, dolayısilə, hər nailiyyət müəyyən süzgəclərdən keçməyə və bəzi qəliblərdə formalaşmaya bağlı olduğu kimi, hər varlıq da buna bənzər təmizlənmə, saflaşma ilə daha yüksək dərəcələrə yüksəlir. Məsələn, qızıl və dəmir mədəni ancaq əridikdən və bir baxımdan yox olduqdan sonra özünü və həqiqətini büruzə verir. Əks halda, öz həqiqətinə, yəni həqiqi mahiyyətinə zidd şəkildə daş və torpaq olaraq qalır.

Qızıl və dəmirlə digər şeyləri də müqayisə edəndə görürük ki, hər şeyin bir nöqtədə qürub etməsi, əriyib heç olması zahirən yoxluq kimi görünsə də, həqiqətdə isə daha ali və daha uca bir mahiyyətə keçməkdən başqa bir şey deyil.

Havanın zərrələrindən, suyun atomlarına, otların, ağacların molekullarından canlıların hüceyrələrinə qədər hər şey, böyük həzz və şövqlə ölümə, yəni onun üçün təyin olunmuş ən kamil dərəcəyə çatmağa tələsir. Hidrogen və oksigen reaksiyaya girincə xüsusi mahiyyətləri etibarilə ölürlər, lakin varlıq üçün mühüm əhəmiyyətli maddəyə – suya çevrilmə yolunda başqa bir dirilişlə üzləşirlər.

Buna görə də biz, ölümlə gözdən itən hər şeyə yer dəyişmə, hal dəyişmə deyirik, lakin əsla yox olmaq və tükənmək demirik. Axı bunu necə deyə bilərik? Zərrədən molekullara qədər kainatda baş verən bütün çalxantılar, haldan-hala keçmələr, ərimələr, dağılmalar daim ən yaxşını, ən gözəli və ən yenini meydana gətirir. Buna sadəcə bir şey demək olar, o da: “varlıqların səyahət və gəzintisi”, lakin qətiyyən buna “yoxluğa getmə” nəzəri ilə baxmaq olmaz!..

Digər tərəfdən ölüm, mülk sahibinin nəzərində dünyadakı vəzifəni təhvil vermədən ibarətdir. Hər varlıq özünə xas şəkildə onu var edən Zatın hüzurunda “rəsmi keçid” vəzifəsi ilə mükəlləfdir. Mərasim bitib istənilən şəkil və surətlər müəyyən edildikdən sonra həmin varlıq getməli, yerinə başqaları  gəlməlidir ki, səhnə yeknəsəqlikdən qurtulsun və ən gözəl, ən yeni şeylərlə ona canlılıq qazandırılsın. Beləliklə, varlıqlar aktyorlar kimi səhnəyə çıxır, rolunu oynayır, deyəcəyi sözü deyir və pərdənin arxasına keçir ki, başqaları da öz rolunu ifa etmə və səsini eşitdirmə imkanını əldə etsin. "Gələn gedər, qonan köçər", lakin bu gəliş gedişlə yenilik, canlılıq və cazibədarlıq yaranır.

Bir başqa yöndən də, ölümün səssiz-səmirsiz pıçıldadığı nəsihətdə heç bir varlığın öz-özünə və bilavasitə var olmadığını, hər şeyin yanıb-sönən ulduzlar kimi sönməz bir əbədi günəşdən xəbər verdiyini göstərməklə heçlik və yoxluğun amansız pəncəsi altında inildəyən sınıq qəlblərə hüzur və səadətin yolunu göstərən işarə var. Yəni könül verdiyimiz şeylərin arxaya baxmadan çıxıb getməsi bizi baqi və əbədi sevgilini axtarmağa sövq edir. Bu hissin oyanışı isə duyğu aləmimizdə əbədiyyətə qovuşmağın ilk mərhələsidir. Bəli, ölüm insanı bu ilk mərhələyə yüksəldən sirli bir pillədir.

Buna görə də, ölümə qırıb çatan qılınc nəzəri ilə baxmaqdansa, yaraları sağaldan, ağrılara dərman olan bir əl və neştər kimi baxmaq daha düzgündür. Hətta bir baxımdan, ölümü mütləq, zati görmək də yanlış anlayışdır. Çünki mütləq mənada yoxluq yoxdur. Əksinə hər şey bizim dar, naqis ölçülərimizə görə gözdən itir, oxşar və elmi mahiyyətlə yaddaşımızdan Lövhü-Məhfuza və nəhayət bütün əşyanı əhatə edən geniş elmi dairəyə qədər müxtəlif məkan və fövqəl məkan aləmlərdə fərqli mahiyyətlə varlığını davam etdirirlər. Hər şey bir toxum kimi çürüyür, bir çiçək kimi solub gedir, lakin ruhu və əsas mahiyyəti minlərlə tumurcuq şəklində varlığını davam etdirir. Təkrar suala qayıdaq. Hər şey ölümə deyil, hayata bağlı olsa idi, yəni heç nə ölməsə idi, varlıq aləmi daim ömür sürsə idi, əşya və hadisələr təkyönlü işləsə idi, nə olardı?

Yuxarıda izah etməyə çalışdığımız məsələlər ölümün rəhmət və hikmət olduğunu göstərdi. Ölümsüzlük isə elə faydasız, elə qorxunc bir fəlakətdir ki, əgər onu olduğu kimi təsvir etmə imkanım olsa idi, insanlar ölümə deyil, ölümsüzlüyə ağlayar və yas tutardılar!..

Təsəvvür edin ki, heç nə və heç kim ölməsə idi, artıq dünyanın ilk dövründə, nəinki insanlar, hətta bir ağcaqanad belə yaşamağa şərait və imkan tapa bilməzdi. Canlılardan sadəcə qarışqalar heç ölməsə idi, otlardan isə sarmaşıqlar heç çürüməsə idi, yüz ildə yer üzünü yayılan sarmaşıq və qarışqanın qalınlığı yüzlərlə metrə çatardı. Belə xoşagəlməz, qorxunc bir mənzərəni düşündükcə ölümün həqiqətən mərhəmət olduğunu, çürümənin hikmət olduğunu görməmək mümkündürmü?

Qarışqa və sarmaşığın ucbatından hal-hazırda gördüyümüz kainatın gözəlliyinin neçə faizini görə bilərdik?.. Hər yanda gözəlliyinin əksini, təcəllisini gördüyümüz o Uca Sənətkarın hansı güzəlliyini bu zülmətdə görə bilərdik!.. Bu xoşagəlməz mühitdə nəinki kainatın quruluşuna vəsilə olan ali tamaşalar olardı... əgər həyatda qalmaları mümkün olsa idi, ən səfil məxluqlar belə bu zibillikdən qaçardılar..

Digər tərəfdən də, bu əzəmətli kainatda elə böyük bir hikmət var ki, zərrə qədər israf və faydasız şey gözə dəymir. Ən sadə şeydən ən qiymətli şeyləri yaradan mütləq hikmət Sahibi, əlbəttə ki, heç nəyi israf etməz, ən dəyərsiz dağıntıları və qalıqları başqa yerlərdə istifadə edib, yeni-yeni aləmlər yaradacaqdır. Üstəlik ruhunu və əsas mahiyyətini nəzdinə alan canlıların, xüsusən də insanın, o ruha və əsas mahiyyətə xidmət göstərən zərrələrini, şübhəsiz ki, ən gözəl şəkildə istifadə edəcək və yeni-yeni gözəl və təmiz məxluqlar yaradacaq. Əks halda, əvvəla dəyər verib var etdiyi bu nazənin məxluqları torpaq altında qoymaqla hikmətinə zidd iş görmüş olardı ki, bu da Zati-Üluhiyyətdən uzaqdır.

Nəticə olaraq deyə bilərik ki, dünyada tərtib, tənzim, sövq və idarə səlim, sağlam ağlı, zövqü olan insanlara şairanə ilhamlar verəcək qədər yerli-yerində və mükəmməldir. Zərrələrin hərəkətindən, otların, ağacların haldan-hala girməsinə, çayların ölümlə üzləşib dənizə dönməsindən dənizlərin öz əleyhinə buxarlanıb buludlara yüksəlməsinə qədər, hətta buludlardan da başaşağı, təkrar yağaraq torpağın bağrında yox olmasına qədər, hər şeyin böyük şövqlə, bir keyfiyyətdən daha ali başqa bir keyfiyyətə yürüdüyü müşahidə olunur.

Ne âlemdir bu âlem aklı, fikri bî-karar eyler,
Hep i’câzât-ı kudret pîş-i çeşmimde güzâr eyler,
Semâvî handelerdir gökyüzünden Hak nisâr eyler,
Serâser nurlardan renklerle istitâr eyler,
Çemendir, bahrdır, kühsârdır, subh-ı rebîdir,
Bu yerlerde doğan bir şâir olmak pek tabiîdir.(*)
                                                        Abdülhaq Hamid

(*) Bu aləm elə bir aləmdir ki, insanın ağlını, fikirini başından alır. Qüdrətin hər möcüzəsi gözümün önündən gəlir keçir. Göy üzündə Haqqın saçıb səpələdiyi səmavi təbəssümlərdir. Başdan-başa nurani rəngli pərdələr. Çəməndir, dənizdir, dağlıqdır, bahar səhəridir. Bu yerlərdə dünyaya gələnin şair olması çox təbiidir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.