Taleyin məhkumu?

Allah (cc) niyə məndən soruşmadan, iradəmlə məsləhətləşmədən məni yaradıb, taleyin məhkumu edib? Mənim taleyimdə nə səbəbə varlı və xoşbəxt olmaq yox, bəla və müsibətlərə məruz qalmaq var?

Qədərdə (taledə) zorakılıq, zülm yoxdur, üstəlik o əsla çirkin də deyildir.

Heç bir İlahi təqdir insanın iradəsi nəzərə alınmadan yazılmır, qaldı ki, peyğəmbərlər göndərib, kitablar endirməklə Allah (c.c.) bizə daim xəbərdarlıq da etmişdir.

İnsan bir əməli öz iradəsi ilə etmədikcə heç bir çirkinlik və günah meydana gəlməz. İnsan nəfsinin təsiri ilə iradəsini mənfi yöndə istifadə edib pis əməllərə yol açmaqla quyusunu qazmış olur; sonra da o çuxura yuvarlanır. Məsələn, nurlu günəşimiz kirsiz, ləkəsiz olduğu kimi, həyatımız üçün zəruru olan işıq və hərarətin mənbəyi, eyni zamanda, çiçəklərin simasında əks olunan rənglərin və gözəlliklərin də mənbəyidir. Lakin insan saatlarla onun altında oturar və tədbir görməzsə, xəstələnər, hətta ölə də bilər. Belə halda günah günəşindir? İnsan özünün səbəb olduğu xəstəliyə və ya ölümə "Günəş olmasın, niyə yaradıldı?" deyə bilərmi? "Altında qaldıq, xəstə olduq, yeməklərimiz günəşin altında xarab oldu" kimi tamamilə iradi səhvimizdən qaynaqlanan cüzi şərə görə günəş şər qəbul etmək olarmı?

Bəli, qədərə istinad edilən günah, zərər və xoşagəlməz hadisələr qulun öz iradəsini mənfi istiqamətdə istifadə etməsinin nəticəsidir. İradəmizi nəzərə almadan bəzi zülm və çirkinliyi qədərin üstünə atsaq, həm müsibəti artırmış, həm də qədərə haqsızlıq etmiş olarıq.

Məsələn, insana həm ləzzət, həm də nəsil artımı kimi xeyirli bir nəticə üçün şəhvət hissi verilmişdir. İnsan iradəsini sui-istifadə edərək bu hissini föhş kimi haram yollarla tətmin etməyə çalışırsa, günah qədərindir, yoxsa o insanınmı? Burada insan xeyir üçün verilən vəsiləni şər yola alət etməklə günaha girir və nəticə etibarilə özünə zülm edir. Cinayət kimi buna bənzər bir çox məsələni də bununla müqayisə edə bilərsiniz... Həmçinin, insanın sui-istifadə etmədən məruz qaldığı bəzi bəla və müsibətlər də var ki, bunların hikmət, fayda və gözəlliklərini yeri gəldikcə izah etməyə çalışdıq və çalışacağıq da.

Qədər nəticə ilə birgə səbəbə də baxır. İnsan isə fitri olaraq qədəri tam mənası ilə anlaya bilmədiyinə və ancaq zahiri nəticə və səbəblərə baxdığına görə, səhv hökm verir və zülm edir. Məsələn, bir insanın uşağın qulağını çəkdiyini görəndə mənzərə xoşagəlməz olduğuna görə, dərhal uşağa zülm edildiyi nəticəsini çıxarırsınız. Halbuki, qulağı çəkən adam, bəlkə də, uşağın atasıdır və yeri gələndə sizin də etdiyiniz bir işi görür. Gələcəkdə dizini döyməmək, xətanın qarşısını indidən almaq üçün, yəni uşağının mənəviyyatı korlanmasın və əbədi həyatı puç olmasın deyə pis bir hərəkətinə görə onun qulağını çəkir... Amma siz zahirə baxaraq, görünüşə görə hökm verib o atanı zülmlə ittiham edirsiniz, beləcə ona deyil, özünüzə zülm edirsiniz. Halbuki, qədər bütün səbəblərə birdən baxır və həqiqi, görünməyən səbəbləri də bilir, buna görə hökmünü də tam və ədalətlə verir.

Bir ovçu aslanı vurub öldürür. Aslana görə üzülə bilərsiniz, ancaq xəbəriniz yoxdur ki, o aslan bir ceyranın balalarını anasız qoyduğuna görə, qədər ona bu cəzanı verir. Bəri tərəfdən, gün gələr ovçunun ayağı sınar o da aslanı öldürmənin cəzasını görər. Bir nəfər birini bıçaqlayıb yaralayar, lakin cəzasını çəkməz və hadisə unudulub gedər. Lakin bir gün həmin şəxs zina böhtanı ilə həbsə düşər.. bu böhtana görə o, günahsızdır, lakin hakim onu zahiri səbəblərə görə məhkum edər. İndi siz: "Hakim zülm etdi." deyə düşünürsünüz, ancaq o insan barədə qədər həqiqi səbəbə baxaraq ədalətlə hökm vermiş və həmin şəxs də unudulmuş bıçaqlama cinayətinin əvəzini görmüşdür. Budur qədərin gözəlliyi və bizim hökmümüzün çirkinliyi! Bəli, qədərin hər hökmü ya bilavasitə və ya nəticəsi etibarilə gözəldir.

Yeri gəlmişkən, Hz. Musa (əleyhissalam) ilə bağlı bir hadisəni xatırlatmaqda fayda görürəm:

Hz. Musa (əleyhissalam): "Ya Rəbbi, mənə ədalətini göstər" deyə dua edir. Cənabi-Allah da ona: "Filan bulağın yanında gözlə və bax" deyə vəhy edir. Bulağın başına bir atlı gəlir, atına su verib gedəndə bir kisə dolu qızılı düşür. Arxadan bir uşaq gəlir və o bir kisə qızılı götürüb gedir. Sonra bulağa bir kor gəlir və bu əsnada qızıl kisəsini itirdiyini başa düşən atlı da geri dönür. Qızıllarını kordan istəyir, kor nə qədər mən götürmədim desə də, inandıra bilmir və atlı koru öldürür. Hz. Musa zülm kimi görünən bu hadisələrin ədalətini Cənabi-Haqqdan soruşur və belə cavab alır:

"Atlı vaxtilə uşağın atasının bir kisə qızılını oğurlamışdı, beləcə o bir kisə qızılı sahibinə qaytarmış olduq. Kor isə, vaxtilə atlının atasını öldürmüşdü, onu da atlıya öldürərək qisas aldırdıq."

Bəli, həqiqi səbəbi bilmədən zahirən baxanda zülm görünən hadisələr həqiqətdə ədalət olur. Qədərin hökmü də belədir, onda heç zülm və çirkinlik yoxdur, hər hökmü sırf ədalət və sırf gözəllikdir.

Allah (c.c.) insanın zahirən mənfi gördüyü şeylərdə bir çox xeyir gizlətmişdir. Əksinə, insanın faydalı bildiyi bir çox şeydə isə şər vardır [“Bəqərə” sursi, 2/216]. Məsələn, əsasən də soyuq havada insana dəstəmaz almaq çətin gələ bilər, lakin dəstəmazın həm özü, həm də nəticəsi çox gözəldir. Cihad ayənin də bildirdiyi kimi [Bəqərə, 2/216] ağır gələ və xoş görünməyə bilər, lakin nəticə etibarilə bu işin bir çox lütf və mükafatı var. Elə olur ki, Allah (c.c.) sevdiyi bir qulu müflisləşdirir, amma o qul bilmir ki, mal onun düz yoldan çıxmasına səbəb olacaqdı. Qul dua edər, lakin arzuları həyata keçməyəndə ümidsizliyə düşər, halbuki ya istədiyi şey ziyanınadır, ya da gələcəkdə və ya axirətdə daha gözəl şəkildə ona veriləcək.

Elə isə, Allahın (c.c.) hər hökmündə bilmədiyimiz bir çox fayda və hikmət var. Allah (c.c.) mütləq şəkildə qulun faydası istiqamətində hikmətini qurmaq məcburiyyətində deyil, ancaq O, Xaliq və Alim olduğu kimi, eyni zamanda Hakimdir; heç vaxt əbəs iş görməz. Lakin biz çox vaxt Onun hikmətini dərk etməyə bilərik. Elə isə bizim vəzifəmiz qədərə razı, Cənabi-Haqqa təslim olmaq və Ona yönəlməkdir, "lütfün də xoş, qəhrin də xoş" anlayış və inancı ilə hər təqdirinə boyun əyib, etiraz etməməkdir.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.