Sidq-doğruluq

Doğruluq peyğəmbərliyin mehvəridir. Peyğəmbərlik doğruluq cizgisində hərəkət edir. Peyğəmbərin ağzından çıxan hər şey təsdiq ədalıdır. Çünki onlar həqiqətə zidd heç bir şey söyləməzlər. Qurani-Kərim bəzi peyğəmbərlərin böyüklüyündən bəhs edərkən onların bu xüsusiyyətindən yan keçmir:

"(Ya Rəsulum!) Kitabda (Quranda) İbrahimi də yad et. Həqiqətən, o, büsbütün doğru danışan kimsə (siddiq) – bir peyğəmbər idi". (Məryəm surəsi, 19/41)

Yəni sən o böyük peyğəmbər İbrahimi (ə.) Lövhi-Məhfuzda və ya onun sabit həqiqəti və bir növ surəti olan Quranda xatırla ki, o, özü-sözü, davranışları, düşüncəsi dosdoğru olan bir nəbi idi.

"(Ya Rəsulum!) Kitabda (Quranda) İsmaili də yada sal! O, doğru sözlü və (Bizim tərəfimizdən öz ümmətinə göndərilmiş) bir elçi, bir peyğəmbər idi". (Məryəm surəsi, 19/54)

"(Ya Rəsulum!) Kitabda (Quranda) İdrisi də yad et! O, həqiqətən, büsbütün doğru danışan kimsə (siddiq) – bir peyğəmbər idi. Onu uca məqamlara yüksəltdik". (Məryəm surəsi, 19/56-57)

Quran Həzrət Yusifə (ə.) məhbus yoldaşının xitabını bəyan edərkən yenə eyni xüsusiyyəti görürük:

"Yusif! Ey doğru danışan adam!" (Yusuf surəsi, 12/46)

Onlar doğru olmaması mümkün deyildi, çünki Allah (c.c.) sa­də insanların belə doğru-dürüst olmasını istəyir və Quranda belə insanları ucaldır:

"Ey iman gətirənlər! Allah­dan qorxun və (imanında, sözündə, işində) doğru olanlarla olun!" (Tövbə surəsi, 9/119)

"Həqiqi möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən, (iman gətirdikdən) sonra heç bir şəkk-şübhəyə düşməyən, Allah yolunda malları və canları ilə vuruşanlardır! Məhz doğrular ancaq onlardır!" (Hucurat surəsi, 49/15)

a. Sadiqlər tərifə layiqdir

Və Quranda sözünə sadiq olanlar belə ucaldılır:

"Möminlər arasında elələri də vardır ki, Allaha etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (sözlərini) dəyişdirməmişlər". (Əhzab surəsi, 33/23)

Bu son ayənin üzərində bir az dayanmaq istərdik.

Allah Rəsulunun xidmətçisi olan Ənəs b. Malik Mədinəyə hic­rət zamanı səkkiz-on yaşlarında olardı. Anası əlindən tutub Allah Rəsulunun yanına gətirərək: "Ya Rəsulallah! Oğlum ömrü boyu sənə xidmət etsin", – demiş və Ənəsi orada qoyub getmişdi.[1] Məhz həmin Ənəs b. Malik: "Bu ayədə əmim Ənəs b. Nadr və onun kimilər qəsd edilir", – deyir.[2]

Ənəs b. Nadr Əqabədə Allah Rəsulunu görüncə ovsunlanmış­ və Onu dəlicəsinə sevmişdi. Lakin necə olmuşdusa, Bədir dö­yü­şündə iştirak edə bilməmişdi. Halbuki Bədrin yeri bambaşqa idi. Bədir döyüşündə olan səhabələr digərlərindən necə üstün idisə, hətta Bədrə qatılan mələklər də göy əhlinin gözündə elə üstün idi. Bu, Bədir meydanında mələklərə sərkərdəlik etmiş Cəbrailin sözü idi.[3] Amma təəssüf ki, Ənəs b. Nadr bu fürsəti əldən vermişdi, yanıb-yaxılır, gözünə yuxu getmirdi. Gəlib dərdini Allah Rəsuluna danışdı: "Ya Rəsulallah, əgər bir daha onlarla qarşılaşmaq nəsib olsa, o kafirlərin məndən çəkəcəyi var". Ənəsin bu səmimi duası qəbul olunmuş və Uhudda kafirlərlə üz-üzə gəl­miş­di.

Uhud... Uhud deyəndə insanın içi göynəyir. Çünki orada yetmiş səhabə şəhid edilmişdi. Allah Rəsulu bir gün Uhudun yanından keçərkən, kim bilir, bəlkə də, gələcək nəsillər bu acı xatirəyə görə Uhuda kəm baxmasın deyə: "Uhud elə bir dağdır ki, o, bizi sevir, biz də onu sevirik", – buyurmuşdu.[4]

Uhud sərt yamaclı dağdır. Lakin Uhud döyüşü sərtlikdə dağı geridə qoymuşdu. Necə olmuşdusa, səhabələr müvəqqəti keşik yerini lazımınca qoruya bilməmiş, hətta mövqeyini dəyişdirmiş və beləcə Allah Rəsulunun tapşırdığı istehkamdan kənara çıxmışdılar. Bəli, bu, yalnız bir strategiya və yeni mövqe axtarışı idi. Buna məğlubiyyət demək doğru deyil. Bizim səhabəyə hörmət anlayışımız da buna yol vermir.

Bu döyüşdə Allah Rəsulu da yaralanmış, mübarək dişi qırılmış, dəbilqəsi üzünə batmış və bədəni qan içində qalmışdı. Bütün bunlara baxmayaraq, o əfv və rəhmət peyğəmbəri əllərini açıb dualarla Rəbbinə yalvarmışdı: "Allahım! Qövmümü bağışla, çünki onlar bilmirlər".[5]

Ənəs b. Nadr cəbhədə əzmlə vuruşur və bir il əvvəl Allah Rəsuluna verdiyi sözü yerinə yetirməyə çalışırdı. Çoxları kimi onun da ömrü Uhudda başa çatacaqdı. Bəli, bədəni dəlik-deşik olmuşdu, son anlarını yaşayırdı, dodaqlarında son təbəssüm, yanına yaxınlaşan Sad b. Muaza bu sözləri söyləyirdi: "Rəsulullaha məndən salam de. Vallah, bu an Uhudun arxasından Cənnət qo­xularını hiss edirəm".[6]

O gün nə qədər şəhid tanınmaz hala düşmüşdü. Həzrət Həm­zə­ni, Musab b. Umeyri güclə tanımışlar. Abdullah b. Cahşın əzalarını bir yerə yığandan sonra ancaq "Odur" deyə bilmişdilər. Ənəs b. Nadr da eyni vəziyyətdə idi. Bacısı gəlmiş, qılıncı tutan əlinə (ehtimal ki, bircə bu əli yara almamışdı) baxıb onu tanımış və gözləri dolaraq: "Bu, Ənəs b. Nadrdır, ya Rəsulullah!" – deyə bilmişdi.[7]

Elə həmin ayə də qəhrəman səhabədən bəhs edirdi. O, verdiyi sözün üstündə durdu. "Var gücümlə döyüşəcəyəm", – dedi və şəhidliyə yüksəldi. Ölüm belə onu yalançı çıxara bilmədi.

Ayənin ondan bəhs etməsi onu inananlara da misal göstərmək üçündür. Bəli, hər bir müsəlman dediyi "Lə iləhə illəllah"a sadiq qalmalıdır ki, din xarab, iman yerlə-yeksan, şəair[8] darmadağın olmasın...

Ənəs b. Nadr və Ənəs b. Nadrlar sözlərinin üstündə durdular. Sözlərinin ağası və dosdoğru olduqlarını isbat etdilər. Çünki onlar Kainatın Sərvəri Məhəmmədül-Əmindən dərs almışdılar. O, necə doğru və əmin idisə, dostları da Onun kimi doğru və əmin idilər.

b. Cahiliyyə Onu "Əmin" kimi tanımışdı

Məkkəlilər Ona təkcə adı ilə deyil, "əl-Əmin" ləqəbi ilə müraciət edirdi. Bəli, O, bu məziyyəti ilə tanınırdı. Nə xoşbəxtik ki, biz də səhər-axşam oxunan bir duada Onu belə xatırlayır və "Mülk sahibi, varlığı və birliyi aşkar olan Allahdan başqa ilah yoxdur. Vədinə sadiq olan Məhəmməd Allahın elçisidir." deyirik.

Kəbə təmir edilmişdi və növbə Həcərül-Əsvədi (Biz "Həcərül-Əsad" "xoşbəxt daş" deyək) əvvəlki yerinə qoymağa çatanda qəbilələr qılınclarını yarıyacan sıyırmışdılar: hər kəs bu şərəfə özü nail olmaq istəyirdi. Nəhayət, belə bir qərara gəldilər: Kəbəyə ilk girən şəxs bu məsələnin həlli üçün hakim olacaqdı. Hər kəs intizarla gözləyirdi və təbii ki, Allah Rəsulunun heç bir şeydən xəbəri yox idi. Onun dost-düşmənin etibarını qazanmış gül üzü görününcə sevinclə: "Əmin gəlir", – dedilər və Onun hökmünə qeydsiz-şərtsiz razı olacaqlarını söylədilər...[9]

Çünki Ona tam etibar edirdilər. Allah Rəsulu o gün hələ peyğəmbər göndərilməmişdi, amma hər kəsin etimadını qazanmışdı və bir peyğəmbərə xas bütün xüsusiyyətləri özündə birləşdirirdi.

Bəli, fəzilət odur ki, düşmənlər belə qəbul və təsdiq edir. Peyğəmbərimizin (s.a.s.) ən qəddar düşməni olan Əbu Süfyan belə Onun doğruluğunu təsdiq edirdi:

Allah Rəsulu yaxın ölkələrin hökmdarlarına namələr göndərirdi. Bu məktublardan birini də Roma imperatoru İrakli (He­rak­lius) göndərmişdi. İrakli məktubu axıra qədər oxudu. O əsnada Şam bölgəsində olan Əbu Süfyanı çağırtdırdı. Onların arasında belə bir dialoq oldu:

– Onun ardınca daha çox kimlər gedir, varlılar, yoxsa kasıblar?
– Kasıblar.
– Ona inananlar arasından dönənlər oldumu?
– İndiyə qədər xeyr.
– Sayları artır yoxsa, azalır?
– Gündən-günə daha da çoxalırlar.
– Həyatında heç yalan danışdığını eşitmisinizmi?
– Xeyr, heç birimiz Onun yalan danışdığını eşitməmişik.

Məktubdan bərk təsirlənən İrakli hələ o vaxtlar Müsəlmanların ən amansız düşməni olan Əbu Süfyanın verdiyi cavablardan heyrətə gəldi, özünü saxlaya bilməyib belə dedi:

– Bir insan indiyəcən insanlara yalan danışmamışsa, Allaha qarşı yalan danışması mümkün deyil.[10]

Mövzumuzla bağlı hissəsini qısaca verdiyimiz bu hadisədə Allah Rəsulunun doğruluğuna iki dəlil vardır. Birincisi, Bizans imperatoru İraklinin qənaətidir. İkincisi isə, o gün hələ İslamla şərəflənməmiş Əbu Süfyanın verdiyi cavabdır. Bununla belə, İrakli məqam və mənsəb sevdasından əl çəkib qapısına qədər gələn həqiqi və əbədi mülkü əldən vermiş, müsəlman olub bəxtiyarlar arasına qatılmamışdı. Buna baxmayaraq, Allah Rəsulunun risalətini qəbul edib ehtiram göstərməsi onun üçün bəsirətli davranış, bizim üçün isə sevindirici etirafdır... Rəsulullahın sidqü-sədaqətini etiraf...

Əslində, İraklinin sözlərində dərin məna var. Bəli, qırx ya­şı­na­dək zarafatla da olsa, yalan danışmayan bir insanın axirətə üz tutduğu bir dövrdə, üstəlik də Allah-Təala qarşısında yalan danışması mümkündürmü?!

Yasir hələ müsəlman olmamışdı. Oğlu Ammardan hara getdi­yi­ni soruşdu. Ammar: "Məhəmmədin (s.a.s.) yanına", – deyə cavab verdi.

Bu cavab Yasirə kifayət etmişdi:

– O, əmin, etibarlı insandır. Məkkəlilər Onu belə tanıyır. Əgər O, peyğəmbər olduğunu söyləyirsə, doğrudur. Çünki heç kim Onun yalan danışdığını görməyib...

Bu sözlər, bu etiraflar təkcə bir neçə adama məxsus deyildi... İşıq çağı adlanan o dövrdə və sonrakı illərdə Rəsulullahı tanıyan hər kəs Onun doğruluğunu təsdiq edirdi.

c. Həmişə doğruluğu tövsiyə etmişdi

O, bütün ömrünü doğru-dürüst yaşadığı kimi, ümmətinə də doğruluğu tövsiyə etmişdir. Mövzunu bərəkətləndirsin deyə, onların bir neçəsini burada qeyd etmək istəyirəm:

"Mənə bu altı şey haqqında söz verin, mən də sizin Cənnətə gedəcəyinizə zamin olum:

– Doğru danışın!
– Vədinizi yerinə yetirin!
– Əmanətə riayət edin!
– Ədəb yerinizi qoruyun!
– Gözlərinizi haramdan çəkin!
– Əllərinizi haramdan uzaq saxlayın".[11]

Bəli, O, daima ox kimi doğru yaşamış, doğruluğu tövsiyə buyurmuş və özünəxas doğruluqla da sanki, imkan-vacib arasında bir zirvəyə yüksəlmişdir. Ondan o tərəfdə yalnız və yalnız Allah sədaqəti gəlir. Yəni Allah Rəsulu doğruluqda da "(Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu." (Nəcm surəsi, 53/9.) üfüqündə gəzirdi. Bəli, O, bir cəhəti ilə "imkan" dairəsində idi, ancaq digər cəhəti ilə imkan aləminin fövqünə varmışdı. Qazı İyazın Merac haqqında dediyi kimi,"O, elə bir yerə gəldi ki, ayağını hara basacağını bilmədi. Ona: "Bir ayağını o birinin üstünə qoy", – deyildi. Əlbəttə, O, bir bəşər idi. Ancaq doğruluqla belə bir məqama yüksəlmişdi. O, bizə də eyni şeyi tövsiyə edir və: "Doğru danışmağa söz verin, həyatınıza yalan qarışdırmayın, mən də sizə Cənnəti söz verim", – deyirdi.

Başqa bir hədisində isə buyurur: "İçində şübhə olan şeyləri bu­rax, tərk et. Doğruluq insanın içində itminan və hüzur hasil edər. Yalana gəlincə o, narahatlıq gətirər".[12]

Yenə buyurur: "Daim doğruluğu araşdırın! Doğruluqda həlakınızı görsəniz belə, şübhəsiz onda sizin qurtuluşunuz vardır".[13]

Başqa bir hədisində də belə fərman edir:

"Doğruluqdan ayrılmayın. Doğruluq sizi birrə (təmizlik, yaxşılıq), o da sizi Cənnətə çatdırar. İnsan doğru olar və daim doğrunu araşdırarsa, Allah qatında siddiq kimi yazılar. Yalandan çəkinin. Yalan insanı fücura (günaha), o da Cəhənnəmə aparar. İnsan dayanmadan yalan danışar və yalan araşdırarsa, Allah qatında yalançı kimi yazılar".[14]

Qurtuluş və nicat doğruluqdadır. İnsan doğruluqla ölsə belə bir dəfə ölər, halbuki hər yalan bir ölümdür.

Kab b. Malik (r.a.): "Mən doğruluğumla xilas oldum", – deyir. Bəli, doğruluq deyəndə Onu xatırlamamaq olmur.

Kab b. Malik qılıncı qədər sözü, sözü qədər də qılıncı iti səhabədir. Şair idi. Şeirləri ilə kafirlərin dünyasını alt-üst edə bilirdi.

Əqabədə gəlib Allah Rəsuluna beyət etmişdi. Başqa sözlə, Mədinənin ilk müsəlmanlarından idi. Lakin Təbuk səfərində iştirak edə bilməmişdi. Təbuk çətin və qeyri-bərabər döyüş idi. Bu döyüşdə bir ovuc insan nəhəng Roma imperiyasının orduları ilə üz-üzə gələcəkdi, həm də səhranın o qızmar istisində. Bu düşüncə ilə getdilər, o mərdliyi göstərdilər, o savabı qazandılar, amma o ağır səfər xatirələrdən silinmədi.

Allah Rəsulu bütün hərbi yürüşlərin istiqamətini gizli saxladığı halda, bu dəfə elan edərək hər kəsi döyüşə çıxmağa çağırdı. Buna baxmayaraq, Kab bu səfərdə iştirak edə bilməmişdi.

İndi hadisəni siyər kitablarından Kabın öz dilindən dinləyək:

"Hər kəs müharibəyə dəvət edildi. Çünki mübarizə çətin olacaqdı. Düzdür, Allah düşmənlə qarşılaşmağı murad etmədi. Belə olacağı bildirilmiş və ya bildirilməmişdi, amma Allah Rəsulu bu müharibəyə xüsusi əhəmiyyət verirdi.

Hər kəs kimi mən də hazırlıqlarımı tamamladım. Hətta o günə qədər heç bir hərbə bu qədər yaxşı hazırlaşmamışdım. İki Cahan Sərvərinin əmri ilə ordu hərəkətə gəldi. Mən öz-özümə "necə olsa, gedib çataram" deyə ordu ilə birlikdə çıxmadım. Heç bir işim də yox idi. Lakin özümə güvənim məni ləngidirdi. Bu gün, sabah, o biri gün deyə-deyə günlər gəlib keçdi. Artıq Allah Rəsuluna gedib çatmaq mümkün deyildi. Gözləməkdən başqa çarəm yox idi və gözlədim. Hər saat gün qədər uzun və iztirablı keçirdi.

Nəhayət, Allah Rəsulunun dönüş xəbəri hər tərəfə yayıldı. Onsuz da, hər dəfə belə olurdu. Mədinə hər dəfə Onun dönüşünə yaxın canlanırdı. Hər kəsin üzündə bir sevinc, təbəssüm vardı – Allah Rəsulu qayıdırdı.

Nəhayət, vaxt yetişdi. Ordu Mədinəyə girdi. Peyğəmbərimiz də həmişə olduğu kimi, əvvəlcə məscidə gedib iki rükət namaz qılmış, sonra da xalqla görüşməyə başlamışdı. Hər kəs dəstə-dəstə məscidə gəlir, ziyarət edir və səfərə getməyənlər də gəlmədiklərinin səbəbini deyirdilər. Mənim vəziyyətimdə olanların çoxu bəhanə gətirdi və Allah Rəsulu da bəhanələrini qəbul etdi. Mən də eyni şeyi edə bilərdim. Çünki inandırma və danışıq­ qabiliyyətimə görə çoxundan üstün idim. Amma heç bir üzrlü səbəbim olmadığı halda, Allah Rəsuluna necə yalan söyləyə bilərdim? Etmədim, edə bilmədim. Üz-üzə gəldik, İki Cahan Sərvərinin incik təbəssümü ürəyimi dəlib keçdi. Və: "Harada idin?" – dedi. Həqiqəti olduğu kimi danışdım. Başını çevirib dilinin ucu ilə: "Qalx, get!" – dedi.

Çölə çıxdım. Qövmüm başıma yığışıb: "Sən də bir bəhanə söylə, xilas ol!" – dedi. Bir anlıq ağlıma yatdı. Lakin birdən özümə gəldim və soruşdum: "Mənim vəziyyətimdə olan varmı?" "Var", – dedilər və iki ad söylədilər. İkisi də Bədir döyüşündə iştirak etmiş adlı-sanlı səhabələrdən idi: Mürarə b. Rəbi və Hilal b. Ümeyyə. Bəli, onlar da heç bir bəhanə gətirmədən doğrunu söyləmiş və mənim vəziyyətimə düşmüşdülər. Əstəğfürullah, intizar yoluna qədəm qoymuşdular. Mənim üçün nümunə götürüləsi insanlar idi ikisi də. Mən də onların yolunu tutdum, bəhanə gətirmək fikrindən daşındım.

Üçümüz haqqında Rəsulullahın əmri elan edildi. Artıq heç bir Müsəlman bizimlə görüşüb danışmayacaqdı. Digər iki səhabə evlərinə çəkilib gecə-gündüz ağlayırdı. Onların arasında ən gənc və qüvvətli mən idim. Küçəyə, dükan-bazara çıxır və namaz vaxtlarında da məscidə gedə bilirdim. Ancaq heç kim məni dindirib danışdırmırdı. Vaxtımın çoxunu məsciddə keçirirdim. Bə­zən Allah Rəsulunun bir təbəssümünü görmək üçün uzun müd­dət gözləyirdim. Əfsus, hər gün evə hicranla dönürdüm: üzündən təbəssüm əskik olmayan o uca insan bir dəfə də olsun, mənə baxıb təbəssüm etmirdi. Salam verir, "görəsən dodaqları tərpənəcəkmi" deyib gözlərimi dodaqlarına dikirdim. Ancaq dodaqları xəfif də olsa, qımıldanmırdı.

Çox vaxt namazda gözümün ucu ilə Ona baxırdım. Namaza başladığım vaxt mənə baxırdı. Namazımı bitirincə isə dərhal gözünü məndən qaçırırdı. Düz əlli günüm beləcə keçdi. Bütün insanlar və hər yer mənə elə yadlaşmışdı ki, özümü qürbət ölkədə hiss etməyə başlamışdım.

Mən əmim oğlu Əbu Qatadəni çox sevirdim və bilirdim ki, o da mənim xətrimi istəyir. Bir gün onun bağçasının hasarından atlayıb yanına getdim. Salam verdim, salamımı almadı. Soruşdum: "Allah üçün söylə, mənim Allah və Rəsulunu sevdiyimə inanmırsanmı?" Yenə səs çıxmadı. Sualı üç dəfə təkrar etdim. Üçün­cü­sün­də: "Allah və Rəsulu bilir", – dedi və uzaqlaşdı. Dünya başıma yıxılmışdı. Əbu Qatadədən bu sözü heç gözləmirdim. Gözlərim doldu, hıçqıra-hıçqıra ağladım.

Yenə bir gün təkbaşına Mədinə küçələrində gəzib-dolaşarkən bir nəfərin məni axtardığını eşitdim. Adamlar işarə ilə məni göstərmişdilər. Adam yanıma gəldi, əlində bir məktub vardı. Məktub mənə göndərilmişdi, Qassan Məlikindən idi. Məlik məni öz ölkəsinə dəvət edirdi. Məktubunda: "Eşitdim ki, sahibin səni atıb. Bi­zim­ yurdumuza gəl, bizim yanımızda sənin kimilərin qədir-qiyməti yüksəkdir..." kimi sözlər yazılmışdı. "Bu da bir imtahandır", – dedim və məktubu cırıb oda atdım.

Qırxıncı gün idi. Allah Rəsulu bir adam göndərmişdi. Gələn şəxs "qadınlarınızdan uzaq durun" deyirdi. "Boşayım, nə edim?" – dedim. (Ah, vəfasına qurban olduğum insan!) "Yalnız uzaq dur!" – dedi və getdi. Xanımı ata evinə göndərdim. Bu vaxt Hilalın həyat yoldaşı gedib qulluğunda durmaq şərti ilə icazə istəmişdi. Hilal yaşlı idi, özünə baxa bilmirdi. Və Allah Rəsulu onun xanımına icazə vermişdi. Bəziləri xanım üçün icazə istəməyi mənə də məsləhət gördülər. Qəbul etmədim. Çünki Allah Rəsulunun belə bir təklifi necə qarşılayacağını bilmirdim.

Bir müddət də belə keçdi və əlli gün oldu. Artıq dözə bilmirdim. Dünyam qaralmış, qəbir kimi dar olmuşdu. Həmişəki kimi, evimin damında sübh namazını qılıb oturmuşdum. Bir nəfərin ucadan adımı söylədiyini eşitdim. Səs "Müjdə, Kab!" deyirdi. Məsələni anlamışdım. Dərhal səcdəyə qapandım. O gün sübh namazından sonra Allah Rəsulu əfvimizi elan etmişdi. Məscidə qaçdım, hər kəs ayağa qalxmış, məni təbrik edirdi. Talha boynuma sarıldı, üzümdən-gözümdən öpdü. Sanki yenidən Əqabədə idim. Allah Rəsulunun hüzuruna gəlib əlini tutdum. O da əlimi tutdu. O an Cənnətlə müjdələnsə idim belə, bəlkə də, bu qədər sevinməzdim. Allah Rəsulu: "Allah sizi bağışladı", – buyurdu. Və haqqımızda nazil olan ayəni oxudu:

"Həmçinin (Təbuk döyüşündən) geri qalmış üç nəfərin də (tövbələrini qəbul etdi). Belə ki, dünya onlara dar olmuş, ürəkləri (qəm-qüssədən) sıxılmışdı. Onlar Allahdan (Allahın əzabından) yalnız Onun Özünə sığınmağın mümkün olduğunu başa düşdülər. Şübhəsiz ki, Allah tövbələri qəbul edəndir, rəhmlidir!" (Tövbə surəsi, 9/118)

O, ayəni oxuyandan sonra Rəsulullaha xitabən: "Ya Rəsulullah, mən doğruluqla xilas oldum. Bundan sonra nə qədər ömrüm var, doğrudan başqa bir şey söyləməyəcəyimə söz verirəm", – dedim".[15]

Bəli, peyğəmbərlik həqiqəti sidq adlanan doğruluq çarxı və əsası üzərində fırlanır. Bütün peyğəmbərlər doğrunu söyləyir. Bu, bir zərurətdir. Çünki qeyb aləmindən əmrlər alıb bəşərə çatdıran bu şəxslər kiçik bir yanlışlığa yol versələr, hər şey alt-üst olar. Biz bütün həqiqətləri onlar vasitəsilə öyrənirik. Bu isə elə həssas məsələdir ki, zərrə qədər yanlışlığa tab gətirməz.

Allah-Təala belə buyurur:

"Əgər o (Peyğəmbər) özündən bəzi sözlər uydurub Bizə isnad etsəydi, Biz ondan mütləq şiddətli intiqam alardıq! Sonra onun şah damarını qoparardıq! Və heç biriniz də (Bizim əzabımızı) ondan dəf edə bilməzdi". (Haqqa surəsi, 69/44-47)

O, ilahi əmr və qadağalar qarşısında qəssal[16] əlində bir cənazə kimi idi. Vəhy Onu istədiyi tərəfə çevirir, O da o istiqamətə yönəlirdi. Ən yüksək zirvəyə çatanda belə bu həssaslığı zərrə qədər azalmamışdı. Əksinə daha da dərinləşmiş və əlçatmaz üfüqlərə yüksəlmişdi.

ç. Sözünün ağası idi

Qırx yaşınacan Onun yalan söz söylədiyini və ya sözündə dur­madığını bir kimsə nə görmüş, nə də eşitmişdi. Daha sonra səhabə olma şərəfini qazanan bir şəxs deyir: "Cahiliyyə dövründə Allah Rəsulu ilə bir yerdə görüşmək barədə vədələşmişdik". (Yuxarıda da ərz etdim, "cahiliyyə" dövrün adıdır. Yoxsa o könlü apaydın Peyğəmbər cahiliyyə dövrünü yaşamamışdır. Onun ömrü rəsullara xas həyat cizgisində keçmişdir). Belə deyir o səhabə: "Söz verdiyimi unutmuşdum. Üçüncü gün yadıma düşdü, dərhal qaçaraq razılaşdığımız yerə getdim. Allah Rəsulu orada gözləyirdi. Mənə nə hirsləndi, nə də incidi. Yalnız: "Ey gənc, mənə əziyyət verdin. Üç gündür burada səni gözləyirəm", – dedi".[17]

d. Söylədikləri Onu təsdiq edir

O, doğuşdan Həzrət Məhəmməd Mustafa (s.a.s.) idi. Ona görə də peyğəmbərliyindən sonra da nə dedisə, hər kəs könüldən inandı və təsdiq etdi. Bəli, bütün dünya: "Doğru söyləyirsən, ya Rəsulallah!" – deyib Onu təsdiq etdi. Təkcə insanlar deyil, bütün varlıqlar belə möcüzələr dili ilə öz elçilərini Onun yanına göndərib beyət gətirdi.

Burada haşiyəyə çıxıb bəzi məqamlara toxunmaq faydalı olar. Quranın və Peyğəmbərimizin nurlu bəyanları Allahın zat, sifət və isimləri arasındakı münasibətə riayət etməkdə elə üstün dərəcəyə malikdir ki, nə filosofların ağıl yolu ilə, nə övliyanın qəlb ayağı ilə, nə də əsfiyanın ruh səviyyəsi ilə belə bir uca anlayış və bəyana yiyələnməsi mümkün olmamışdır və olmayacaq da.

Ancaq bu mütərəqqi ruhların mələkləşməyə doğru yüksəlişi həmişə bunu göstərmiş və göstərəcəkdir: onlar gedəcək və yolun sonunda Quran və Rəsulullahın bəyanlarının doğruluğunu və həqiqiliyini anlayacaq, Rəsulullahın söylədiklərini kəşf və müşahidə etməklə zövq alacaqlar.

Bəli, bu gün Onun üluhiyyət həqiqətinə dair bütün sözləri mütəxəssislər tərəfindən də təsdiq edilir və bir əsas kimi qəbul edilir. Hətta O, üluhiyyətə, həşr-nəşrə və qədərə dair elə incə məsələlərdən – həm də mövzulararası tarazlığı qoruyaraq – danışmışdır ki, nəinki əvvəlkilər və sonrakılar bunu dərk edəcək, hətta Onun aydın bəyanları olmadan bu çərçivədə bircə söz də deyə bilməyəcəklər.

Həzrət Ömər və Amr b. Axtab (r.a.) nəql edir: "Bir gün Allah Rəsulu sübh namazından sonra minbərə çıxdı. Danışdı, danışdı, danışdı... Günorta əzanı oxundu, namazı qıldırıb təkrar çıxdı və ikindiyə qədər danışdı. İkindi namazını qıldıqdan sonra da da­nışmağa başladı, bu da axşama qədər çəkdi. Nələr danışdı, nələr izah etdi? Hamısını əhatə etmək çətindir, amma o günəcən deyilməmiş hər məsələyə təmas etmişdi. Bəli, ilk xilqətdən başlamış, varlığın bağrına ilk yaradılış toxumunun atılmasına, kainatın təşəkkülündən insanın yaradılmasına qədər yaradılışın bütün dövrələrini sıralamış və daha sonra da qiyamətəcən insanların başına gələcək hadisələri bir-bir bəyan etmişdi.[18]

Bəli, keçmişin dərinliklərini vərəqləmiş və Həzrət Adəmə qədər bütün nəbiləri, həm də şəmaili ilə anlatmış, nəzərini gələcəyə çe­virib məhşərə, Cənnət və Cəhənnəmədək hər şeyi göz önünə sərmişdi. Halbuki O nə bir kitab oxumuş, nə bir kəsdən dərs almışdı. Elə isə bütün bunları necə bilirdi? Bəli, Ona bütün bunları bir Zat öyrətmişdi, O da hər şeyi bilən Həzrət Allah idi.

O, Ərşdən fərşə (göydən yerə), oradan yerin dərinliklərinə qədər izah etdiyi bütün məsələləri Mütəkəllimi-Əzəlidən (Əzəli Müəllim, yəni Allah-Təaladan) öyrənmişdi. Bu günün insanları da təsdiq edir ki, bütün bunları başqa şəkildə öyrənmək qeyri-mümkündür. Bu təsdiq də Allah Rəsulunun doğruluğuna bir dəlildir.

Bəli, O, peyğəmbərlərdən danışır. Onların əlamətlərini sayır, üz cizgilərinə qədər təsvir edirdi[19] və o günün əhli-kitabı bütün bunları etirazsız qəbul edərək: "Bəli, onlar kitablarımızda elə söylədiyiniz kimidir", – deyirdilər.[20] Tövrat, İncil və ya başqa ki­tab oxumamış bir insanın əvvəlki peyğəmbərlərin o kitablarda bəyan edilən və ya edilməyən xüsusiyyətlərini, həm də belə təfsilatlı şəkildə bildirməsi və alimlərin də onu təsdiq etməsi Allah Rəsulunun doğruluğuna şahid və dəlil deyilmi!?

Bu xüsusları haşiyə şəklində ərz etməyə çalışdıq, doğrusu, bu cür dərin məsələləri təhlil etmək mənim işim deyil. Halı halıma bərabər olan oxucunun vəziyyəti də bundan fərqli olmaz, yəqin. Bu kimi məsələləri anlayıb izah etmək üçün insan onları təsdiq etmə səviyyəsində olmalıdır. Ancaq bu səviyyəyə çatdığına inandığımız insanlar var. Biz də onların sözlərinə söykənib deyirik ki, pillə-pillə yüksələn yüz minlərlə övliya, əsfiyanın, ağlını elmlə aydınladan filosof və müdriklərin Peyğəmbərimizə dair fikirləri, onların hər mövzuda ən mükəmməl bəyanın Ona aid olduğunu qəbul etməsi Onun doğruluğunun bambaşqa tərəfini təşkil edir.

Bəli, ən seçilmiş insanların bu təsdiqi də göstərir ki, Onun hər sözü doğrudur. Onsuz da, O, özündən heç bir şey deməmişdir. O, həmişə ilahi bəyanlarla danışmış, vəhyə tərcümanlıq etmiş, beləcə bütün zaman və məkanların Söz Sultanı olmuşdur.[21]

Rəsulullahın on dörd əsr əvvəl gələcəyə dair verdiyi bəzi xəbərlərin vaxtı gəlincə zühur etməsi Onun doğruluğuna bir dəlildir ki, biz də burada daha çox məsələnin bu yönünə toxunacağıq. Ancaq mövzuya başlamadan əvvəl qeybin fərqli şəkillərdə götürülməsini açıqlamaq faydalı olardı.

[1] Əbu Yala, əl-Müsnəd, 6/306; Təbərani, əl-Mucəmüs-sağir, 2/101
[2] Müslim, İmarə 148; Tirmizi, Təfsir (33) 2-3
[3] Buxari, Məğazi 11; İbn Macə, Müqəddimə 11.
[4] Buxari, Zəkat 54; Müslim, Həcc 503-504.
[5] Buxari, Ənbiya 54; Müslim, Cihad105; Qurtubi, əl-Məscid li əhkamil-Quran, 4/199.
[6] Buxari, Məğazi 17; Müslim, İmarə 148.
[7] Buxari, Məğazi 17; Müslim, İmarə 148.
[8] İslama aid əmrlər, qaydalar
[9] Əhməd b. Hənbəl, əl-Müsnəd, 3/425; Hakim, əl-Müstədrək, 1/628; İbn Hişam, əs-Siratün-nəbəviyyə, 1/209.
[10] Buxari, Bədül-vəhy 6; Müslim, Cihad74.
[11] Əhməd b. Hənbəl, əl-Müsnəd, 5/323; Təbərani, əl-Mücəmül-kəbir, 8/262; əl-Mücəmül-övsat, 3/77; Beyhaqi, əs-Sünən, 6/288.
[12] Tirmizi, Qiyamət 60; Əhməd b. Hənbəl, əl-Müsnəd, 1/200.
[13] İbn Əbid-Dünya, əs-Samt, s. 227; Məkarimül-əxlaq, s. 51; Hənnad, əz-Zühd, 2/635.
[14] Buxari, Ədəb 69; Müslim, Birr 105. (İfadə Müslimə aiddir.)
[15] Buxari, Məğazi, 79; Müslim, Tövbə, 53-55.
[16] Meyit yuyan
[17] Əbu Davud, Ədəb 82.
[18] Buxari, Bədül-xalq 1; Müslim, Fitən 25; Əhməd b. Hənbəl, əl-Müsnəd, 5/341.
[19] Nümunə olaraq baxın: Buxari, Ənbiya 24; Müslim, İman 266-278.
[20] İbni Hişam, əs-Sirətun-Nəbəviyyə 2/27; Beyhaqi, Dəlailün-Nübüvvə 2/74-100; Əl-Hələbi, əs-Siratul-Hələbiyyə 1/298.
[21] "O, kefi istəyəni (havadan) danışmır. Bu, ancaq (Allah dərgahından) nazil olan bir vəhydir". (Nəcm surəsi, 53/3-4)

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.