Həyatından kiçik səhnələr

Həyatından kiçik səhnələr

İslamın açıq-aşkar təbliğ edilməsi ilə təzyiqlər də artdı, şəhid gedənlər oldu. Sümeyyə kimi, Yasir kimi neçə-neçə səhabə... Kimi aclıqdan, kimi işgəncədən, kimisi sinəsinə saplanan bir nizə zərbəsindən, atılan bir oxdan şəhid oldu və nəhayət, hicrət başladı... Həbəşistana hicrət, Məkkəyə dönüş, hüzn ili, Həzrət Xədicə və Əbu Talibin birdən vəfat etməsi və səbəblər baxımından Allah Rəsulunun tamamilə köməksiz qalması... Əslində Allah (cəllə cəlaluhu) Onun arxalandığı bütün səbəbləri bir-bir aradan qaldırır, daima Müsəbbibül-Əsbaba yönəliş yollarını açırdı. Çünki səbəblər tamamilə aradan qalxmadan müqərrəbin (Allaha yaxın) səviyyəsində Müsəbbibül-Əsbaba yönəlmək mümkün olmazdı. Səbəblər tamamilə yox edilməlidir ki, insan o əsnada fitri meyilləri ilə yanaşı çarəsiz və məcburən də "Allah"a yönəlib tövhid nurunun sirlərini sezə bilsin və əhadiyyət sirri vicdanında zühur etsin.. Yunus ibn Mətta kimi Rəsulunu da sağ-salamat sahilə çıxarsın və "yaqtin ağacı"nın[1] altında ona ilahi nuru göstərsin.

Bəli, Allah Uca Rəsulunu qoruyan, himayə edən insanları bir-bir dünyadan aparırdı: Əvvəlcə Əbu Talib öldü, çox keçmədən də Həzrət Xədicə (radiyallahu anha) axirət yurduna köçdü. Beləcə, səhabəsinə və gələcək nəsillərə əsl həqiqəti göstərərək Onun gözünün önündə səbəbləri bir-bir yox edir, üzünü Müsəbbibül-Əsbaba çevirtdirir və sanki belə buyururdu: "Sən daim Allah (cəllə cəlaluhu) deməyə namizədsən. Görmürsən ki, Sən doğulmadan atanı, dünyaya gələndən bir müddət sonra ananı, daha sonra babanı, bəli, səni kim himayə etdisə, bir-bir əlindən alaraq daim Sənə bunu xatırlatdıq: "Uca Həbibim, əsla və əsla, gözlərini başqa tərəfə çevirmə! Həmişə Məni axtar, Məni gör, Məni eşit, Məni bil və kainatda, döydüyün hər qapının arxasında Mənim səsimi eşitməyə çalış!"

Allahın Onu yaşamağa məcbur etdiyi bu yol ağırdı, çətindi, məşəqqətliydi, dözülməzdi, amma Həzrət Məhəmməd Mustafanın (s.a.s.) gücü çatmayan bir yük də deyildi. Çünki O, Allahdan (cəllə cəlaluhu) aldığı qüvvətlə çox güclü, əcz və fəqri ilə qanadlanmış yenilməz bir insan idi.

Zahiri səbəblərin vəfasızlıq etdiyi yerlərdən biri də Taif idi. Allah Rəsulu təmiz insanlar tapıb ilahi bəyanları çatdırmaq ümidiylə getmiş, baş-gözü, əl-ayağı qan içində geri dönmüşdü.[2] Sonra Əqabədə ilk altı (bir rəvayətdə yeddi) mədinəli ilə qarşılaşmışdı.. bunlar Əsad ibn Zürarə və yoldaşları idi. Allah Rəsulunun əlini sıxıb Mədinəyə qayıtdılar və ertəsi il on iki adam, bir il sonra isə ikisi qadın, yetmiş iki nəfərlik heyətlə Allah Rəsulunun hüzuruna gəlib beyət etdilər.[3] Onların arasında iki qadın da vardı: (İslam tarixinin daim şərəflə yad etdiyi Ümmü Ümarə ləqəbli) Nəsibətül-Maziniyyə və Əsma binti Amr.[4]

Bu böyük qadınlar o gündən sonra səfərdə-vətəndə Allah Rəsulundan ayrılmadılar. Hətta irtidad (dindən dönmə) hadisələrində Ümmü Ümarə oğlu Həbibin şəhid olduğu Yəmamədə əlində qılıncı, Uhuddakı qəhrəmanlığı ilə sözünün və vəzifəsinin başında idi.[5] Mədinənin bu ilk müsəlmanları Allah Rəsulunu Mədinəyə dəvət etdilər.. və sərdar artıq ordusunun başına keçmişdi.

O günə qədər heç kimin burnunu qanatmamış, kiminsə könlünü qırmamışdı. Hətta O, kiməsə bıçaq verəndə belə tiyəsini özünə tərəf tutar, sap tərəfini uzadardı. Çünki qarşısındakı adam qorxa bilərdi. Bəli, Rəsulullah bu dərəcədə həssas idi.. və o günədək heç kimi incitməmişdi. Ancaq O "Sahibül-qadib (Qılınc sahibi)" Rəsulullah haqq və həqiqətin yayılmasından və Quranın dörd tərəfdə intişar tapmasından narahat olan və buna əngəl törətməyə çalışan yarasaların qarşısına, əlbəttə, qılıncı ilə çıxacaq və: "Ey yarasalar! Artıq nurun qabağını kəsə bilməzsiniz! Gecənin qara qoynuna çəkilməkdən başqa çarəniz yoxdur... Dağılışın, gündüzün işıq ordusunun və işıq süvarilərinin qarşısında dayanmayın!" deyə hayqıracaqdı və hayqırdı da!

Lider təbəəsi ilə çiyin-çiyinə və ordusunun başında idi. Əvvəl ictimai məsələləri yoluna qoydu. Səhabələri qardaş elan etdi, Əhli-Kitabı öz tərəfinə çəkdi, onlarla sülh bağladı və bir müqavilə hazırlayaraq hər kəsə əmin-amanlıq gətirdi.

Daha sonra hərbi işlərə yönəldi və kiçik dəstələr təşkil etdi.. nəhayət, ətraf ərazilərə kəşfiyyat dəstələri göndərməyə başladı. Sayca on nəfər və ondan az olan dəstələr əsasən vəziyyətlə bağlı məlumat toplayırdı. Bunlar ətrafa göz qoyur, əldə etdikləri məlumatları gəlib Allah Rəsuluna xəbər verirdilər.

Bundan başqa sayca on nəfərdən çox olan hərbi dəstələr vardı. Bunlar silahlı idilər.. təlim görmüşdülər. Hər an əmrə hazır gözləyirdilər. Müasir dillə desək, "xüsusi təyinatlı"lar idi. Allah Rəsulunun dəstələri lazım gələndə kəşfiyyat vəzifəsini də yerinə yetirirdilər, döyüşməkdə də usta idilər. Özü də dörd dəfə bu dəstələrə şəxsən rəhbərlik etdi. Bəzən sayı iki yüz nəfərə çatan kəşfiyyat dəstələri də göndərilirdi. Bunlar daha çox düşmənin içinə çaxnaşma salma, onu qorxutma kimi tapşırıqları yerinə yetirirdi.

[1] Və (başı) üstündə (Yunus peyğəmbərə kölgə salmaq üçün) iri yarpaqlı bir ağac (yaqtin ağacı) bitirdik. "Saffat" surəsi, 37/146.
[2] İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 3/136.
[3] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 2/276-292.
[4] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 2/290.
[5] İbn Həcər, "Əl-isabə" , 8/265-266; İbn Əbdülbərr, "Əl-istiab", 4/1948-1949.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.