Hüdeybiyyənin nəticələri

Hüdeybiyyənin nəticələri

Bu hadisəni hərtərəfli izah edərək mühüm bir xüsusa giriş verməyə çalışdım ki, o da Hüdeybiyyənin nəticələridir. Hüdeybiyyə müqaviləsinin nəticələri nə oldu? Allah Rəsulunun bağladığı bu sülh müqaviləsi müsəlmanlara nə gətirdi?

1. İslamı qəbul edənlər

Əvvəla, bu sülh dövründə "İslamın Qılıncı" Xalid ibn Vəlid (r.a.) müsəlman oldu.

Xalid ibn Vəlid hərblərdə diz çökdürüləsi bir insan deyildi.. olmamalı idi də... Nə qədər ki gələcəkdə izzətə çevrilən qüruru vardı, qılınc gücü ilə İslamı qəbul etməsi mümkün deyildi. Allah-Təala gələcəyin bu dahi sərkərdəsini lütfüylə qorumuş, onun izzətlə İslama girməsinə zəmin hazırlamışdı. Əgər belə bir sülh dövrü olmasaydı, Xalidin qəlbindəki "buzlar necə əriyəcəkdi!"

Belə ki, Məkkədə görüləsi iş qalmayınca Xalid, o mahir döyüşçü heç olmasa bir az düşünməyə fürsət tapmışdı. Hüdeybiyyədə müsəlmanların zahirən ağır müqavilə şərtlərinə razı olması və ikinci il gəlib ibadət yanğısı ilə ümrə etməsi Xalid və onun kimi fikirləşənlərə dərin təsir etmişdi. Sülh dövrü onun üçün də bir durulma, arınma dönəmi oldu. Və bir müddət sonra da gəlib Allah Rəsuluna iman gətirdiyini elan etdi.[1] Bu təslimiyyət də onun "Seyfullah" adını qazanması ilə nəticələndi. Elə Allah Rəsulu da bu nəticəni gözləyirdi. Amr ibn As (r.a.) da bu ərəfədə müsəlman olanlardandır.[2] Hüdeybiyyə sülhü ilə gələn yeknəsəq həyat bu igidləri, bu qəhrəmanları və qızğın hərb meydanlarının cəngavərlərini bezdirib usandırdı və yeni fəthlərə can atan müsəlman cəbhəsinə sövq etdi...

Osman ibn Talha (r.a.) da bu dövrdə müsəlman olan böyük səhabələrdəndir. Osman ibn Talha (r.a.) ömrü boyu Beytullahın açarını daşımışdı. Rəsulullah Məkkənin fəthindən sonra da onu bu şərəfdən məhrum etməmişdi.[3] Bu insanlar hərbi və siyasi dühaları ilə ordular dağıdan şəxsiyyətlər idi. Onlar İslamın gözəlliyini məhz sülh dövrünün mülayim ab-havasında kəşf edə bilmişdilər.[4]

2. Kəbə heç kimin hakimiyyəti altında ola bilməz

İkincisi: O günəcən qüreyşlilər hər kəsə yuxarıdan baxırdılar: "Beytullah bizimdir" deyib heç kimi yaxın qoymurdular. Bac almadan bircə nəfəri də Kəbəni ziyarətə buraxmırdılar. Xərac vermədən Beytullahı ziyarət etmək mümkün deyildi.

Halbuki, Allah Rəsulu ilə imzalanan müqavilədə belə bir şərt irəli sürülməmişdi, bu da qüreyşlilər üçün böyük "xəta" idi. Müsəlmanlar ertəsi il Kəbəni xərac ödəmədən təvaf edəndə[5] digər qövm və qəbilələr bir mənada ayıldılar. Demək ki, Qüreyş Kəbənin yeganə sahibi deyildi. Elə olsaydı, Mədinədən gələn müsəlmanlar xərac ödəmədən Kəbəni necə ziyarət edə bilərdilər? O halda özləri niyə bac-xərac verib ziyarət etməliydilər?!

Beləliklə, insanlar artıq Kəbə kimi müqəddəs məkanın Qüreyşin şəxsi mülkü olmadığını görməyə, anlamağa başlamışdı. Beləliklə, sonrakı illərdə hər kəs bir əngəllə qarşılaşmadan gəlib Kəbəni ziyarət edəcək və dini mərasimləri icra edə biləcəkdi.

3. Təbliğ sülh şəraitində olur

Üçüncüsü: Hüdeybiyyə müqaviləsi ilə düz on il Qüreyş bəlası sovuşmuş olacaqdı. Bu on illik zaman kəsiyi müsəlmanlar üçün çox əhəmiyyətli idi. Allah Rəsulu yetişdirdiyi irşad heyətlərini məhz bu dövrdə müxtəlif yerlərə göndərə bildi ki, bu da İslamın səsinin bütün Ərəbistan yarımadasında əks-səda verməsi demək idi.

Bəli artıq hər yerdə Quran səsi yüksəlir, hər kəs İslama üz tuturdu. Qurani-Kərimin: "İnsanlar dəstə-dəstə Allahın dininə (İslama) daxil olarlar" ("Nasr" surəsi, 110/2) deyə müjdələdiyi dövr gəlib çatmışdı. 10 il yeni bir nəslin yetişməsi demək idi. Qüreyşlilər Müsəlmanlara necə fürsət verdiklərini ağıllarına da gətirməmişdilər. Bilsəydilər, belə bir müqaviləyə əsla qol qoymazdılar. Bu illərdə müsəlmanlar həm keyfiyyət, həm də kəmiyyət planında xeyli uğurlar əldə etdilər. İnsanların dəstə-dəstə İslamla şərəflənməsi bir tərəfdən ümidi, digər tərəfdən hərbi gücü artırırdı. Müsəlmanlar bir gün bu güclə Məkkənin qapısını kəsdirəndə Qüreyşin təslim olmaqdan başqa bir çarəsi qalmayacaqdı.

4. Sülh dövründə İslamla tanış oldular

Dördüncüsü: Hüdeybiyyə müqaviləsinədək iki tərəfin arasında qarşılıqlı gediş-gəlişlər olmurdu. Ancaq qılıncların sıyrıldığı, kamanların çəkildiyi hərb meydanlarında qarşılaşırdılar. Müharibə şəraitində islami həqiqətləri qarşı tərəfə çatdırmaq mümkün deyildi. Müqavilənin bağlanması vəziyyəti tamam dəyişdi, qarşılıqlı gediş-gəlişlər başladı. O günəcən İslamın gözəlliklərindən xəbərsiz yaşayanlar müsəlmanların həyat tərzini görəndə heyran qaldılar. Mədinədə müsəlmanların həyatı Cənnət həyatından fərqlənmir, görənləri ovsunlayırdı. Dəstəmaz, əzan, camaatla qılınan namaz və insanların namazda xüşu və hüdusu məkkəlilərin könlünü özünə çəkirdi. Hüdeybiyyə sülhü sayəsində demək olar, elə bir ev qalmadı ki, İslamın səsi-nəfəsindən və Quranın bəyanlarından xəbər tutmasın. Əbu Cəhil o gün yaşasaydı, evində tək qalardı. Bu baxımdan Hüdeybiyyə müqaviləsi Məkkə fəthindən əvvəl qazanılmış bir fəth idi.

Bəli, Allah Rəsulu atdığı addımları çox yaxşı bilirdi. Nəzərinin çatdığı yerə ayağını da qoya bilirdi. Fikir və əməl bütövlüyü çərçivəsində hadisələrin öhdəsindən layiqincə gəlir və məsələləri bir-bir həll edirdi.

5. İslam rəsmi şəkildə tanınmağa başlandı

Beşincisi: Bu razılaşma nəticəsində bütün qövm və qəbilələr Peyğəmbərimizin rəhbərlik etdiyi şəhər dövlətini ətraf qəbilələrlə müqavilə bağlayan, razılığa gələn, müstəqil siyasət yürüdən bir dövlət kimi qəbul etməyə başladılar. Hal-hazırda yeni qurulan və ya müstəqilliyini elan edən dövlətlər digər ölkələr tərəfindən dövlət kimi tanınmaqla və qarşılıqlı münasibətlər qurmaqla hüquqi status əldə edir. Allah Rəsulu Məkkə ilə belə bir müqavilə bağlamaqla tanınmış olurdu. Qüreyş tanıyandan sonra taiflilər niyə tanımasın ki?! Bəli, bir-birinin ardınca Onu tanımalı oldular.

Bəli, Allah Rəsulu Hüdeybiyyə kimi ağır şərtli müqavilədən fəthlər çıxaran xariqə bir insan idi. Düşünməyə macal tapmadan bağlanan müqavilə ilə gələcək fəthlərin təməllərini atmaq bəşər düşüncəsinə sığmayan möcüzəvi bir müvəffəqiyyətdir ki, bu da Onun haqq peyğəmbər olmasının ən canlı şahidlərindəndir. Belə ki, tarix heç bir bəşərin - nə qədər dahi də olsa, - zahirən məğlubiyyət kimi görünən bir müqaviləni böyük fəthlərə çevirməsinə şahid olmamışdır. Çünki belə bir zəfər bəşər gücünün fövqündə dayanan bir qüvvə, bir iradə və bir elmdən qaynaqlanırdı.

6. Onun arxa-dayağı Allahdı

Bəli, Rəsulullahın həll edib yoluna qoyduğu məsələlərə baxanda Onun arxasında bütün varlığa hökm edən Sonsuz Qüdrət Sahibi Uca Allahın dayandığını görməmək mümkün deyil.

Ayrıca, Onun Qaf dağından da ağır məsələlərin öhdəsindən asanlıqla gəlməsinin arxasında dayanan Qüdrət Əlini, Onun siyanətini, hifzini, himayəsini, "O, Mənim Peyğəmbərimdir" buyurduğunu görür və bütün varlığımızla coşub: "Muhəmmədun Rəsulullah" (s.a.s.) deyə hayqırırıq.

Bəli, Allah Rəsulu qərarlarını çox sürətlə verirdi. Bu sürətli qərarlara paralel olaraq məsələlərə birbaşa müdaxilə edir və əl atdığı hər işin də öhdəsindən məharətlə gəlirdi. Bəli, Onun həyatında – siyər kitabları şahiddir – bircə dənə də düzəlişə ehtiyac olan yanlış bir davranışa rast gəlmirik, hətta başqalarının məğlubiyyət, uğursuzluq saydığı vəziyyətlərdə belə işin bir tərəfindən tutar-tutmaz məğlubiyyəti zəfərə, şəri xeyrə çevirirdi!

Bəli, məğlubiyyətlər Onun əlində müvəffəqiyyətə dönür, zəfərə, fəthlərə çevrilirdi. Elə bil əşyanın axışına, təbiətinə, mahiyyətinə zidd bir axış, bir təbiət, bir mahiyyət meydana gətirirdi.

Halbuki bunlar Allaha (cəllə cəlaluhu) aid şeylər idi: "Halbuki sizi də, sizin işinizi də Allah yaratmışdır!" ("Saffat" surəsi, 37/96) Allah (cəllə cəlaluhu) ən kamil, ən şərəfli, ən fəzilətli bəndəsinin əli ilə öz işlərini yaradır... Nə üçün yaradır? "Bilin ki, bu, mənim qulum, bu, mənim peyğəmbərimdir" demək üçün! Bununla da sanki: "Bilin ki, Mən hər şeydə Ona arxayam. Siz milyon nəfər, milyard nəfər olsanız, Mənim o yeganə qulum tək olsa, yenə hamınıza qalib gələcək. Niyə? Çünki Mən Onu bütün qüvvət xəzinələrimlə dəstəkləyirəm. لاَحَوْلَ وَلاَ قُوَّةَ إلاَّ بِاللّٰهِ Onun arxasında Mən varam və heç kim unutmasın ki, Allahın (cəllə cəlaluhu) arxa-dayaq olduğu Zata qarşı çıxmaq Rəbbə (cəllə cəlaluhu) hərb elan etmək deməkdir" – buyurur.

Həzrət Məhəmməd (s.a.s) məğlub olmadı, məğlub olmaya­caq. Onu məğlub etmək arzusuna qapılmaq ağıl və qəlbin ziddinə getmək deməkdir. Daha doğrusu, belələri müşkül arzulara qapılıb öz-özünü aldadan bədbəxtlərdir. Allah-Təala elələrini əməllicə silkələyir, xəbərdar edir, "Özünüzə gəlin, ey həddini bilməzlər!" deyir... bundan da bir şey anlamayanda dərdəst edib başıaşağı yuvarlayır.

Bəli, Həzrət Məhəmmədlə (s.a.s) müharibə etmək, Ona qarşı çıxmaq mümkün deyildir. Ona qüvvət verən Allahdır (cəllə cəlaluhu). Hətta yeganə hamisi Allah əzvaci-tahiratın istəklərinə qarşı Rəsulunu bu ayələrlə təsəlli etmişdi: "Allah Sənin arxandadır, mələklər də!" ("Təhrim" surəsi, 66/4) Yəni səmavatın bütün ruhani sakinləri Sənə dəstəkdir. Sənin orduların səma əhlidirsə, milyonlar, milyardlar qarşına çıxsa, nə olacaq?! Qarşı çıxan da öz başını sərt qayaya vurub parça-parça etmiş olar.

Bəli, Allah (cəllə cəlaluhu), bəlkə, dərhal cəzalandırmır, o biri­ dünyaya bir etiraz və bəhanə qalmasın deyə, on dəfə, iyirmi dəfə, otuz dəfə möhlət verir və bir mənada onlara belə buyurur: "Görün, anlayın, doğru yola gəlin, axirətdə etiraz etməyəsiniz, bəhanə gətirməyəsiniz." Amma hədisin ifadəsiylə: "Onlara bir dəfə əzab gəldimi, artıq qurtuluş yoxdur."[6]

[1] İbn Sad, "Ət-təbəqətül-kübra", 4/252; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/240.
[2] Təbəri, "Tarixül-üməm vəl-müluk", 2/146; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/238.
[3] İbn Sad, "Ət-təbəqatul-kübra", 2/137; İbn Həcər, "Əl-isabə", 3/371.
[4] İbn Sad, "Ət-təbəqətül-kübra", 4/252; İbn Kəsir, "Əl-bidayə vən-nihayə", 4/238.
[5] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 4/12.
[6] Buxari, "Təfsir", (11) 5; Müslim, "Birr", 61.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.