Liderin xüsusiyyətləri

Liderin xüsusiyyətləri

Peyğəmbərimizin fətanətinin bir yönü də qarşısına çıxan bütün problemləri – hansı sahəyə aid olursa-olsun, – çox asanlıqla və su içimi kimi həll etməsidir ki, bu da Onun peyğəmbərliyinə şahidlik edən bürhanlardandır.

Uğurlu idarəçi və liderlər bəzi mühüm xüsusiyyətlərə malik olurlar. Bunların bir qismini belə sıralamaq mümkündür:

1. Liderin təqdim etdiyi ideyaların (fikirlərin) heç biri həyatla ziddiyyət təşkil etməməli və lider bütün dövrlərdə bu ideyaların tətbiqinin mümkünlüyünə əmin olmalıdır.

Necə ki bir insan öz gözləriylə gördüyü bir hadisəni heç çəkinmədən və tərəddüd etmədən danışır və danışarkən də yalan sayılmasından əsla qorxmur, eləcə də bir lider irəli sürdüyü ideya və ya fikirlərinin doğruluğuna öz gözüylə gördüyü hadisələrdən daha qətiyyətlə inanmalıdır. Bir liderin səsləndirdiyi fikirlərə dərindən inanması müvəffəq olmaq üçün kifayət etmir. Bu fikirlər real həyatla da təzad təşkil etməməlidir. Yəni irəli sürülən ideya və fikirlər həyatın fırlanan çarxları arasında qalıb "əzilməməli", köhnəlib keçmişin arxivinə atılmamalıdır.

2. Lider fikir və ideyalarının təbliğində israrlı və qətiyyətli olmalıdır. Həmçinin o, iş vaxtını (vaxtının çoxunu) insan yetişdirməyə sərf etməli, daima insanla işləməli və onun işlərində kültür həmişə ağırlığını qorumalıdır.

3. Lider işçilərini çox yaxşı tanımalıdır. Kimə hansı işi tapşıracağını, kimi nəyə görə məsul sayacağını, kimdən nəyi və nə səviyyədə gözləyəcəyini çox yaxşı bilməlidir. Bununla yanaşı o, planladığı işlərin gedişatını elə nizamlamalıdır ki, orta səviyyəli insan da, ən fəal adam da bu gedişin sürətindən narahatlıq duymasınlar. Lider eyni zamanda bu günün işlərini dünəndən, sabahın işlərini də bu gündən görməli və planını buna uyğun qurmalıdır ki, bugünkü işlərin planı sabahkıların tətbiqini axsatmasın. Əks halda sabahın işləri ilə bu günün işləri bir-birinə zərər verər. Bəli, həqiqi lider cəmiyyətdə gedən proseslərə baxaraq neçə il sonranı belə əvvəlcədən müəyyən etməlidir ki, bugünkü işlər sabahın gözlənilməz hadisələri ilə pozulmasın.

4. Lider təbəəsinin bütün problemlərini həll etməyə hazır olmalıdır. Bu problemlər fərdi, ailə, idari, ədliyyə, iqtisadi və ictimai – hər məzmunda ola bilər. Lider bunların hamısını asanlıqla çözməlidir.

5. Liderin irəli sürdüyü bütün təklif, direktiv və prinsiplərin tətbiqi mümkün olmalıdır. Əsl lider tətbiq edilməsi mümkün olmayan utopik təkliflər irəli sürməz. Eyni zamanda o, irəli sürdüyü fikirləri əvvəlcə özü həyata keçirər və ən incə təfərrüatına qədər riayət edər.

Digər mühüm məsələ: liderin özünə qayə seçdiyi prinsip və düsturlar zaman keçdikcə təsir gücünü itirməməli və "təravətini" daima qoruyub saxlamalıdır. Belə ki, hər dövrün adamı bu düsturlarda dərdinə dərman tapmalıdır. İllər, əsrlər keçdikcə bu prinsiplər dəyişmək, "qocalmaq" yerinə daha da gözəlləşib "cavanlaşmalıdır".

Əsl liderə xas olan bu maddələri bir bütöv kimi götürsək, dünyanın ən müvəffəqiyyətli liderinin, ən böyük fətanət sahibinin Həzrət Məhəmməd Əleyhissalam olduğunu görərik. Çünki O sadalanan xüsusiyyətlərin hamısını ən mükəmməl təmsil etmiş müstəsna və seçilmiş şəxsiyyətdir. Ona bərabər ikinci bir şəxs göstərmək də mümkün deyil. Qeyd edək ki, bütün peyğəmbərlər ən böyük liderlər sayılır.

Bizim iman kimi qəbul etdiyimiz bu həqiqəti bu gün qərb kompüter və kompüterlər vasitəsiylə yeni-yeni kəşf etməyə - kəşfləri onları və onlar kimilərini qane etsə, sevinərəm – başlayıblar.

Belə ki, müxtəlif şəxsiyyətlərin adını, onların xarakterik xüsusiyyətlərini bir kompüterə yükləmiş, sonra da namizədlər arasından birincini seçməyi kompüterə həvalə etmişlər. Uzun araşdırmalardan və sınaqları təkrar-təkrar gözdən keçirəndən sonra kompüter ekranları bir şəxsin birinciliyini göstərmişdi, o da insanlığın iftixarı Ruhu-Seyyidil-Ənam Həzrət Məhəmməd (s.a.s.) idi.

Bəli, O da bir bəşər övladı idi, amma bəşər kimi yaşamamışdı. O, ən böyük lider, ən böyük rəhbər və ən böyük pişdardı (öndər)...

Yuxarıda ümumi şəkildə təqdim etdiyimiz məsələləri konkret misallarla bir az da aydınlaşdıraq:

Peyğəmbərimizin bəşəriyyətə gətirdiyi ideya və bəyanların heç biri həyatla təzad təşkil etməmişdir. Həm də O, fikirlərini inamla, qətiyyətlə irəli sürmüş, heç vaxt tərəddüd və şübhə keçirməmişdir.

Söylədiyi sözlərdə Ərşdən fərşə, Cənnətdən Cəhənnəmə, ilk insandan qiyamətədək bir çox məsələnin şərh və izahı vardır. Xüsusilə, ümməti ilə əlaqədar hadisələri bəzən ad da verərək, bir-bir saymış və izah etmişdir. Elə bil hər şeyi bir televiziya ekranında seyr edirdi. Bəli, O, dediyi sözlərə hər zaman əmin idi. Çünki Allah-Təala Kitabi-Mübin və İmami-Mübini Onun gözləri önünə sərmiş və qədərin bütün lövhələrini Ona müşahidə etdirmişdir. O görür və gördüyünü ümmətinə danışırdı. Təbii ki, belə bir Zatın gətirdiyi prinsiplər də əbədi qalacaqdı.

Şairlər Sultanı Nəcib Fazil nə gözəl deyir:

Sabah, əlbət, bizim, əlbət, bizimdir!
Gün doğmuş, gün batmış, əbəd bizimdir!

Şair bu sözləriylə iman etmiş bir insanın sonsuz inam və əminliyini ifadə edirdi. Bu sözləri Peyğəmbərimizin məfkurəsi baxımından gözdən keçirsək, bambaşqa mənalar çıxar qarşımıza. Yəni illər, qərinələr keçə bilər, neçə əsrin günəşi doğub bata bilər. Həzrət Məhəmməd Əleyhissalamın gətirdiyi bəyanlar isə əbədi yaşayacaq!

1. O, inamlı və qətiyyətli idi

İbn İshaq nəql edir: Qüreyşin böyükləri Peyğəmbərimizlə razılığa gəlmək istəyirdilər. Bu məqsədlə Əbu Talibə müraciət etdilər. Əbu Talib qardaşı oğlu Rəsulullahı çağırıb: "Bunlar Qüreyşin böyükləridir. Məqsədləri Səninlə oturub razılığa gəlməkdir. Sənin bəzi məsələlərdə güzəştə getməyini istəyirlər. Özləri də bəzi məsələlərdə güzəştə getməyə hazırdırlar" – dedi.

Allah Rəsulu əmin idi.. və nə istəyəcəyini yaxşı bilirdi. "Mən sizdən bircə söz istəyirəm. Onu söyləsəniz, bütün ərəblərə hakim olacaqsınız və bütün Əcəm sizin bayrağınız altında toplanacaq", – buyurdu.

Gələnlər sevinmişdi. Həyəcanla: "Canımız sənə fəda olsun, söylə o nə sözdür elə?" – dedilər. Allah Rəsulu yenə eyni təmkin və ciddiyyətlə: لاَ اِلَهَ إلاَّ اللّٰهُ dedi və sözlərinə davam etdi: "Bunu desəniz, yaxın gələcəkdə ərəblərə hakim olacaqsınız və bütün bəşəriyyət sizin arxanızca gedəcək."[1]

Və getdi də...

Bu nəcib və soylu millətə qədər nə qədər dövlət və millət onların izi ilə getdi. Ələlxüsus da, həqiqəti çox erkən dərk etmiş bu millət ta on bir əsr əvvəl Həzrət Məhəmmədin (s.a.s.) bir günəş kimi üfüqdə doğduğunu görüncə vaxt itirmədən dərhal Onun qapısına tələsdi. Təsəvvür edin: bir il içində min çadır birdən, həm də könüllü surətdə müsəlman oldu. Bu səmimi qəbulun nəticəsidir ki, on əsr dünya üfüqlərində bu uca tövhid məfkurəsinə bayraqdarlıq etdi. Rəsulullahın ilk bayraqdarları – Həmzələr, İbn Cahşlar, Musablar, Zübeyrlər kimi, o da Himalay dağlarının ətəklərindən enib gəldi.. və əsrlərlə davam edən bu mübarizədə bayraqdarlıq vəzifəsini öz çiyinlərinə götürdü. Bir dərin ruh və şüurla Onun keşiyində durdu. (Allah (cəllə cəlaluhu) bu nəcib milləti imana və Qurana xidmət yolunda əbədiyyən paydar etsin!)

Bəli, Həzrət Məhəmməd Mustafa (s.a.s.) inamla, inanaraq,­ zərrə qədər tərəddüd etmədən, qərarından dönmədən və güzəştə getmədən həyatla üst-üstə düşən bəyanlar təqdim edirdi. Təqdim edəndə də o gününə əmin, sabahına əmin idi, "Sabah siz bütün ərəblərə hakim olacaqsınız. Müqəddəs ev – Kəbə də bütün bəşəriyyətin təvaf yerinə çevriləcəkdir" deyir və zamanı gəlincə, necə demişsə, eləcə gerçəkləşirdi.

Bu gün təkcə Kəbə deyil, Onun nurlu məzarı da bir ehtiram ifadəsi olaraq, qüdsilərin təvafgahı olmuşdur. Hər il milyonlarla insan kəpənəklər kimi o nur haləsinin ətrafında pərvaz edir. O gün Allah Rəsulu bu sözləri söyləyəndə üfüqdə bir əlaməti də görünmürdü.

Adiy ibn Hatimin gördüklərini başqa bir məsələ ilə əlaqədar danışmışdım. İcazənizlə, burada bir daha xatırlatmaq istəyirəm. Adiy Hatimi-Tainin oğludur. Hatim isə səxavəti ilə məşhur insanlardandır.

Həzrət Adiy bizə belə bir hadisə nəql edir:

Allah Rəsulu ilə birlikdə oturmuşdum. İçəri bir nəfər girdi, quldurlardan şikayət etdi: "Karvanlar soyulur, mallar qəsb edilir, soyğunçuluq baş alıb gedir!". Bir nəfər də: "Qıtlıq-quraqlıq hər yeri bürüyüb, hər tərəfdə insanlar aclıqdan tələf olur!" – dedi.

Bu vaxt Allah Rəsulu mənə dönüb belə dedi:

– Ey Adiy, sən Hirəni tanıyırsan?" Mən: "Xeyr, ya Rəsulullah! Ora heç getməmişəm. Lakin hansı tərəfdə olduğunu bilirəm" – dedim. Allah Rəsulu sözünə davam edərək:

– Əgər ömrün çatsa, çox yaxında bir qadının dəvə belində Hirəndən təkbaşına gəlib Kəbəni təvaf etdiyini görəcəksən" – buyurdu.

Mən içimdən "Tay haramıları yolda dura-dura, bu, necə mümkün olacaq!?" dedim. Rəsulullah sözünə davam etdi:

– Ey Adiy, ömrün çatsa, yenə görəcəksən! Bir gün Kisranın bütün xəzinələri mənim ümmətimin əlinə keçəcək." Mən heyrətlə: "Hörmüzün oğlu Kisranı deyirsiniz?" – deyə soruşdum: "Bəli, Hörmüzün oğlu Kisranı" – buyurdu. Və Adiy sözünü belə tamamlayır: "Allaha and olsun ki, Allah Rəsulu o gün nə demişdisə, hamısına şahid oldum. Və bir də gələcəyə aid bir şey söylədi. Ümid edir və inanıram ki, onu da görəcəyəm."[2]

Budur, Allah Rəsulu bəyanlarını, qeybi xəbərləri insanlara belə fövqəladə inamla təqdim edir və heç birisində zərrə qədər şübhə və tərəddüd əlaməti sezilmirdi. Onsuz da, xəbər verdiyi hadisələr vaxtı-vədəsi yetişincə Allahın (cəllə cəlaluhu) inayət və kərəmiylə bir-bir zühur edirdi.

2. Varlıların imtiyaz istəməsi

İslamın başlanğıcında Allah Rəsuluna iman gətirənlərin çoxu kasıb idi. Böyük əksəriyyəti də gənclər idi. Küfrün kəsavətinə bürünmüş qərəzli yaşlılar inadkarlıqdan əl çəkmək bilmirdilər. Nəhayət,

يَدْخُلُونَ فِي دِينِ اللّٰهِ أَفْوَاجاً
"İnsanlar dəstə-dəstə Allahın dininə daxil olanda" ("Nasr" surəsi, 110/2)

Allah Rəsuluna iman etməyə ehtiyac duydular. Amma ilk günlərdə Ona yalnız gənclər iman gətirmişdi. Həm də yoxsul gənclər!..

Özünü başqalarından üstün sayan bəzi müşriklər bundan heç də məmnun deyildilər. Tez-tez Allah Rəsuluna müraciət edib "Bizə xüsusi gün ayır" deyirdilər. Başqa müsəlmanlarla, xüsusilə, kasıblarla – Bilallarla, Ammarlarla, Yasirlərlə, Xabbablarla bir məclisdə olmağı özlərinə sığışdırmırdılar. Onlar Məkkənin ağaları idi, sadə camaatla bir yerdə oturmaq onlara yaraşmazdı. Bəlkə də, o dövrün cəmiyyətində belə şeylər adiləşdiyi üçün bunu ağlabatan və məqbul istək hesab edirdilər. Ancaq vəziyyət heç də onların təxmin etdikləri kimi deyildi. Onlar belə bir təklifin məmnuniyyətlə qarşılanacağını düşünməkdə olsunlar, Uca Allah (cəllə cəlaluhu) artıq Rəsulunu xəbərdar edib hazırlamışdı...:[3]

وَلاَ تَطْرُدِ الَّذِينَ يَدْعُونَ رَبَّهُم بِالْغَدَاةِ وَالْعَشِيِّ يُرِيدُونَ وَجْهَهُ مَا عَلَيْكَ مِنْ حِسَابِهِم مِنْ شَيْءٍ وَمَا مِنْ حِسَابِكَ عَلَيْهِم مِنْ شَيْءٍ فَتَطْرُدَهُمْ فَتَكُونَ مِنَ الظَّالِمِينَ
"(Ya Rəsulum!) Rəbbinin camalını (rizasını) diləyərək səhər-axşam Ona dua edənləri yanından uzaqlaşdırma. Sən onların əməl­lərinə görə məsuliyyət daşımırsan, sənin əməllərinə görə də onlar məsul deyil. Ki, (onları uzalqaşdırıb) zalımlardan olasan." ("Ənam" surəsi, 6/52)

Yəni: Sən daha böyük işlərlə məşğul olmalısan! Kasıbları uzaqlaşdırıb müşriklərin hidayətini ummaq kimi xırda hesablarla məşğul ola bilməzsən. Çünki bu, zülmdür.. və Sən zülm etməkdən çox uzaqsan! Bəli, sırf müşriklər məmnun olsun deyə kasıbları uzaqlaşdırmaq ən böyük zülm idi.. və Allah ən böyük ədalət timsalı Rəsulunu ta başdan hifz edirdi.

Bu əhəmiyyətli mövzuya "Kəhf" surəsində də toxunulur:

وَاصْبِرْ نَفْسَكَ مَعَ الَّذِينَ يَدْعُونَ رَبَّهُمْ بِالْغَدَاةِ وَالْعَشِيِّ يُرِيدُونَ وَجْهَهُ وَلاَ تَعْدُ عَيْنَاكَ عَنْهُمْ تُرِيدُ زِينَةَ الْحَيَاةِ الدُّنْيَا وَلاَ تُطِعْ مَنْ أَغْفَلْنَا قَلْبَهُ عَنْ ذِكْرِنَا وَاتَّبَعَ هَوَاهُ وَكَانَ أَمْرُهُ فُرُطاً
"Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona yalvaranlarla birlikdə Sən də səbir et. Fani dünyanın gözəlliyini istəyib nə­zərlərini onlardan (yoxsul möminlərdən) çevirmə. Qəlbini Bizi xatırlamaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və (hər) işində ifrata varan bir kimsəyə uyma!" ("Kəhf" surəsi, 18/28)

Quran Ona belə deyirdi:

Səhər-axşam amalda, düşüncədə, duyğuda "Allah" deyib inləyənlərlə birlikdə ol və gözünü başqalarına dikmə! Onlarla otur, onlarla qalx! Çünki Allahın (cəllə cəlaluhu) rəhməti onlarla bərabərdir. Gözünü əsla onların üstündən ayırma. Ehtimal ki, Allah (cəllə cəlaluhu) Ammara, Yasirə, kiçik Əliyə baxıb bəşəriyyətə rəhmət edir.. Xabbabın hörmətinə, İbn Məsudun hörmətinə mər­həmət edir. Allah (cəllə cəlaluhu) onların hörmətinə yer üzünə rəhm edir. Onlar bəla və müsibətləri dəf edən ildırımötürən kimidir. Sən də onlarla birlikdə ol!

Quran bunları elə bir dövrdə söyləyirdi ki, Allah Rəsulunun ətrafında bu üç-dörd kasıbdan başqa heç kim yox idi. Amma O, bu dövrdə də gələcəkdən arxayındı.. hər kəsin, hətta o inadkar fironların bir çoxunun yumşalıb İslamı qucaqlayacağına və Quranı baş tacı edəcəyinə inanırdı. Yəni əvvəl-axır gələcəkdilərsə, yoxsulları yanından niyə uzaqlaşdırmalı idi ki?!

Allah Rəsulu onları heç yanından uzaqlaşdırardımı?! Özü buyururdu: "Cənnət bu üç insana müştaqdır. Əli, Salman və Ammara..."[4]

Bəli, hər kəs Cənnət arzusunda, Cənnət isə onlara müştaqdır.. məşuqa həsrət aşiq, cəmala həsrət gözlər, rüyət (Allahın cəmalını görmə) hicranı ilə qıvrılan vicdan, Haqqa çatmaq arzusu ilə alışıb yanan qəlb kimi müştaqdır.

İki Cahan Sərvəri başına pərvanə olan bu ilklərin, bu kasıb insanların bir gün cahanşümul bir inqilaba imza atacaq heyət olduğunu yolun başından bilir və hər addımını ona uyğun atırdı. Şərqin də, qərbin də bir gün mütləq Onunla göndərilən həqiqətlərə iman gətirəcəyinə zərrə qədər şübhə etmirdi... İlahi vədin gerçəkləşəcəyinə əmin idi.

Müşriklərin istəyini rədd etdi. Onlara iltifat da göstərmədi. Bu gücsüz və kasıb insanlara göz bəbəyi kimi baxdı və onları hüzurunun şərəfli sakinləri olaraq həmişə əziz tutdu.

3. İnsan amilinə biganə yanaşmaq olmaz

Allah Rəsulu insan amilinə zərrə qədər biganəlik göstərməmişdir. Hətta insanların bir qismini döyüşə göndərəndə belə dü­şüncə, fikir və elm həyatı zəifləməsin, geri qalmasın deyə insan, elm və mədəniyyət faktoruna böyük əhəmiyyət vermişdir. Başqa cür ola da bilməzdi, çünki Qurani-Kərim fərman edirdi:

وَمَا كَانَ الْمُؤْمِنُونَ لِيَنْفِرُوا كَآفَّةً فَلَوْلاَ نَفَرَ مِنْ كُلِّ فِرْقَةٍ مِنْهُمْ طَآئِفَةٌ لِيَتَفَقَّهُوا فِي الدِّينِ وَلِيُنْذِرُوا قَوْمَهُمْ إِذَا رَجَعُوا إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَ
"Möminlərin hamısı birdən döyüşə çıxmamalıdır. Barı, hər tay­fadan bir dəstə (elm öyrənmək, sonra da onu dindaşlarına öyrətmək üçün) qalsın ki, camaatı (döyüşdən) qayıtdığı zaman (Allahın əzabı ilə) qorxutsun, onlar da (əldə etdikləri biliklər sayəsində yaramaz işlərdən) çəkinsinlər!" ("Tövbə" surəsi, 9/122)

Bəli, möminlər cihada gedəndə belə bir zümrə arxada qalmalı və dini öyrənməlidir ki, cihaddan qayıdanlara dini öyrədən olsun. Cihad fərzi-eyn olanda belə, sizin elm və mədəniyyət yuvalarınızın qapıları taybatay açıq olmalıdır. Əgər düşmən atlılarının hər tərəfi tapdaq altına aldığı bir dövrdə elm və mədəniyyət ocaqları bağlanar, hər kəs cihada yollanarsa, düşmən üzərində qələbə çalınsa belə, elm və mədəniyyət çox şey itirmiş olar. Ona görə də İslamiyyət belə fövqəladə hallarda bəzi insanların hərbi səfərə getməyib elm və kültür sahəsində çalışmasını əmr edir. Demək ki, Allah Rəsulu ən çətin vaxtlarda belə elm və kültür səfərbərliyini ehmal etməmişdir: döyüşə getməyənlər özlərini elmə həsr etmiş, gedənlərə də arxada qalanların zəmanəti verilmişdir. Daha əvvəl də təmas etdiyimiz kimi İslamın ilk illərində oxuma-yazma bilənlər tək-tük olsa da, iyirmi il sonra yazı savadı olmayan bircə nəfər də qalmamışdı. Belə bir nəticə isə ancaq Allah Rəsulunun səy və zəhməti ilə əldə edilmişdi.

Bəli, O, heç vaxt insan amilini əhəmiyyətsiz görməmiş, fərdləri və milləti mükəmməl yetişdirməyi bacarmış, öyrətmiş, öyrətməyi əmr etmiş.. nəzəri məsələləri praktikaya çevirmiş.. şəxsən özü də bir müəllim kimi tələbə yetişdirmiş.. və ölü bir dünyanın ölü kütlələri içində elm və iman toplumu təsis etmişdir.

İlk memar və banidən sonra, cəmiyyət artıq öz idarəçilərini öz fərdlərindən seçir ki, bu da əvvəlki ilə qarışdırılmamalıdır.

Bəli, elmi, fikri və texnoloji tərəqqiyə meyilli bir toplum həmin toplumun qaymağı olan bu cür elmli və açıqfikirli insanlar tə­rəfindən idarə edilir. Südün qaymağı süddən olduğu kimi, elm, düşüncə və texnologiyanın qaymağı da onların özündən olur. Allah Rəsulu bu məqamı bir cümlə ilə ifadə edir: "Necəsinizsə, elə idarə edilirsiniz".[5]

4. Bir ölkə kamil insanları ilə abad olur

İnsan amilinə dəyər verməyi əmr və təşviq edən bir çox ayə vardır. Bunların hamısına baxa bilsək, İslam dininin insana verdiyi önəmi daha yaxşı anlayarıq. Ancaq biz bu mövzunu hələlik işləməyi düşünmürük, ona görə də yalnız müəyyən təsəvvür oyat­maq məqsədiylə bir iki ayəyə təmas edib keçəcəyik:

وَلْتَكُنْ مِنْكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَأُولَـئِكَ هُمُ الْمُفْلِحُونَ
"(Ey müsəlmanlar!) İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməllərdən çəkindirən bir camaat olsun! Məhz onlardır müvəffəq olanlar." ("Ali-İmran" surəsi, 3/104)

كُنْتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِالْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَتُؤْمِنُونَ بِاللّٰهِ
"(Ey müsəlmanlar!) Siz insanlar arasında ən xeyirli ümmətsiniz. Yaxşı işlər görməyi əmr edir, pis əməlləri qadağan edir və Allaha qəlbən inanırsınız." ("Ali-İmran" surəsi, 3/110)

Bu və oxşar ayələr İslamın insana və elmə verdiyi əhəmiyyəti göstərən bariz nümunələrdir.

İslam qəlb, ruh, hiss, duyğu və düşüncəni ən düzgün və tarazlı şəkildə götürmüş və onları yaradılış qayəsinə yönəltmişdir. Nə ehmal var, nə də natarazlıq.. bu duyğuların hamısı ilə birlikdə səyahət və onların hər biri ilə varlığın mahiyyətini seyr etmək. Allah Rəsulu da bu məsələyə heç vaxt laqeyd yanaşmamışdır.. bu, bir rəhbər üçün çox əhəmiyyətlidir. Neçə-neçə rəhbər əlinin altındakı insan və imkanlarla zəfər gözlədiyi yerdə məğlubiyyətlə üzləşir. Daha doğrusu, zəfərə gedən yolda xətalardan heç cür xilas ola bilmirlər. Kütlə psixologiyasından istifadə edib milləti küçəyə tökənlər, bəlkə də, onun hissi tərəfindən istifadə edirlər. Amma müntəzəmlik tələb edən işlərdə bu, o qədər də əhəmiyyətli deyil.

Allah Rəsulu insanların hissə qapılıb arxasınca gəlməsini istəməmişdir. Çünki bir hislə gələnlər başqa bir hislə də çıxıb gedər. Halbuki Allah Rəsulunun ətrafındakı insanlar ən ağır, ən acılı-ağrılı zamanlarda belə Onu tək qoymamışdı. Tək qoymaq bir yana qalsın, Onun yolunda ölməyi həyatın qayəsi, şəhid olmağı da canın şükrü saymışdılar.

Mövzuya qayıdırıq; bəli, bir ölkə kamil yurddaşları ilə abad olur. Həzrət Məhəmməd Mustafa (s.a.s.) da məhz bunu həyata keçirmişdir. Dünyanın müxtəlif yerlərinə göndərdiyi insanlar dövlət və millətlərin idarəsində, hətta məktəb və mədrəsələr açmaqda heç vaxt uğursuzluğa düçar olmamışdır. Bu da Allah Rəsulunun əshabını çox yaxşı yetişdirdiyini və ən böyük dəyəri insana verdiyini göstərir...

[1] İbn Hişam, "Əs-siratün-nəbəviyyə", 2/265.
[2] Buxari, "Mənaqib", 25; Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 4/257; Hakim, "Əl-müs­tədrək", 4/564.
[3] İbn Macə, "Zühd", 7.
[4] Tirmizi, "Mənaqib", 33.
[5] Deyləmi, "Müsnəd", 3/305.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.