Rəsulullahın insan və cəmiyyətin fitrəti ilə ziddiyyət kəsb etməyən cahanşümul tərbiyə sistemi

Peyğəmbərimiz bir ata olaraq

1. İş və əməl

Allah Rəsulu (s.a.s.) bir hədisində iş və əməl haqqında buyurur:

إِنَّ اللّٰهَ تَعَالَى يُحِبُّ الْعَبْدَ الْمُؤْمِنَ اْلمُحْتَرِفَ
Allah əlindən iş gələn sənətkar mömini sevər.[1]

Allah Qurani-Kərimdə buyurur:

وَقُلِ اعْمَلُوا فَسَيَرَى اللّٰهُ عَمَلَكُمْ وَرَسُولُهُ وَالْمُؤْمِنُونَ
De: İstədiyinizi edin. Allah, Onun Peyğəmbəri və möminlər əməllərinizi görəcək. ("Tövbə" surəsi, 9/105)

Yəni gördüyünüz işlər – əməlləriniz müəyyən meyarlarla qiymətləndiriləcək. Məhşərdə bütün işlər – əməllər ortaya töküləcək və hər kəs gəlib bir mənada təftiş edəcək: bunlar iş sayılır, yoxsa yox deyə! Ona görə də insanlar bu anlayışla əməl işləməlidir.

Bir hədisi-şərifdə də belə buyurulur: "Allah işlərin yaxşı və qüsursuz görülməsini sevir."[2]

Bu ayə elmə təşviq prinsipləri baxımından möcüzəvi bir bəyandır.. mənası da göz qabağındadır. Allah Rəsulundan gələn səs də إِنَّ اللّٰهَ تَعَالَى يُحِبُّ الْعَبْدَ الْمُؤْمِنَ الْمُحْتَرِفَ "Allah sənətkar olan mömin qulunu sevər" – deyir.

Bu mövzuda gələn zəif bir hədis az sözlə dərin məna ifadə edir: اَلْكَاسِبُ حَبِيبُ اللّٰهِ.. bəli, çoxlarının çərçivəyə salıb ev və dükanlardan asdığı bu zəif hədis "İşləyib qazanan qul Allahın sevimlisidir" mənasına gəlir.

Bəli, Allah şəriəti-fitriyə (fitri qanunlar) çərçivəsində və halal işlərdə işləyən, çalışıb-çabalayan, yorulan və (ehtiyacını, pul və s.) qazananları sevər. Məsələyə "Əsr" surəsindən də baxmaq olar.. Mehmet Akif bu surənin məzmununu misralara düzür:

Hani, əshabi-kiram "Ayrılaq" derkən
Mütləq "vəl-asr" surəsini oxurmuş, bu, nədən?
Çünki gizlidir o böyük surədə sirri-fəlah[3]
Həqiqi iman başda gəlir, sonra səlah[4],
Sonra haqq, sonra səbat[5], budur, quzum, insanlıq
Dördü birləşdimi, yoxdur sənə xüsran artıq.

İman, saleh əməl, haqqa bağlanmaq, haqqı tövsiyə etmək, səbir, səbri tövsiyə etmək – bunların hamısı öz-özlüyündə əməl və aksiyondur (fəaliyyətdir).. bunları edən də Allahın sevdiyi insandır. Həzrət Məhəmmədin (s.a.s.) əməl və aksiyon anlayışı ilə görülən işlər ən fəzilətli və insanı Allah sevgisinə ən tez çatdıran əməl sayılır. O, əsla rahiblər kimi "Kilsələrə çəkilin, evlənməyin, yeməyi-içməyi buraxın, dünyadan üz döndərin ki, Allaha çatasınız!" deməmişdir. İnsanın şəhvani hislərini məşru qəlibə salıb halala yönəldərək buyurmuşdur: "Elə qadınlarla evlənin ki, həm sonsuz olmasın, həm də bir-birinizi sevə biləsiniz"[6] Başqa bir hədisində isə belə bəyan etmişdir: "Evlənin, çoxalın, qiyamət günü mən digər ümmətlərin yanında sizin çoxluğunuzla iftixar edəcəyəm."[7] Yəni siz nə qədər çox olsanız, məni o qədər məmnun edərsiniz. Çevrilib geriyə baxanda arxamda rüku edənləri, səcdəyə qapananları, "Allahu Əkbər! Allahu Əkbər!" sədaları ilə coşanları görmək məni məsrur və şad edər.

Allah Rəsulu insanların evlənmə hissini və əks cinsə meylini korşaltmamış, yanlış istiqamətə yönəltməmiş, qadağan etməmiş, başqa sözlə, depressiyaya səbəb olan hallara imkan verməmişdir. O, bu hissi müsbətə, məşru istiqamətə yönəltmiş və Allahın rizasına aparan yollar göstərmişdir. Onun tərbiyə sistemi mahiyyət etibarilə insan fitrətini, təbiətini yaradılış qayəsinə istiqamətləndirməyə xidmət etmişdir.

2. Ticarət, əkinçilik və cihad

İşlərin tarazlığını qorumaq məsələsində Onun tayı-bərabəri yoxdur. Bir hədisi-şərifində buyurur:

إِذَا تَبَايَعْتُمْ بِالْعِينَةِ وَأَخَذْتُمْ أَذْنَابَ الْبَقَرِ وَرَضِيتُمُ الزَّرْعَ وَتَرَكْتُمُ الْجِهَادَ سَلَّطَ اللّٰهُ عَلَيْكُمْ ذُلاًّ لاَ يَنْـزِعُهُ حَتَّى تَرْجِعُوا إِلَى دِينِكُمْ
"İnə alış-verişi"ndən, mal-qaranın quyruğundan bərk-bərk yapışsanız (yəni ancaq heyvandarlıqla məşğul olsanız), sadəcə əkinçiliklə kifayətlənsəniz və cihaddan uzaqlaşsanız, Allah da sizi ağır zillətlərə düçar edər və yenidən dininizə dönənədək o zəlalətdən qurtula bilməzsiniz.[8]

İnə alış-verişinə bir çox tərif verilmişdir. Bu tərifi vermək kifayət edir: "bir nəfərdən nağd qiymətə bir şey alıb daha sonra həmin malı həmin adama baha və nisyə satmaqdır". Bu, istər üstüörtülü faiz olsun, istər şübhəli bir iş olsun, Allah Rəsulu caiz görməmişdir.

Zənnimcə, bu hədisdə əksini tapan mətləbləri ancaq sənaye inqilabından sonra anlaya bilmişik.. onu da doğru-dürüst deyil. Cihadı onsuz da unutmuşduq, sənayenin dalınca düşüb bu dəfə əkinçilik və heyvandarlığı bir kənara atdıq və yenə müvazinəti qoruya bilmədik.

Halbuki Allah Rəsulu ta 14 əsr əvvəldən bizə yol göstərmişdi. O, hər məsələdə olduğu kimi, bu məsələdə də orta yolu tuturdu.

Əlbəttə, əkinçilik və heyvandarlıqla məşğul olmaq lazımdır. Bu sahələrlə məşğul olmağı təşviq edən hədisi-şəriflər də vardır. Ancaq bütün səyləri yalnız bu istiqamətə yönəltmək doğru deyildir.

Şəhər həyatına qarışmadan bir dağa çəkilib mənəvi feyz axtaran bir insandan tutmuş öz sahələrini inkişaf etdirmək üçün heç bir iş görməyən əkinçi və heyvandarlara qədər geniş əhatəsi olan bu hədis bizə iqtisadiyyat dərsi verməkdədir. Bundan başqa, dövlətlər arasında güclü mövqe tutmaq üçün lazımi gücə malik olmasanız, cihadı tərk etsəniz və ya cihadı tərk edib nüfuzunuzu, dövlətlər arasında güclü mövqeyinizi itirsəniz, Allah sizə acı müsibət göndərər, istila və əsarət altında əzilərsiniz. Bu müsibət də yenidən dinə dönənə, İslami həyata qayıdanadək davam edər.

Verdiyimiz misal dəryadan bir qətrədir, Allah Rəsulunun bu xüsusda saysız-hesabsız bəyanı var. Ancaq bu nümunə ilə kifayətlənəcəyik. Allah Rəsulu istedad və qabiliyyətləri öldürmədiyi kimi, fiziki gücü də əhəmiyyətsiz görməmişdir:

اَلْمُؤْمِنُ اْلقَوِيُّ خَيْرٌ وَأَحَبُّ إِلَى اللّٰهِ مِنَ الْمُؤْمِنِ الضَّعِيفِ
Qüvvətli (sağlam) bir mömin Allahın yanında zəif mömindən daha xeyirli və sevimlidir.[9]

Allahın sevgisini qazanmaq istəyənlər cismən sağlam olmaqla yanaşı, qəlbən və ruhən də sağlam olmalıdır. Göründüyü kimi, Allah Rəsulu (s.a.s.): "Bədəncə zəifləyin, pəhriz saxlayın, fiziki güc və qüvvənizi qırın ki, Allah da sizdən razı olsun" – demir. Əksinə, rahibliyə və keşişliyə qarşı reallığı, fitriliyi və təbiiliyi ön plana çəkir və hər bir məsələni öz mahiyyətinə uyğun məcrasına yönəldir.

3. Elm haqqında

Allah Rəsulunun elmə verdiyi töhfələr Onun ümumbəşəri bəyanının bir təzahürüdür.

Quran elmə əhəmiyyət verir və açıq-aşkar bütün insanları elmli olmağa təşviq edir:

قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لاَ يَعْلَمُونَ
Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi?! ("Zumər" surəsi, 39/9)

– deyir və daima bilənləri bildikləri qədər bilməyənlərdən üstün tutur.

Allah-Təala başqa bir ayədə: إِنَّمَا يَخْشَى اللّٰهَ مِنْ عِبَادِهِ الْعُلَمَاءُ buyuraraq, Rəbbindən layiqincə qorxanların alim bəndələr olduğunu xatırladır.[10] Əbu Hənifəyə istinad edilən istisna bir qiraətdə Allah kəlməsi zəmməli oxunur[11] və bu mənaya gəlir: "Allah (cəllə cəlaluhu) yalnız alim qullarına sayğı duyar". Əlbəttə ki, Onun sayğısını bütün qüsurlardan uzaq və Zati-Ülühiyyətə xas keyfiyyətdə düşünmək lazımdır. Bu qiraət üsulu sonradan meydana çıxsa da, ayəyə fərqli məna verməsi baxımından əhəmiyyətlidir.

Fəxrəddin Razi elmə dair bir bəhsi izah edərkən gözəl bir nöqtəyə toxunur: "Maliki məzhəbi istisna, digər üç məzhəbə görə, it nəcisül-eyndir", yəni itin hər şeyi nəcisdir, murdardır. Başqa sözlə, onu evdə saxlamaq doğru deyil. Ancaq it təlim keçmiş olarsa, yəni ona ov və qoyunlara nəzarət öyrədilərsə, hökm dəyişir. Onun ağzı ilə götürüb gətirdiyi ov yeyilir, sürtündüyü, gəzdiyi yerlər təmiz sayılır və həyətdə saxlamaq caiz olur...

İmam Fəxrəddin Razi bu yerdə bir anlıq dayanır və belə deyir: "Bir it təkcə ov ovlamaq elmini öyrənməklə nəcisül-eyn hökmü dəyişirsə, hətta həyətlərdə ailə üzvlərindən biri kimi olursa, elm öyrənən bir insanın necə zirvələrə yüksələcəyini siz müqayisə edin."[12]

Budur, şəriətin anlayışı, dinin hökmləri və Həzrət Məhəmməd Mustafa (s.a.s.) ilə gələn bəyanlar!

Allahı bilməyənlər cahillərdir. Allahı bilən və Ona bağlanan hər kəs "alim"dir. Şəriət və dinə görə, Allah tanımazlara, peyğəmbər bilməzlərə "alim" demək olmaz. Allahı tanıyan və peyğəmbəri bilənlərə isə – az da bilsələr, – bir mənada alim sayılırlar və Allahı, peyğəmbərini, həşri, kitabları, ölümdən sonra dirilişi, Cənnəti və Cəhənnəmi bilənlərə necə hörmət göstərilirsə, onlara da o cür hörmət edilməlidir. Yəni Allahın يَخْشَى (yəxşə) kəlməsi ilə məqsədi, muradı budursa, belə bir şərhdə bir qəbahət yoxdur, zənnimcə...

Düşünməklə bağlı yalnız bu gözəl kəlamı تَفَكُّرُ سَاعَةٍ خَيْرٌ مِنْ عِبَادَةِ سَنَةٍ söyləməklə kifayətlənəcəyəm: "Bir saat təfəkkür bir illik (nafilə) ibadətdən daha xeyirlidir."[13]

Qərb bunu nə gördü, nə kəşf etdi, nə də bu nöqtəyə çata bildi. Bir saat sistemli düşünürsünüz, nə isə kəşf edib bəşəriyyətin istifadəsinə təqdim edirsiniz, ya da qəlb və ruhun ənginliklərinə yönəlib müsbət və məşru ab-havada axirət və əbədi səadətlə bağlı düşüncələrə dalır, sonra da düşüncənizin nəticələrini dünya və axirət meyarları ilə dəyərləndirirsiniz. Bəli, məhz bunları etməklə bir illik nafilə ibadətin savabını qazanırsınız.

Biz illərdir, düşünmək, təfəkkür etmək kimi dərin və əngin ibadətdən uzaqlaşmış və ya uzaqlaşdırılmışıq. Bu yadlığın, uzaqlığın baiskarı İslam deyildir, qəbahət müsəlmanlardadır. Həzrət Məhəmməd Mustafa (s.a.s.) düşüncənin qapılarını taybatay açmış,

اُدْخُلُوهَا بِسَلاَمٍ آمِنِينَ
Oraya arxayın girin! ("Hicr" surəsi, 15/46)

buyurmuşdur. Biz elmə və düşüncəyə yadlaşdıqca, dayazlaşdıq, bəsitləşdik. Və Qərbin qarşısında güclü mövqeyimizi qoruya bilmədik, başqa sözlə, söz haqqı onların əlinə keçdi. Təbii ki, biz də onları dinləməyə başladıq. Amma inanıram ki, özülündə məna, kökündə nəcabət və mətanət (sabitqədəmlik) yatan bu millət bir gün yenə dirçələcək və dövlətlər arasında layiqli yerini alacaqdır.

Bəli, Allah Rəsulu (s.a.s.) yeni əxlaq və tərbiyə sistemi ilə gəldi. O, insanlara yeni əxlaqı onların istedad və qabiliyyətlərini korşaltmadan, kütləşdirmədən, yanlış istiqamətə yönəltmədən aşıladı. Bu da o dövrün insanlarını maqnit kimi özünə cəlb etdi və onları hərəkətə gətirdi. Çünki Onun tərbiyə sistemi insan təbiəti ilə üst-üstə düşür, təzad təşkil eləmir. Onun hər bir bəyanı, tövsiyəsi, əmri hərəkətverici missiya yerinə yetirirdi. Üstəlik tər­biyə və əxlaq sistemini əxlaq və tərbiyədən xəbərsiz bir toplumda inşa edirdi. Növbəti örnəklərdə Allah Rəsulunun onları haradan hansı səviyyəyə və necə yüksəltdiyini, inşallah, hamımız birlikdə görəcəyik.

[1] Təbərani, "Əl-mücəmül-övsət", 8/380; Beyhaqi, "Şuabul-iman", 2/88.
[2] Əbu Yala, "Müsnəd", 7/349; Təbərani, "Əl-mücəmül-övsət", 1/275.
[3] Qurtuluş sirri
[4] Namaz
[5] Sabitqədəmlik, doğru yoldan ayrılmamaq
[6] Əbu Davud, "Nikah", 4; Nəsayi, "Nikah", 11.
[7] Əbdürrəzzaq, "Əl-müsənnəf", 6/173.
[8] Əbu Davud, "Buyu", 56; Əhməd ibn Hənbəl, "Əl-müsnəd", 2/84.
[9] Müslim, "Qədər", 34; İbn Macə, "Müqəddimə", 10; "Zühd", 14.
[10] "Fatir" surəsi, 35/28.
[11] Qurtubi, "Əl-məscid li ehkamil-Quran", 14/344; Qasımi, "Məhasinüt-təvil", 14/4984; İsmayıl Haqqı Bursəvi, "Ruhul-bəyan", 7/344.
[12] Razi, "Məfatihül-qeyb", 2/193-194.
[13] Acluni, "Kəşfül-xafa", 1/370.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.