Səriyyələrin məqsədi

Səriyyələrin məqsədi

Müsəlmanlar düşmənin qabağına çıxmağa, haqq-hesab çəkməyə həmişə, hər vəziyyətdə hazır idilər. Müşriklər də var gücləri ilə onları döyüşməyə məcbur edirdilər. Vəhy gələli on üç il olmuş, on dördüncü ilə girmişdi. İşıqdan narahat olan insanlar onu söndürüb cahanı zülmətə qərq etmək üçün hər yerdə İslama hücum çəkir, fürsət tapdıqca müsəlmanları bir-bir tutub canına qıyırdılar.

Bu gün "Bolqar qətliamı", "Moskva qətliamı", "Hind qətliamı" deyirik və heç olmazsa bu zülmləri qınayanlar var.. o dövrdə müsəlmanlara çəkdirilən zülmü heç qınayan da yox idi.. kimsə səsini çıxarmırdı. Qüreyş nə edir-etsin məqbul sayılırdı, ən amansız vəhşiliyi belə təbii qəbul edilirdi. Çünki qüreyşlilər Məkkənin ağası idi.. nə istəsələr edə bilərdilər. Onların bu despotizmini yıxmaq da yenə Peyğəmbərimizin çiyninə düşürdü. Ona görə də səriyyələr hazırlayıb hər tərəfə göndərirdi. Süvari dəstə və çevik birliklərin təşkilində bir-sıra məqsədi vardı:

a. Müsəlmanların varlığını/gücünü hiss etdirmək

Ətraf bölgələrdə müsəlmanların varlığını hiss etdirərək müşrik­lə­rin onları Məkkədən çıxarmaqla İslamın nurunu söndürə bilmə­diklərini göstərməyə çalışırdı.

يُرِيدُونَ لِيُطْفِؤُوا نُورَ اللّٰهِ بِأَفْوَاهِهِمْ وَاللّٰهُ مُتِمُّ نُورِهِ وَلَوْ كَرِهَ الْكَافِرُونَ
"Onlar Allahın nurunu (İslam dinini) öz ağızları ilə söndürmək istəyirlər. Ancaq bilmirlər ki, Allah isə öz nurunu (dinini) tamam­layır." ("Saf" surəsi, 61/8)

Səhranın o qaranlıq vəhşəti və cəhaləti içində belə, Allahın nurunu söndürə bilməyəcəklərini onlara bu üsulla göstərmək istəyirdi.

b. Qüvvətin Haqqa aid olduğunu göstərmək

Həm də isbat edirdi ki, hökm yalnız Məkkə müşriklərinə və qüreyşlilərə aid deyil.. haqqı təmsil edənlərin də bir hissəsi, bir payı var və gün gələcək qüvvət əlindəki bütün silahlarla Haqqa təslim olacaq. Məhz o gün yer üzündə yalnız və yalnız haqq hakim olacaq və məhz o zaman hüququn üstünlüyü bütün çılpaqlığı ilə gün üzünə çıxacaq.

Allah Rəsulu qüreyşlilərin haqlı olmadığını, lakin əllərində güc olduğuna görə bəzən və müvəqqəti olaraq haqqa üstün gəldiyini bilirdi. Bu səbəbdən də Allah Rəsulu haqqın gücünü göstərməyi zəruri sayır, hazırladığı səriyyələrlə bunu ətrafa elan edirdi. Yəni Əbu Süfyanların, Əbu Cəhillərin, Ütbələrin, Şeybələrin, İbn Əbu Muaytların, Vəlidlərin heç kimdə haqqı olmadığını, əksinə onların insanlığın haqqını qəsb etmiş istismarçılar olduğunu əməli şəkildə ortaya qoyurdu.

c. İrşada zəmin hazırlamaq

Bu səriyyələrlə irşad yolunun üstündəki maneələri aradan qaldırmağı planlaşdırırdı. Bəli, O, bu dəstələrlə səhraya nəzarət edəcək, İslam mürşidlərinin, mübəlliğlərinin kənd-kənd, şəhər-şəhər gəzməsini təmin edəcək, yolların təhlükəsizliyinə zəmanət verəcək, mürşidlərin İslamı rahat yaymasına əlverişli şərait hazırlayacaqdı.

Allah Rəsulu bu məqsədlə dayanmadan ətrafa dəstələr göndərirdi. Hicrətdən sonra, Bədirdə düşmənlə haqq-hesab çəkənədək ətraf ərazilərə düz on yeddi dəfə ildırımsürətli birliklər yollamışdı. O, bir neçə aylıq məsafədə yerləşən bölgələrə, hətta Məkkə yaxınlarına qədər on yeddi dəfə sürətli səriyyələr göndərərək düşmənin gözünə mələk kimi, ruhani varlıqlar kimi görünmüş və onların canına vəlvələ salmışdı. Onları tamamilə iflic edərək yavaş-yavaş Bədrə çəkmişdi.

ç. Əmin-amanlıq gətirmək

O günlərdə çöl soyğunçularla dolu idi. Güc kimdəydisə, özünü haqlı sayırdı, məzlumunsa haqqı yoxdu, insan kimi yaşamaq haqqı.. kim qüvvətli isə, daima zəifi əzirdi. Belə vəziyyətdə Peyğəmbərimizin məqsədi vardı: hər yerdə hərbi dəstələr gəzəcəkdi, amma heç kimə "gözün üstə qaşın var" deməyəcək, kiminsə malına əl uzatmayacaq, ismətinə, namusuna kəm gözlə baxmayacaqdı, bəli, silahlı insanlar camaatın qapısının qabağından keçəcək, asayişin keşiyində duracaq, amma kimsənin burnunu qanatmayacaq, hər kəsə göstərəcəkdilər ki, səhrada quldurluqdan başqa şeylər də olurmuş. Bunu da ancaq ta başdan soyğunçuluqla mübarizə aparan Həzrət Məhəmməd Mustafa (s.a.s.) edə bilər.

Bu vaxt hər kəs yaxşıca eşidəcək, anlayacaq və biləcəkdi ki, səhra təkcə Məkkə müşriklərinin deyildir. Onda Həzrət Məhəmmədin (s.a.s.) də bir haqqı var.. və bu haqq gündən-günə nurun yayıldığı kimi yayılacaq, hər evdə, hər ailədə, hər vicdanda, hər ağılda özünü hiss etdirəcəkdi və etdirdi də...

Səriyyə: Peyğəmbərimizin (s.a.s.) düşmən üzərinə və ya kəşfiyyat məqsədilə göndərdiyi və şəxsən iştirak etmədiyi süvari dəstələr.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.