Məfkurə insanı

Müasir insan qayəsizliyin, məfkurəsizliyin qurbanına dönmüşdür. O bəzən məfkurəsizliyi ilə iradəsinin üzərinə çökərək olduğu yerdəcə çürümüş, bəzən də iradi olma naminə ətrafını yıxıb-dağıtmış, bir anarxist, bir nihilist kimi davranmışdır. Düzü o, durğunlaşanda için-için öz-özünü yeyib bitirmiş, hərəkətə keçəndə də din, diyanət, əxlaq və ədalət kimi dəyərləri yerlə-yeksan etmişdir.. Bəli, onun qınına çəkilib münzəviləşməsi də, ictimai mühitlə münasibətdə olması da həmişə müəyyən problemlər doğurmuşdur.

Bu mədəsi aktiv, beyni passiv, hissləri daim coşub-daşan və qəlbinin varlığından bixəbər cismani varlığın, gündəlik dedi-qodu xaricində, ruhlara inşirahverici və onu gələcəyə aparan önəmli heç bir yönü, heç bir düşüncəsi, heç bir halı və heç bir lahiyəsi yoxdur. Zəif olanda hər şeyi sükutla yola verər. Əlinə iqtidar keçəndə də müxtəlif təxribatlarla özünü ifadə etməyə çalışar; bəzən xəzanda sovrulan yarpaqlar kimi küləyin əsintisinə görə yer dəyişdirər, zaman-zaman da çör-çöp kimi bir yerə yığılar, gələn əzib keçər, gedən əzib gedər.

İllərdir bu məşum hava insanımızın adətən təbiətinə çevrildi. Bəli o, duyğu, düşüncə və məqsədində sıxılıb, büzülüb dar bir fanusa girməyə razı olduğu gündən bəri, ya alçaqlıq kompleksinə qapıldı, ya da həzəyanlarla içini boşaltmağa çalışdı.. və hər iki halda da milli xarakteri ilə vuruşdu. Təəssüflər olsun ki, bu savaş hal-hazırda daha fərqli bir mahiyyətdə bütün sürəti ilə davam edir. Təsəvvür edin ki, aləm yeni bir çağ mülahizələri ilə lahiyədən-lahiyəyə keçərkən biz hələ də, əksəriyyət etibarilə, bir-birini izləyən böhranlı kor dalanlar içində qıvrıla-qıvrla qalmışıq. Düşüncələrimiz dağınıq, duyğularımız bayağı, davranışlarımız tutarsız, qəlblərimiz də mərhəmətsiz.. insanlar mənasız qabarma-çəkilmələrin toruna düşmüş oyuncaq, toplum hər gün başqa bir mehrab arxasında və rəhbərlər də qəflət içində. Belə ki, hansı müəssisəyə nəzər salsanız, qazan kimi qaynadığını görər və ürpərərsiniz. Bəli, bir fikir dünyasını ya da əxlaq, mədəniyyət, sənət, siyasət, iqtisadiyyat və hüququ ürəyiniz yanmadan seyr edə bilməzsiniz.

Bir vaxtlar bizimlə eyni taleyi bölüşmüş, eyni zülmə və eyni xəyanətə məruz qalmış ətrafımızdakı toplumlar da, sanki bizə bənzəmək üçün hər cür məsavidə (pislik, fənalıqda) bizimlə çiyin-çiyinədirlər.. hətta demək olar ki, bəzi yönlərdə bizdən qat-qat irəlidədirlər. Daxili çəkişmələr, uzun sürən müharibələr, ard-arda qopan qiyamlar, daim qüvvənin haqq üzərindəki hakimiyyəti və kortəbii təqlid bu nəhəng dünyanın sanki alnına yazılıb. Onsuz da, qartalların məğlub olduğu mübarizədə sərçələrdən bundan artıq bir şey də gözlənilə bilməzdi.

Belə daxili toqquşmalarla mütəmadi sarsıntı keçirən, sarsıldıqca gündən-günə suya qərq olan millət gəmisini təmir edib uzun səfərə hazırlamaq üçün bu günə qədər inanc, əzm və ümidini qoruya bilmiş yüksək məfkurəli, dözümlü, həyatını başqalarını yaşatmağa həsr etmiş və maddi-mənəvi füyuzat hisslərini fəda edə biləcək ulu qəhrəmanlara ehtiyac var.. Bir neçə əsrdən bəri dünyanın üzərinə çökən müxtəlif ağırlıqda təzyiqləri, fərqli görünüşlü təhdidləri parçalayıb yox edəcək, heç olmasa yumşaldıb yüngülləşdirə biləcək polad iradəli qəhrəmanlara. Öz qurtuluşunu başqalarını xilasda görən, iqbal və gələcəyini başqasının xoşbəxtliyi naminə torpaq kimi ayaq altına sərə bilən; hava kimi hər kəsin damarına qarışıb, hər bünyədə qan kimi dövran edən; su kimi həsrət və hərarətin üstündə çağlayıb hər zərrəyə həyat bəxş edən; sonra da bütün hərəkətlərini ruhunun dərinliyində məfkurəyə çevirdiyi bir məsuliyyətə bağlayan; fərdi məsuliyyət hüdudunun fövqündə bir mərhəmət iradəsi və bütün bəşəriyyətə qucaq aça biləcək genişlikdə bir şəfqətlə bizə itirdiyimiz ruh və mənanı verməyə çalışan; son dəfə də insani möhtəvamızı xatırladan bu uca ideallar sayəsində, zənninmcə, bütün insanlığın üzü güləcək, bu bir neçə əsrlik müzdəriblərin iztirabı dinəcək və bəlkə də, dünya yenidən, bir daha məhvərinə oturacaq.. Əlbəttə ki, bu vaxta qədər məfkurəsiz yaşayan səfil ruhlara da bir nümunə olacaqlar.

Onsuz da, insanların müştərək taleyi onlara ayrı qalma, ayrı yaşama fürsətini verməyəcək şəkildə tənzim edilmişdir. Biz göz yumub, qulaq tıxasaq da, hadisələr və gedişat bir çox ortaq cəhəti müxtəlif yollarla beynimizə yeridərək bizi fərdi duyğu və düşüncələrdən daha çox müştərək sevinc və kədər atmosferinə çəkib vicdanımıza ictimailiyimizi xatırladır. Çünki bizim hər hərəkətimiz, bu və ya digər şəkildə, hər kəsə təsir etdiyi kimi, dünyanın ən ucqar yerində baş verən hər hadisə də bizə təsir edir. Belə bir sıx bağlılıq bir az da insanın insanlığından, onun duyğularından, düşüncələrindən və uzaq-yaxın ətrafında cərəyan edən hadisələrin müştərək təsirindən, sözün özü başqaları ilə birlikdə yaşama taleyindən və paylaşma fitrətində yaradılmasından qaynaqlanır. Əslində, insan oğlu, fitrətin bu qədər cəbri birlik və bərabərliyə nizamlanma sirrini qavraya bilsə, taleyin hökmünə boyun bükərək daha sürətlə yol qət edə bilər. Bununla yanaşı o, niyyət və iradə ilə özünü bu təbii axara verdiyi təqdirdə, təbiiliyə əqli, məntiqi və iradi bir dərinlik də qazandıraraq, bir tərəfdən insan olma incəliyini ortaya qoyarkən, digər tərəfdən də dilək və niyyət savabını əldə edəcək, iradəsini öz əbədiləşmə məfkurəsinə qapı açan bir açara çevirəcək.

Buna görə də, əbədi var olmağı düşünən hər kəs, mütləq başqalarını da xilas edib, qucaq açmağı qayə bilməlidir ki, əbədilik yolunda xilas edib köksünə sıxdığı hər kəs tərəfindən də qucaqlana bilsin. Bunun əksinə, öz qurtuluşunu başqalarını yıxmaqla inşa edən eqoist, həris və mərhəmətsiz insanlar, sevginin nə olduğunu bilmədikləri kimi sevilməmişlər və hər kəs onlardan üz döndərmişdir. Bununla yanaşı, faydalı insanın faydası hər şeydən əvvəl özünə, zərərli insanın zərəri də özünədir. Təbiətində faydalı olma cövhəri olan bir insan, təbiət və xislətini nümayiş etdirib könlünün dili ilə özünü ifadə etdiyi hər yerdə, ən sərt qranit könüllərdə belə taxt qura bilmiş və hər kəsin "virdi-zəbanı" olmuşdur.

Eqoist, həris, kinli, mərhəmətsiz davranan və öz varlığını davam etdirmə naminə yarasalar kimi həmişə xarabazarlığı axtaran ehtiraslı insanlar, daim şəxsi dünyalarının dar məhbəsində qalmış və müştərək bir dünyanın ənginliyini heç vaxt hiss edə bilməmişlər. Hətta onlar o öz dar aləmlərində belə əsla rahatlıq tapa bilməmişlər. Qəlb və vicdanda hər zaman məğlub olan bu insanlar, hər şeydən əvvəl öz içində mürüvvətə meyilli dəyərləri qurutmuş və qəlblərini öldürmüşlər.

Bəli, yalnız özlərini düşünüb hər kəsə qapalı yaşayan bu insanlar bir miskinlik nümunəsi və ölüm-həyat arası sürünən elə canlı cənazələrdir ki, nə həyatın istiliyini, nə də yaşatmanın hərarətini duya bilərlər.

Həqiqi həyat, bu günün və sabahın insanları düşünülərək nizamlanan və onlar üçün yaşama qayəsi ilə məfkurələndirilən həyatdır. Əvvəldən axıra qədər həyatın hər pilləsinə hakim olan belə bir düşüncə, idrak, hiss həqiqi insan olma xislətinin tam təsviri və tam əhatəsidir. Bu elə bir təsvirdir ki, fərasətlə ona baxa bilən hər kəs bu rəsmin arxasında hər varlıqla necə dərin və necə yaxın bir əlaqənin olduğunu asanlıqla görə bilər. Bu rəsmdə insan həm özünə, həm də başqalarına qəlb gözü ilə baxar və gördüklərini də vicdanın qədrşünaslığı ilə qiymətləndirər. Bəli, insan belə bir nəzər sayəsində, öz daxili dünyasına daha yaxşı tamaşa etdiyi kimi, eyni yolla ətrafını da daha yaxından görüb tanıma imkanını əldə edər və hər kəsi, hər şeyi daha mülayim, daha yumşaq və daha səmimi görər. Lakin belə daxili dərinlik birdən-birə də əldə oluna bilməz. O, vicdanımızın dərinliyində uzun mayalanma dövründən sonra ortaya çıxan mərhəmətin təzahürü və könlün dilindən insani çağırışdır. Bu çağırış könül insanının vicdanından fışqırar, hər yana öz boyasını çəkər və zaman keçdikcə də hər şeyi öz dili ilə danışdırmağa başlar. O, bilavasitə qəlbdən yüksəldiyi üçün də xaricdəki zərərvericilərdən və orada-burada havanı çirkləndirən parazitlərdən də əsla mütəəssir olmaz.

Göydə və yerdə hüsnü-qəbula açıq, iman əsaslı, lütf dərinlikli bu çağırışa bir gün bütün ruhanilərin ehtiramla yönələcəyi, göy qapıları aralanaraq ona iltifat və təvəccöhlərin yağacağı şübhəsizdir. Elə o vaxt bütün könüllər mərhəmətlə döyünəcək, mərhəmətlə düşünəcək, mərhəmətlə danışacaq, mərhəmətlə davranacaq və bütün varlığı mərhəmətlə qucaqlayacaq.. və zənnimcə, yer üzü bu səviyyədə bir mərhəmətin tərtəmiz güzgüzünə döndüyü məhz o gün biz də, həyatı daha çox sevəcək, sevdirəcək və başqalarına əbədiləşmə yollarını göstərmək uğrunda nəfsimizə aid xəsis şeylərdən tamamilə arınaraq, vicdanın müşahidə üfüqü ilə həm özümüzü, həm də bizdən xaricdəkiləri daha fərqli görmə baxış tərzini mənimsəmiş olacağıq; və yalnız imkan daxilindəki yaxşılıq və gözəllik düşüncəsi ilə kifayətlənməyib, əlimizdən gəlməyən yaxşılıqlara da əl atmağa çalışacaq və bu mövzuda daim əlçatmaz zirvələrin xəyalları ilə yaşayacağıq. Əlçatmaz zirvələr fəth etdiləndə "təhdisi-nemət"lə (Allahın verdiyi nemətlərdən bəhs etmək, onları şükür olaraq dilə gətirmək) hayqıracaq; taqətimizi aşan məfkurələr qarşısında da hər an ümidimizi imanla pərvazlandıraraq aktiv intizarda olacağıq.

Hərhalda yaxşılıq eşqi ilə özünü aşan belə bir ruhi səviyyə insanın ən dərin və ən əngin yönüdür. O, bu yönü ilə Haqq qatında da, xalq qatında da uca dəyərlərə nail olacaqdır ki, məhz onun "əhsəni-təqvim"ə məzhər olması da bu dərinliyinə bağlıdır. Bu səviyyədə, Allahla münasibətin nəticəsi olaraq hər kəsə qarşı duyulan belə bir sevgi, fərdi planda bir məfkurə; "məni şəhid et, millətimi isə əziz" sözlərilə dilə gətirilən düşüncə yüksək bir milli məfkurə; "millətimin imanını səlamətdə görsəm, cəhənnəmin alovlarında yanmağa razıyam" ifadələri ilə dilə gətirilən mərdliyi aşan bir məfkurə; həyatına qəsd edənlərə qarşı; "Allahım ümmətimi bağışla, onlar məni tanımırlar" sözləri ilə ifadə olunan aləmşümül şəfqət isə məsuliyyət çərçivəli, mərhəmət dərinlikli, əhatəli bir məfkurədir.

Qənaətimcə, hal-hazırda cəmiyyətimizin, ona-buna deyil, bu səviyyədə məfkurə qəhrəmanlarına ehtiyacı var. Əvvəla öz millətimizə, sonra da bütün bəşəriyyətə mərhəmət duyğuları ilə əllərini uzada bilən və əllərini Rəbbinə hər qaldıranda başqalarına dua edən məfkurə qəhrəmanlarına. Belə böyük bir tələbatı başqaları qarşılaya bilməyəcəyinə görə, mövqemizin gərəyi öz içimizdən başlayaraq onu səsləndirmək də yenə bizə düşür.

Sızıntı, Oktyabr 1998

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.