Allahın rizası

Fəthullah Gülən: Allahın rizası

Bir insan üçün rizadan daha üstün bir payə və Allahın xoşnudluğunu qazanmaqdan daha böyük bir xoşbəxtlik yoxdur. Cənabi-Allah möminlərin axirətdə nail olduqları nemətləri diqqətə çatdıraraq: “Allahdan olan bir razılıq isə (bunların hamısından) daha böyükdür.” (“Tövbə” surəsi, 9/72) buyurmuş və bu həqiqəti ifadə etmişdir.

“Riza” (bəndə nöqteyi-nəzərindən) Allah-taalanın təqdirini məmnuniyyətlə qarşılamaq, zahirən çirkin görünən xoşagəlməz hadisələrdə belə tələsik qərar veməyərək Onun icraatından xoşnud olmaq, hər şeydən əvvəl və hər şeydən çox Onu sevmək, Ona yönəlmək və umacağını da yalnız Ondan ummaqdır.

“Riza”nın Cənabi-Allaha aid cəhəti isə Allah-taalanın məxsusi münəzzəhlik və müqəddəsliklə bəndəsini sevməsi, ondan xoşnud olması və sevginin tələb etdiyi müamilələri həyata keçirməsidir.

İmam Quşeyri kimi bəzi övliyaların görüşünə görə, “riza” başlanğıc etibarilə iradi və bəndənin səyindən asılı olub nəhayət etibarilə də Haqqın sevənlərinə fövqəl iradə və fövqəl ixtiyar ilahi ərməğandır.

Rizanın iki cəhəti

Bəli, bu məsələni tərəqqi (bəndənin Yaradıcıya yönəlib yüksəlməsi) nöqteyi-nəzərindən götürsək, ilk öncə bəndənin qəlbində Cənabi-Allaha bir meyil, bir sevgi olması lazımdır. Siz Mövlanı sevirsinizsə, Mövla da sizi sevər. Alvar İmamının şeirində də bu məsələ diqqətə çatdırılır:

Sən Mövlanı sevən də, Mövla səni sevməzmi?
Rizasına ivən də, Haq rizasın verməzmi?
Sən Haqqın qapısında canlar fəda eyləsən,
Əmrincə xidmət etsən, Allah əcrin verməzmi?

Demək, Onun rizasının dalınca düşsəniz, O da sizə rizasını bəxş edər. Təvəccöhə təvəccöhlə, nəzərə nəzərlə, yönəlişə yönəlişlə qarşılıq verər.

“Allahı Rəbb, İslamı din, Həzrəti Məhəmməd əleyhissəlatu vəssəlamı da nəbi olaraq qəbul edib onlardan razı olan imanın mənəvi həzzini dadmış olar” hədisi də “riza”nın başlanğıc etibarilə iradi və bəndənin səyindən asılı olduğunu, nəhayət etibarilə də Cənabi-Allahın rəhmətinə aid bir mövhibə, bir ərməğan olduğunu göstərir.

Bəzi övliyalar isə məsələyə tədəlli (yuxarıdan aşağıya getmək) nöqteyi-nəzərindən yanaşmış və “Allah sevməsə, siz sevə bilməzsiniz; O sizdən razı olmayınca, siz riza zirvəsinə çata bilməzsiniz”, demişlər. Onlar əşyanın arxa fonuna görə hökm verdiklərinə görə, ilk öncə Cənabi-Allahın bəndəyə rizasını bəxş etdiyini, daha sonra isə bəndənin Allahdan xoşnud olduğunu söyləmişlər. Belə ki, bir ayədə: “Allah onlardan, onlar da Allahdan razıdırlar.” (“Maidə” surəsi, 5/119) buyurulmuş və Allahın rizası birinci sıraya qoyulmuşdur.

Allahın razı olması çox böyük bir məsələdir. Allahı sevmək, Allah tərəfindən sevilmək, Ondan xoşnud olmaq və Onun xoşnudluğunu qazanmaq elə böyük bir payədir ki, Cənnətin nemətləri belə ona tən deyil. Dolayısilə o, o qədər qiymətli bir sərmayədir ki, siz, cüzi iradəniz, təmayülləriniz, əzminiz, cəhdiniz və səyinizlə onu əldə edə bilməzsiniz. O qədər bahalıdır ki, ömür boyu çalışsanız, dünyalar dolusu qızıl yığsanız da, əvəzini ödəyə bilməlməzsiniz. O baxımdan, onu insanın kiçicik meylinə, sevgisinə və xoşnudluğuna aid etmək doğru deyildir. Elə isə, nə qədər sizdəki meyil və sevgi ilk sırada olsa da, yenə də məsələnin kökündə Cənabi-Allahın xoşnudluğu dayanır. O sizdən razı olandan sonra, riza hissi sizdə də nəşvü-nüma tapacaqdır. Lakin Allah-taala şərti olaraq öz rizasını iki sadə vəsiləyə – sizin meyil və məhəbbətinizə aid etmişdir.

Allahın xoşnudluğunu qazanmağın yolları

Cənabi-Allahın rizasının birinci vəsiləsi Onun əmrlərindən kənara çıxmamaq və qadağa qoyduğu hər bir şeydən uzaq durmaqdır. Şayəd Allah-taalanın sevgi və xoşnudluğu hər şeydən əvvəl fərz ibatərləri yerinə yetirmək və günahlardan çəkindirməkdən asılıdırsa, o halda buna çox diqqət etməli, əhəmiyyət verməliyik. “İbadərləri yerinə yetirmədən və haramlardan uzaq durmadan da ilahi rizaya nail ola bilərəm. Allahın mərhəməti genişdir. Bunsuz da Cənabi-Allah məni sevər!” demək olmaz. Daim Allahın rəhmətinə pənah aparmalı, Onun haqqında həmişə hüsnü-zənn bəsləməlisiniz. Madam Cənabi-Allah sevgi və xoşnudluğunu qazanmaq istəyənə ibadətləri yerinə yetirməyi və günahlara girməməyi şərt qoşmuş, əvvəlcə bu şərtlərə əməl etməli, daha sonra da Onun mərhəmətinə pənah aparmalısınız. Şahəd ilahi rizaya nail olmaq istəyirsinizsə, ilk öncə namaz, oruc, həcc, zəkat... kimi ibadətləri yerinə yetirmədə hədsiz diqqətli, haram və günahlardan uzaq durmada da son dərəcədə həssas olmalısınız.

Yarı yolda qalmamağın, büdrəyib yıxılmamağın və sağ-salamat sahilə çatmağın əsas dinamikası Cənabi-Allaha təvəccöh (yönəlmə) və duadır. Biz aciz, zəyif və möhtac bəndəyik. O isə hər şeyə hökm edən yeganə Hakimdir. O baxımdan ömrümüzün hər anını kiçikliyimizi dərk və Onun böyüklüyünü təqdir edərək yaşamalı və istəklərimizi təkcə əməli olaraq deyil, həm də qövli və hali şəkildə yalnız və yalnız Ondan diləməliyik.

Allahım, diləyim sənin rizandır!

Mömin Allahın sevdiyi və xoşnud olduğu şeyləri istəməlidir. Çünki hər şeydən vacib olan Onun xoşnudluğudur. Əgər Cənabi-Allah bəndənin bu barədəki duasını qəbul edər və ona rizasını bəxş edərsə, artıq ona alıb-veriləsi bir şey qalmamışdır, çünki o, ən qiymətli şeyi almışdır. Zira Allahın məhəbbət və rizasına nail olmaq ən böyük xoşbəxtlikdir.

Bəli, ilahi riza təkcə ibatətü-taətdən asılı olmadığı kimi, yalnız seyrü-süluqi-ruhani ilə əldə edilən bir nailiyyət deyildir. Onu diləyən insan daim səksədə olmalı və Allaha pənah aparmalıdır. Atdığı hər addımda könlünü yoxlamalıdır və “Görəsən, riza diləyim yerindədir, ya yox?” deyərək təmkini əldən verməməlidir. Əlli oğrunun meydan suladığı bazarda gəzən bir insanın tez-tez ciblərini yoxlaması kimi, mömin də tez-tez könlünü yoxlamalıdır. Cibgirlərin qoldakı saatı, cibdəki pul kisəsini və beldəki kəməri belə götürüb qaçdığı bir dövrdə, cibgirlərin at oynatdığı bir küçədə insan necə getməlidirsə, riza yolunda da o cürə yeriməlidir.

Unutmayın ki, ətrafınızda bəlkə sizi hifz edən mələklərin sayı qədər şeytan tələ qurub imanınızı ovlamaq istəyir... Allah eləməsin, zəyif cəhətlərinizdən vurmaq üçün can atır... Kimsəsiz bir yerdə cibinizə soxulmaq və bir küncdə belinizi yerə vurmaq üçün fürsət axtarırlar. Elə isə, gözünüzü Onun qapısından çəkməməli, dilinizlə və könlünüzlə daim Onu yad etməlisiniz. Düşünün ki, bir cin tayfasının ortasından keçirsiniz. Biri pəncəsini atıb bir tərəfinizi qoparmaq, bəriki hücum çəkib bir tərəfinizi yaralamağı səbirsizliklə gözləyir... Və siz bilirsiniz ki, onların şərrindən qorunmağın yeganə yolu var, o da Cənabi-Allaha təvəccöh. Belə bir yerdə dilinizdən dua düşərmi? Əlbəttə ki düşməz! Dayanmadan Ona dua edər və pənah apararsınız... “Ayətəl-kürsi” oxuyaraq, ya da “Fəlaq” və “Nas”ı təkrarlayaraq o şərirlərin şərrindən Allaha sığınarsınız. Bəli, getdiyiniz yolun hər künc-bucağında azdırmaq üçün sizi gözləyən nəfs və şeytanı diqqətə almalısınız və Cənabi-Allahdan daim əfv və səhhət istəməli, rizasına müvafiq işlərdə uğur qazanmağı diləməlisiniz.

Həftənin duası

Ey əfvi gözəl Rəbbim! Ulu dərgahına pənah gətirən bu kimsəsiz bəndəni qapından qovsan, gedib kimin qapısını döysün?! Nə olar əfvinin “sərinliyini” və mərifətinin “şirinliyini” mənim ruhuma da duyur və məni doyur! Şayəd Sən mənə əzab etməyi murad edərsən, bilirəm ki, bundan daha betərinə layiqəm! Lakin məni əfv edərsən, bu da Sənin mənə lütfün və kərəmin olar.

Sözün cövhəri

Bunu qətiyyən unutmayın ki, həyatı dəlicəsinə sevmək ruhun səfilləşməsi və insanın insani hislərini itirərək daxilən çürüməsidir. Yaşama eşqi insanı ucaldan ülvi duyğuların üstünə çulğalamış bir qulyabani, əzm və iradənin başına çalınan bir külüngdür. Fərd yaxasını bu mərəzdən qurtana, cəmiyyət boynundan bu kəməndi çıxarıb atanadək, millət məfluc və bəxtsiz, vətən də “darül-acəzə”dir (qocalar, kimsəsizlər və acizlər evi).

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.