Həcc və dua

Fəthullah Gülən: Həcc və dua

Cənabi-Allah, “Onun yoluna gücü çatan hər bir kəsin həccə gedib o evi ziyarət etməsi insanların Allah qarşısında borcudur”. (“Ali-İmran” surəsi, 3/97) fərmanı ilə həcc ibadətinin gücü çatanlara (mükəlləflərə) fərz olduğunu buyurmuşdur. Danılmaz bir həqiqətdir ki, keçmişə nisbətən bu gün gediş-gəliş imkanı – nəqliyyat vasitələri inkişaf etmiş, müqəddəs torpaqlara gedib həcc ibadətini yerinə yetirmə daha da asanlaşmış, habelə maddi rifah daha da yaxşılaşmışdır. Bundan da əhəmiyyətlisi: bir neçə əsrdir ki, ətalət basmış İslam dünyasında din-diyanət yenidən dirçəlməyə başlamışdır. Üstəlik, hazırda həccə gedən dörd-beş milyon insanla yanaşı, gedə bilməyənlərin sayı da az deyil. Qeydiyyat mərkəzlərinə müraciət edib sırası çatmadığına görə ağlaya-ağlaya geri dönən insanları görəndə cəmiyyətdə dini duyğu və düşüncənin təkrar oyandığına şahid olursunuz.

Bu da bir həqiqətdir ki, insan tarlaya səpilən dən kimi qısa müddətdə yetişmir. Ona çəkilən zəhmətin bəhrəsini görməyə illər lazımdır. Dolayısilə, bu, bir mərhələdir və inanırıq ki, Allahın izni və inayəti ilə, bu dirçəliş mərhələsi genişlənərək davam edəcək. Ola bilsin, gələcək illərdə Ərafatda on milyon insan eyni anda əllərini qaldırıb Allaha yalvaracaq, bu yalvarışdan, kim bilir, ərş necə ehtizaza gələcək, Cənabi-Haqq necə lütflər, ehsanlar bəxş edəcək və beləcə, inananlar bir daha belini doğruldub imana, hüzura, səadətə və əmin-amanlığa qovuşacaq.

İllərə bərabər saniyələr

Həcc ibadətdir, dolayısilə sırf Allah əmr etdiyi üçün yerinə yetirilməlidir. Çünki Məbudi-mütləq və Məqsudi-bil-istihqaq olan Rəbbi-Kərimə ibadət etmək Onun haqqı, bizim də vəzifəmizdir. Bu baxımdan mömin ilk növbədə nemətini üstümüzə leysantək yağdıran Cənabi-Allahın əmrinə tabe olaraq həcc ibadətini yerinə yetirməli və bu cür təmiz niyyətlə Allaha yönəlib o müqəddəs diyarlarda keçən vaxtı səmərəli dəyərləndirməyə çalışmalıdır.

Bunun üçün isə, insan ilk növbədə hara getdiyini yaxşı dərk etməlidir. Bəli, zəvvar yola düşəndə sidrətül-müntəhanın yer üzündə əksinə, bir mənada Cənabi-Allahın təvəccöh etdiyi bir aləmə səfərə çıxdığını və insanlığın Allahı göstərən mehrabına üz tutduğunu bilməli və gedərkən qəlbi bu hislərlə dolub-daşmalıdır. Üstəlik həccin fərz, vacib, sünnə, müstəhəb və ədəbinə riayət edərək yerinə yetirməyə çalışmalı və daim qəlbən Allaha yönəlməlidir. Başqa sözlə desək, insan həcc boyu (bir işə başlayanda) Allah üçün başlamalı, (bir iş görəndə) Allah üçün görməli, Allah üçün oturmalı, Allah üçün durmalı, Allah üçün Kəbəyə üz tutmalı, Allah üçün Kəbənin önündə əl açmalı, Allah üçün Mültəzəmə üzünü sürtməli, Allah üçün Həcərül-əsvədə əl çəkməli və ya öpməli, Allah üçün Minaya çıxmalı, Allah üçün Ərəfata getməli və Allah üçün Müzdəlifəyə enməlidir ... Qısaca, mənasiqin (həcc ibadətinin bütün rüknləri) hər birini Allah üçün yerinə yetirməli, beləcə, saniyələri, Allahın izni və inayəti ilə, illərə çevirməyə çalışmalıdır.

Üstəlik bu müqəddəs səfər boyu insanın diqqətini dağıdan mühitdən uzaq olmaq lazımdır. Bunun üçün də imkan daxilində lüzumsuz işlərdən və lüzumsuz işlərlə məşğul olan insanlardan uzaqlaşmaq lazımdır. Bəli, insan lüzumsuz şeylər danışmaq əvəzinə qəlblərin yumşaldığı, gözlərin nəmləndiyi yerləri axtarmalıdır. Məsələn, Müvacihədə barmaqlıqlara yapışan bir peyğəmbər aşiqinin halı və sözləri ürəyimi yaxmışdı. Belə deyirdi: "Ya Rəsulullah! Günlərdir buradayam. Səsini eşitmədim. İndi Kəbəyə gedirəm. “Nə gətirdin” deyə soruşsalar, nə deyim?" Təsirlənməmək mümkün deyil. O mübarək məkanlarda bu cür insan qəlbini riqqətə gətirən məqamlar axtarmaq və "Bir də nəsib olarmı-olmazmı?" düşüncəsi ilə hərəkət etmək lazımdır.

  • İnsan tarlaya səpilən dən kimi qısa müddətdə yetişmir. Ona çəkilən zəhmətin bəhrəsini görməyə illər lazımdır.
  • Alimlərin bildirdiyinə görə, Cənabi-Allah Ərafatda edilən duaların –faizlə demək doğru olmasa da, qəbul olunan duaların çoxluğunu göstərmək üçün deyim – doxsan doqquz faizi qəbul olunur. Hətta demək olar ki, səmimi insanların hörmətinə Allah-taala layiq olmayanların da dualarını qəbul edir.
  • Kəbə, Mina, Ərafat və Müzdəlifə Cənabi-Allaha yönəlmək, Ona dua və niyaz etmək üçün açılmış bir qapıdır.

Ərəfatda ürəklər atlanmalı....

Eyni zamanda, bu müqəddəs diyarları Cənabi-Allaha dua və niyazda çox yaxşı dəyərləndirməli və ümməti-Məhəmməd olaraq həyəcan keçirməli, o həyəcanı sözlərin qəlibinə tökməyə çalışmalıyıq. Məsələn, Kəbə ilə ilk dəfə üz-üzə gəldiyimiz an duaların qəbul edildiyi sirli və sehrli bir andır. Dolayısilə, dua üçün çox əlverişli andır və layiqincə dəyərləndirilməlidir. O cümlədən, Minanı Ərafat yolunda ilk arınma bulağı kimi görməli və saniyəsini də hədər etmədən orada diləklərini Cənabi-Allaha açmalıdır.

Ərafata gəlincə, alimlərin bildirdiyinə görə, Cənabi-Allah burada edilən duaların –faizlə demək doğru olmasa da, qəbul olunan duaların çoxluğunu göstərmək üçün deyim – doxsan doqquz faizi qəbul olunur. Hətta demək olar ki, səmimi insanların hörmətinə Allah-taala layiq olmayanların da dualarını qəbul edir.

Bildiyiniz kimi, Həzrəti Ruhu-Seyyidul-Ənam Peyğəmbərimiz (əleyhi əlfü əlfi salatin və salam) Ərafatda həmişə ümmətinə dua edirmiş. Hətta “Ümmətimin qul haqlarını bağışla” deyə burada dua edir, qəbul olunması üçün çırpınırmış. Ancaq bir hikmətə görə bu dua orada qəbul olunmamışdır. Rəhmət və Şəfqət Peyğəmbəri (s.ə.s.) qəm-kədər içində Müzdəlifəyə gəlib əllərini açmış və səhərə qədər dayanmadan ümmətinə dua etmişdir. Bu əsnada İbn Abbas (Allah ondan razı olsun) yanında imiş: duanın sonunda Peyğəmbərimizin təbəssüm etdiyini nəql edir, sonra da bu təbəssümün duanın qəbul olunması şəklində yozur. Kaş onun dediyi kimi olaydı! Çünki bu, bizim də bəraətimiz sayılır.

Bəli, Kəbə, Mina, Ərafat və Müzdəlifə Cənabi-Allaha yönəlmək, Ona dua və niyaz etmək üçün açılmış bir qapıdır. Orada Allah-taalaya yönələnlər heç vaxt əli boş qayıtmaz. İlk növbədə buna səmimi qəlbdən inanmaq lazımdır ki, Allah Rəsulu (s.ə.s.) da duanın qəbul olunacağına ürəkdən inanaraq dua etməyi tövsiyə edir. Ona görə də, mömin "Mən dua edim, olar-olar, olmaz-olmaz", düşüncəsi ilə deyil, "Allahım, Sənə pənah gətirdim. Allahım, böyüklüyünə sığınıram. Allahım, əngin mərhəmətinə sığınıram. Allahım, nə olar, məni mənim çirkinliyimlə baş-başa buraxma! Allahım, bura təmizlənməyə gəldim! Nə olar, təmizlə məni, ya Rəbbi!" kimi şüurlu ifadələrlə ürəkdən dua etməlidir. Duanın yanğısından hətta özünü də unutmalıdır.

Ümməti-Məhəmməd üçün yalvarıb-yaxaran könüllər

İnsan bu mübarək məkanlarda və bu müqəddəs zamanlarda özünə, ailəsinə, qohum-əqrəbasına da dua edə bilər. Ancaq bu gün ümməti-Məhəmmədin vəziyyəti elə bir haldadır ki, mənə elə gəlir, bu məsələ hər şeydən vacibir. Müsəlman coğrafiyasının hazırkı vəziyyəti göz qabağındadır. İslam tarixi boyu heç vaxt bu qədər acınacaqlı vəziyyətə düşməmişdir. Özümüz ayağa qalxa bilmirik, başqalarının ayağımızın altına qoyduğu şeylərin – ki bununla onların nə məqsəd güddüyünü heç vaxt bilməmişik– üstündə durmağa çalışırıq. Lakin çox vaxt ayağımız altına qoyduqları şeyləri də çəkirlər və biz dara çəkilən adam kimi sallanırıq. Bu acınacaqlı mənzərəyə baxıb iztirabdan qəddi bükülən Həzrəti Pir ümməti-Məhəmmədin dərdindən özünü unutduğunu deyir. Buna görə də, həccə gedə bilən müsəlmanlar Kəbəni görəndə əllərini açıb ürəkdən "Allahım, ümməti-Məhəmmədi xilas elə! Allahım ümməti-Məhəmmədə mərhəmət elə! Allahım, ümməti-Məhəmmədi, bağışla! Allahım, müsəlmanları ayağa qalxmağa müyəssər et! Allahım, ümməti-Məhəmmədə dirçəliş yollarını göstər!" deyərək ümməti-Məhəmməd üçün yalvarmalıdır. Minaya gedəndə və Minada gecələyəndə də eyni şəkildə başını səcdəyə qoymalı və ümməti-Məhəmməd üçün eyni diləklərlə dualar etməlidir. Çünki Mina özünəxas xüsusiyyətlərə malik mübarək bir məkandır. Təsəvvür edin ki, Rəsuli-Əkrəm Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) İslamın ilk illərində Məkkədə və başqa yerlərdə insanlardan görmədiyini orada görmüş, axtardığını orada tapmış, orada arxa-dəstək görmüşdür. Demək ki, inayət baxımından oranın xüsusi çəkisi var. Cənabi-Allahın bu qədər əhəmiyyət verdiyi bir məkanda biz də “bizə də arxa çıxarlar” ümidi ilə əllərimizi açmalı və "Allahım, ümməti-Məhəmmədin əyilmiş belini dikəlt və bu dirçəlişi tamamla!" deyə dua etməliyik.

Ərafata gedəndə də çox mühüm bir yerə getdiyimizi bilməliyik. Kim bilir, bəlkə də dünyada Cənabi-Allaha ən yaxın yer bu məkandır. Övliya olmayanlar belə orada Allahın yaxınlığını hiss edə bilirlər. Bəli, Cənabi-Allah o məkanda insanlara mərhəmətindən qeyri-adi ərməğanlar bəxş edə bilər. Beləliklə, o biri aləmlərə ən yaxın bu “mərkəz”də ürəyimizi boşaltmalı və ümməti-Məhəmməd üçün Allaha yalvarıb yaxarmalıyıq. Yemək-içməklə vaxt öldürməməli, ayaqda dura biləcək qədər ağzımıza bir-iki loğma atıb gün batana qədər Ərafatda keçirdiyimiz vaxtın saniyəsini belə fövtə vermədən dayanmadan dua etməli və o məkanın tələb etdiyi səmimiyyət və sədaqəti ortaya qoymalıyıq. Təkrar edirəm: bu mübarək məkanlarda insanın özünə və qohum-əqrəbasına dua etməsi qüsur deyil. Amma fədakarlıq və hasbilik baxımından "Allahım, hazırda mən özümü “silmişəm”. Üstümdən bir xətt çəkmişəm. Gözümü ümməti-Məhəmmədə dikmişəm. Təkcə onu düşünür, onu diləyirəm" deyib hər şeyi ümməti-Məhəmməd üçün istəmək çox vacibdir.

Həftənin duası

Ey hər şeyə mərhəmətlə qucaq açan Rəbbimiz! Bizi Cəhənnəm odundan və qəbir əzabından hizf et; qəlbi-sözü bir olan sadiq əbrar bəndələrinlə və Sənə yaxın müqərrəbinlə birlikdə bizi də Cənnətə qoy; Nəbiyi-Əkrəmin röyəti ilə könlümüzü nura və sürura qovuşdur; ülvi həqiqətləri olduğu kimi görüb dərk etmək üçün gözlərimizə enən pərdəni çək.

Sözün cövhəri

Ərafatın elə bir nuraniliyi və orada keçən zamanın elə bir dərinliyi var ki, bircə dəfə o mabəddə olma şərəfinə nail olan bir ruh daha heç vaxt (tamamilə) məhv olmaz və qətiyyən dünyəvilər kimi ölməz. Ömrünün bir neçə saatını Ərafatda keçirənlər ömür boyu güllər kimi açar və əsla solmazlar. Onun şəfqətli, məhəbbət dolu, şeirli dəqiqələri səhər günəşitək könül gözlərimizə işıq saçar.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.