Əxlaq

Alim olmaq başqa, insan olmaq başqadır. Alim elmi ilə insanlığa tabe olub, əxlaq və fəziləti ilə elmini təmsil etdiyi nisbətdə hafizə hamballığından xilas olar və yüksək bir insan olma şərəfinə nail olar. Əks halda onun, ömrünü bihudə hədər etmiş bir zavallıdan fərqi yoxdur. Çünki dəmir mahiyyətli cəhaləti, qızıl kimi faydalı və qiymətli edən də ancaq, əxlaq və fəzilətdir.

* * *

Aldadılsan da, əsla heç kəsi aldatma..! Ən yüksək bir fəzilət olduğu halda, bəzən zərərə düşməyinə səbəb olsa belə, sədaqət və istiqamətdən (haqq yoldan) əsla ayrılma!

* * *

Hal-hazırda əxlaq keçmişdə olduğu kimi, fəzilətlər toplusu olaraq qəbul edilmir. Bu günün insanı, onu, daha çox ictimai nəzakət və tərbiyə şəklində anlamaq istəyir. Kaş ki, bu şəkli ilə də olsa, onu hər kəsdə görə bilsəydik!..

* * *

Əxlaq, insanoğlunun davranışları ilə əlaqəli bir qisim yüksək düsturlar ehtiva etməktədir ki, bunların hər biri də ruhun yüksəkliyindən qaynaqlanır. Buna istinadən deyə bilərik ki, ruhunu və ruh-bədən münasibətlərini tanıya bilməmiş şəxslərin əxlaq qaydalarını da uzun müddət təmsil edə bilmələri olduqca çətindir.

* * *

Əvvəllər "Əxlaq kitablarda qaldı", deyərdilər. İndi, "Köhnə kitablarda qaldı", deyirlər. Hər necə olsa da, köhnəldilmək istənilən bu qiymətli şeyə nə qədər "yeni" fəda edilsə də, dəyər.

* * *

Öz mənfəətini başqalarının mənfəətinə fəda etmək bir ruh yüksəkliyi və mərdlikdir. Əvəzində hər hansı bir mənfəət gözləmədən həmişə xeyir iş görənlər, gözləmədikləri bir yerdə bütün xeyirli düşüncə və işləri ilə qarşılaşınca, heyrət və heyranlıqla talelərinə təbəssümlər yağdıracaqlar.

* * *