Güc zəhərlənməsi, yaxud tiranlaşma

Fəthullah Gülən: Güc zəhərlənməsi, yaxud tiranlaşma

Sual: Müəyyən bir sahəyə görə məsuliyyət daşıyan və ya hər hansı bir yerin idarəsini öz öhdəsinə götürən bəzi insanlar bir müddət sonra özlərini o yerin ağası, sahibi kimi görməyə başlayırlar. Bu məsələdə möminin düşüncə və davranışı necə olmalıdır?

Cavab: İdarəçilərin işin məsuliyyətini öz üzərində daşıması ilə məsul olduğu yeri, sahəni və ya işi şəxsi mülkü kimi görməsi arasında çox fərq var. Ancaq təəssüf ki, insanlar qafilliklərindən bu məsələyə ciddi yanaşmırlar. Əslində, idarəçilər Allah Rəsulu (sallallahu əleyhi və səlləm) və rəşid xəlifələrin (ridvanullahi əleyhim) yolunu tutmayanda, onlara tapşırılan vəzifəni, işi bir əmanət kimi görməyəndə, özlərini o vəzifənin, o işin maliki kimi görməyə başlayanda despotizmin və tiranlığın təməllərini atmış olurlar.

Əvvəlcə özünü hesaba çəkənlər

Bu fəlakətdən müxtəlif yollarla qorunmaq mümkündür. Ən mühüm yollardan biri idarəçilərin daima özlərini sorğu-suala çəkmələri və məsuliyyət daşıdıqları işdə meydana çıxan problemlərin, yol verilən qüsurların, xülasə, bütün mənfi halların günahını ilk öncə özlərində axtarmalarıdır. Bu cür idarəçilik anlayışı və fəlsəfəsi bizim dini duyğu və düşüncəmizə söykənir. Həzrəti Ömərin (radiyallahu anh) xəlifəlik illəri bu məsələdə gözəl nümunədir! O, on illik xəlifəlik dövründə Osmanlıların və Səlcuqluların zəfərlərinə bərabər fəthlərə imza atmış böyük dövlət xadimidir. Ancaq qıtlıq vaxtlarında başını səcdəyə qoymuş, “Allahım, mənim günahlarım üzündən ümməti-Məhəmmədi həlak etmə!” deyib iztirab içində Rəbbinə yalvarmışdı. Bu səbəbdən də idarəçi və rəhbərlər baş verən mənfi hallara görə ilk növbədə özlərini məsul saymalı, dua-niyazlarla Allaha yalvarmalı və problemlərin yoluna qoyulmasında əllərindən gələni etməlidirlər.

Qəlblərinə süzülən gözəllikləri möhtac ürəklərə “boşaltmaq” üçün gecə-gündüz çırpınan və bu yolda çiyninə müəyyən öhdəliklər götürən fədakar insanlar bəzən gözlənilmədən problemlərlə qarşılaşırlar. Məsələn, Cənabi-Haqq onlara rəğbət və təqdirlə qarşılanan bəzi nailiyyətlər lütf edir. Bu uğurlar zəif xarakterli bəzi adamları həmin fədakarlarla bir “kadr”da görünməyə sövq edir. Mənfəət düşüncəsi ilə bu yola girənlər umduqlarını tapmayanda isə böhtan, yalan da daxil olmaqla hər cür pisliyə əl atırlar. Əlbəttə, Allah (cəllə cəlaluhu) bu pisliklərin hesabını edənlərdən soruşacaq. Amma yenə də bu cür problemlərin meydana çıxdığı yerlərin idarəçiləri: “Görəsən, mən hansı xətanı elədim ki, başımıza belə müsibətlər gəldi?” – deyib ən əvvəl özünü sorğu-suala çəkməlidir.

Uğurları özündən bilməyənlər

İdarəçilər və rəhbərlər özlərini sorğu-suala çəkməyi bacarmasalar, bu hiss və düşüncəyə yiyələnməsələr, zaman keçdikcə sırf özlərinin yanlış qərarlarından irəli gələn problemlərdə də xəta və yanlışlarını qəbul etmək istəməz, təqsirkarı həmişə kənarda axtarar, günahı onu-bunun üstünə atmaqla məşğul olarlar. Xəta və qüsurların dilə gətirilməsini də özləri üçün təhdid sayar, fərqli fikirləri azaltmağa və susdurmağa can atarlar. Xülasə, onlar öz “səviyyələrində” tiranlığa başlayarlar. Bəli, toplumun birgə səyləri və Allahın lütfü ilə qazanılan uğurları, görülən gözəl işləri qafillik edib özündən bilən idarəçilər hər şeyin onlarla başlayıb onlarla qurtardığını zənn edər, vəhmə qapılıb özlərini işin başlanğıc və sonu sayar ki, əslində, bu kimi hallar zımni (gizli, üstüörtülü) də olsa, bir mənada ulühiyyət iddiasında olmaq deməkdir.

Üluhiyyat iddiasında olan insanın faciəvi aqibətini isə qüdsi hədis xəbər verir: “Kibriya Mənim ridam, əzəmət isə izarımdır. Kim mənimlə bu məsələdə yarışmağa cəhd etsə və bunlara şərik çıxmağa çalışsa, onu Cəhənnəmə ataram” (Müslim, “Birr”, 136; Əbu Davud, “Libas”, 26). Özünü böyük görüb təkəbbürlənən bəndə bu ilahi sifətlərdə Rəbbə şərik olmağa çalışır. Ona görə də Cənabi-Haqq ona Cəhənnəmlə xəbərdarlıq edir.

Ortaq ağıl və məşvərət

Halbuki heç bir şey bizimlə başlamadığı kimi, bizimlə də sona çatmaz. Əksinə, insanın bir işi özündən bilməsi o işin uğursuzluqla nəticələnməsinə gətirib çıxarar. O insan eqoizmdən və mənəm-mənəmlik iddialarından uzaq durarsa, görülən işlər də ala-yarımçıq qalmaz, nəticəsiz olmaz. İnsan özünə və ona həvalə edilən işlərə həmişə bu cür baxmalı, ortaq ağıla dəyər verməli, müştərək ağıldan faydalanmalı və daima məşvərəti vacib bilməlidir. İşin öhdəsindən gələ bilmədiyini, vəzifəsini layiqincə yerinə yetirmədiyini görəndə də iki addım geri çəkilməyi bacarmalı, çox rahatlıqla: “Mən insanlarda birlik və bərabərlik duyğusunu hərəkətə gətirməyə və qəlbləri uzlaşdırmağa çalışaraq tövfiqi-ilahini[1] diləyirəm. Əgər vəzifəmi layiqincə icra edə, dəyərləri lazımınca təmsil edə, hal-hərəkətlərimdə inandırıcı ola bilmirəmsə, məni bu vəzifədən çıxarıb daha kiçik bir yerə verə bilərsiniz”, – deməlidir. Ömürlərini haqqa, həqiqətə, millətə həsr etdiyini deyən insanlar məhz bu cür duyğu-düşüncələrə sahib olmalıdırlar.

Dünya və axirət təmənnası olmayan insanlar

Onlar gördükləri işlərin əvəzində nə dünyəvi, nə də üxrəvi heç bir şey ummamalıdırlar. Nə yüksək məqamlara gəlmə, nə də barmaqla göstərilmə kimi fikirlər onların könlündə özünə yer tapmamalıdır. Çünki nəfsani və dünyəvi şeylərdə gözün həmişə yuxarılarda olması özündənrazılıq, qürur və təkəbbürün ifadəsidir. Təkəbbürlü insanların isə bu məsələdə müvazi hərəkət etməsi, tarazlığı qoruması, vəzifəsini layiqincə yerinə yetirməsi və məsuliyyət daşıdığı şeylərin şüurunda olması çox çətindir. Çünki onlar özlərini Yer kürəsini buynuzunda saxlayan öküz kimi görürlər. Vəzifələrindən əl çəkdikləri təqdirdə “fayların qırılacağını” və “zəlzələ” baş verəcəyini, yəni bütün işlərin alt-üst olacağını düşünürlər. Bu isə böyük bir qafillik və yanlışlıqdır.

Tabe olmağı idarəçi olmaqdan üstün tutan insanlar

Həzrəti Pir bu məsələ ilə əlaqədar “İxlas” və “Üxuvvət” risalələrində qızıl meyarlar təqdim edir. Onlara riayət edilməsi bu cür yanlışlıqların qarşısını almaqda çox əhəmiyyətlidir. Məsələn, o, bir yerdə “təbiyyəti (tabe olmaq, işçi olmaq) səbəbi-məsuliyyət və xətər (qorxu, təhlükə) olan mətbuiyyətdən (əmr edən, idarəçi, rəhbər) üstün tutmağın” zəruriliyini vurğulamışdır. (Bax: Bədiüzzaman, “Ləmalar” s. 192 (İyirminci Ləma, Birinci nöqtə) Yəni insan ləyaqətli bir insana tabe olmağı məsuliyyət və təhlükə ehtiva edən idarçilikdən üstün tutmalıdır. Deyək ki, bir yerdə camaatla namaz qılınacaq. İnsan orada dərhal qabağa keçmək istəməməli, iki addım geri çəkilməli və mömin qardaşının arxasında namaz qılmağı bacarmalıdır. Hətta kimlərsə tərəfindən layiq görülüb təklif edilməsi istisna olmaqla müəzzinliyi belə istəməməli, başqasına həvalə etməlidir. Namaz qıldırma, bir yerdə çıxış etmə kimi insanın tanınmasına səbəb olan məqamlarda belə bir həssaslıq göstərilsə, zaman keçdikcə bu əxlaq insan xarakterinin ayrılmaz parçasına çevrilər. Geridə durmağı xasiyyətə çevirən insanlar da bir vəzifəyə gətiriləndə dərhal tiranlaşmaz, despotik davranışlara yol verməzlər.

Rəğbət və alqışdan qaçan təvazökar insanlar

Fatih, Yavuz və Qanuni (əleyhimürrahmətü vəlğufran) kimi Osmanlı sultanları bu məsələdə ciddi tərbiyə aldıqlarına görə dünyaya hökm elədikləri dövrdə belə tiranlaşmamış, təvazökarlıq və mahviyyət duyğusu ilə yaşamışlar. Onlar haqqında deyilən xoşagəlməz sözlər, onlara tuşlanan tənə və məzəmmətlər isə cahillikdən irəli gəlir. Düşmənlərlə əzmlə mübarizə aparan, ömrünü səfərlərdə keçirən Qanuni Cənnətməkan xalqın qarşısında təkəbbürə qapılmamış, rəiyyəti ilə həmişə gözəl keçinmişdir. Rəvayətə görə, böyük bir zəfərdən qayıtdıqdan sonra nəfsini hesaba çəkmək üçün yatağını dəhlizə sərdirmişdir.

Sultan Səlim Mərcidabık və Ridaniyyə səfərlərindən qələbə ilə qayıtmış, ancaq xalqın rəğbət və alqışından qaçmaq üçün gecə yarısınacan Üsküdarda qalmışdır. Camaat yatandan, küçələrdən əl-ayaq çəkiləndən sonra gecə yarısı sakitcə Topqapı sarayına daxil olmuşdur.

Mənəviyyata laqeyd yanaşılmamalı

Ömrünü din və bəşəriyyət yolunda xidmətə həsr edən insanlar lap başdan belə bir təmrindən keçməlidir. İnsan kiçik bir yerin idarəçisi olanda kiçik tiran olmamalıdır ki, məsuliyyət sahəsi böyüyəndə də özünü cahan hökmdarı sanıb, qeyri-mümkün işlərin arxasınca gedən, bunlara nail ola bilməyəndə də insanları sıxışdırıb incidən söz dinləməyən nəhəng xəyalpərəst tirana çevrilməsin. Əksinə, o, bütün nailiyyətlərin Allahın izni və yardımı ilə əldə edildiyinə inanmalı, özünün yalnız kiçik bir “səbəb”dən ibarət olduğunu unutmamalı və hansı məqamda, hansı vəzifədə olur-olsun həddini bilməlidir.

Buna görə də ən kiçik vəzifədən ən yüksək vəzifəyədək heç kim mənəvi qidalanma məsələsində boş buraxılmamalıdır. İnsanları islami, insani və ümumbəşəri əxlaqi dəyərlər çərçivəsində mütəmadi “reabilitasiya”dan keçirmək və onların əsl insan kimi yetişmələrinə kömək etmək lazımdır. Əgər insanlar mənən qidalanmaz, bu məsələyə də ciddi yanaşılmazsa, mənəvi boşluğa düşər, qopub gedərlər. Bir dəfə qopdularmı, elə hey “mən, mən” deyib gəzərlər. Bu qopuqluq onları məhv edər. Həqiqi dostlarını, yaxınlarını itirər və “mənəm-mənəmlik” hissinin dar məhbəsində həyatlarını puç edərlər.

[1] Tövfiqi-ilahi – Allahın bəndəsini doğru yola yönəltməsi.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.