Fəthullah Gülən Xoca Əfəndinin Sünnətə Xidməti

Ərzurumlu Ramiz Əfəndinin və Rəfiyə Xanımın övladı Fəthullah Güləni, bu gün xalqın ağlayan müəllimi, Türkiyənin Xoca Əfəndisi, dünyada Dialoq və Tolerantlıq Mütəfəkkiri dərəcəsinə yüksəldən məhz onun fəaliyyəti, icraatı ön plana çıxaran bir fikir və düşüncə insanı olmasıdır. O, bir çoxların etdiyi kimi, fikir dünyasının fil dişi qülləsində oturaraq gözübağlı ehkam kəsib nəzəriyyələr qurmamışdır. Bu işi görən çox insan var. Üstəlik də Qərbin fikir qazanında onun damaq zövqünə görə hazırlanmış müəyyən süfrəni hazır şəkildə alıb çox naşı yanaşma və yorum əlavə edərək millətə muasirləşmə, modernləşmə adı ilə mənimsətməyə çalışanlar çoxdur. Xoca Əfəndi bu yolu təqib edənlərdən deyil.

O, "Böyük tarixi hadisələtə nəzər yetirəndə düşüncə ilə hərəkatın iç-içə yaşandığı görünür. Bir tərəfdən hərəkatın fikirlə qidalanması, planlanması, digər tərəfdən də həmlə, hərəkatın yeni düşüncə və layihələrə zəmin hazırlanması", -deyərək düşüncələrini həyata keçirməyə üstünlük vermiş və bunda müvəffəq də olmuşdur. Tariximizdən, həyatımızdan, mədəniyyətimizin təməl qaynaqları-Quran və Sünnətdən bəhrələnərək ortaya qoyduğu düşüncələrimi, "Nümunələri Özündən Bir Hərəkat" adı altında sıfırdan başlayıb uzun vədəli layihə çərçivəsində, heç vaxt geri addım atmadan, bütün amansız maneələrə baxmayaraq, həyata keçirməyi həm də hər gün, hər dəfə bir üst pillə irəli aparmağı bacaran bir təşəbbüskar və düşüncə memarıdır. Bizə görə, bu müvəffəqiyyətin sirri, Xoca Əfəndinin cahanşümul məfkurəsini bir insanlıq möcüzəsi olaraq 23 illik risalət həyatında qəlblərə, könüllərə bir daha çıxmayacaq şəkildə sevgi ilə yerləşdirməyə müvəffəq olan Hz. Peyğəmbərin (s.ə.s.) varisi olmasında, Onun sünnətinə həm məzmun, həm əməl, həm metod və həm də hədəf və missiya olaraq sahib çıxmasında yatır. O, bir Peyğəmbər aşiqidir, Kainatın İftixarını Quranın əmr etdiyi səviyyədə sevmiş və bütün yönləri ilə Onun sünnətində fani olmuş, həyatın qayəsini "Riza" seçərək urvətül-vüsqaya (möhkəm, qopmaz əlaqə, münasibət) nail olmuşdur.

Xoca Əfəndi hədisdə Sələfi-Salehinin yolunu təqib edir. Bu yol Allah Rəsulu (s.ə.s.) ilə açılan, Quran ayələri ilə təsdiq olunan, Hz. Ömər, Hz. Aişə, Hz. Əbu Hüreyrə, Hz. İbn Abbas kimi səhabələrin və minlərlə onlara tabe olan Məhəmməd ibn Şihab əz-Zühri, Ömər bin Abdiləziz, İmam Malik, Şafi, Əbu Hənifə… Buxari, Müslim, Qazali, İbnu Salah, Abdülqadir Geylani, Əhməd Yəsəvi, Mövlana, Zənbilli Əli Əfəndi, İmam Rabbani, Babanzadə Əhməd Naim, Bədiüzzaman kimi İslamın şanlı və möhtəşəm mədəniyyət kəhkəşanını təşkil edən günəşə bənzər şəxsiyyətlərin getdiyi əzəmətli yoldur. Bu böyüklərə görə:

1. Sünnət, qiyamətə qədər dinimizin ikinci mənbəyi və Quranın təfsiridir.

2. Hz. Peyğəmbərin (s.ə.s.) Quranda olmayan müəyyən məsələlərdə "halal" və "haram" təyin etmə səlahiyyəti var. Sünnət Hz. Peyğəmbər (s.ə.s.) dövründə yazı və əzbərləmə yolu ilə təsbit və tədris edilmişdir.

3. Səhabələrdən bəzilərinin hələ sağ olduğu birinci əsrin sonlarında hədislərin tərtibi, yəni kitablaşdırılması Əməvi xəlifələrindən Ömər bin Abdüləzizin əmri ilə rəsmi bir iş olaraq İslam aləminin hər yerində başladılmış və ikinci əsrdə tamamlanmışdır.

4. Sünnətə uymaq (tabe olmaq) Quranın əmridir. Əfəndimizin yemə, içmə, yatma, qalxma, oturma, danışma… və buna bənzər adəti-səniyyələrinə uymaq dinə görə vacib olmasa da, həyatımızın buna bənzər mübah əməllərində sünnətə uymaq böyük savab mənbəyidir və bu da hər davranışımıza ibadət mənasını qazandırır.

5. Sünnətin mütəvatir, səhih, hasən, zəif, mövzu növləri var.

Mütəvatir hədis-Yalan üzərində ittifaqları əqli olaraq qeyri-mümkün olan camaatın bir-birindən və ilk camaatı da bilavasitə Həzrəti Peyğəmbərdən (s.ə.s.) rəvayət etdiyi hədisdir.

Səhih hədis-Haqqında şübhə edilməyən, doğru sənəd və rəvayətlərə isnadən mövcud olan hədislərdir.

Hasən hədisi-Səhih hədislə zəif hədis arasında yer tutan, lakin səhih hədisə daha yaxın olan bir hədis növüdür.

Zəif hədis-Yuxarıda tərif edilən səhih və hasən hədisin xassəsi olmayan hədislər "zəif"dir.

Mövzu hədis-Başqası tərəfindən rəvayət edildiyi halda, Peyğəmbərimizə (s.ə.s.) istinad edilən hədisdir. Sənədlərlə təsbit edilməmiş hədisdir. Mənasına səhv deyilməz.

6. Mütəvatir, səhih və hasən olan hədislərin dəlil olmasında sələfi-salehin ittifaqdadır.

7. Zəif hədisi zəif olduğunu bildirərək rəvayət etmək qəbahət deyil.

8. Zəif hədislər Peyğəmbər Əfəndimizə (s.ə.s.) aid olma ehtimalına görə, qiyasa üstünlük verən bir qrup alimin nəzərində, ehkama girən məsələlərdə dəlil qəbul edilsə də, digər bir qrup alim tərəfindən hökm çıxarmaqda dəlil olaraq qəbul edilməmişdir. Lakin bütün alimlər haram, halal və etiqada daxil olmayan məsələlərdə, yəni gözəl əməllərə təşviq, pis əməllərdən çəkindirmə, bəzi əməllərin fəzilətini bildirmə kimi mövzularda zəif hədisi dəlil kimi qəbul etmişlər.

9. Zəif hədis yalnız bir sənədlə gəlmişsə -belə hədislər azdır- alimlər bunlara qarşı daha diqqətli olmuşdur. Zəif hədis birdən artıq sənədlə rəvayət olunarsa, hasən mərtəbəsinə yüksələr ki, əvvəlcə ifadə etdiyimiz kimi, alimlər bunu dəlil kimi nəzərə almışdır. Bəzi böyük mühəddislər (hədis alimləri) bir rəvayəti hədis olaraq kitabına daxil etmək üçün ən az otuz müxtəlif yoldan rəvayət edilməsini əsas götürmüşlər.

Sünnətə bu müstəvidən yanaşan Xoca Əfəndi bir çox alimin öz əsərlərində etdiyi kimi, hədisin səhihlik dərəcəsi ilə əlaqəli qeydlər qoyduqdan sonra yazılarında bəzən dərəcəsini bildirməklə zəif hədislərə də yer vermişdir ki, bu hədislər yuxarıda bəhs etdiyimiz sahələrə aiddir. Bu, sələfi-salehinin zəif hədisə qarşı ortaq qərarı olduğuna görə, qüsur və ya nöqsan deyil. Əsasən, oxucu Xoca Əfəndinin hədislərə hakimliyini başqa birinin şahidliyinə ehtiyac duymadan anlayar; bir hədis istifadə etdiyi zaman çox vaxt həmin hədisin digər sənədlərində mövcud olan fərqliliklərini mətn və hətta şəxslərə qədər bildirməsi onun hədislərə hərtərəfli bələd olmasını ifadə edir. Qaldı ki, onu yaxından tanıyanlar bir qisim tələbələrlə Kütubi-Sittə və təməl hədis kitablarını, həm məşhur şərhləri, həm də ravilərini (rəvayət edənlərini) tanıdan digər mənbələrlə birlikdə mütəmadi mütaliə etdiklərini ifadə edirlər.

Beləcə, Xoca Əfəndi sələflərin hədis ənənəsini yalnız nəzəri planda mənimsəməmiş, tətbiq və tədrisdə də onların ənənəsini davam etdirmişdir.

Onun hədis barəsindəki əsl əhəmiyyətli mövqeyi başqa bir nöqtədə özünü biruzə verir: Əsərlərini oxuyanda ona Rəsulullahın həqiqi varisi nəzəri ilə baxanlara haqq verəcək bir durumla qarşılaşırıq: O, Əfəndimizin yolunda gedərək, ictimai həyatın bütün məsələləri ilə maraqlanmışdır; Din, əxlaq, elm, sənət, iş, iqtisadiyyat, israf, müvəffəqiyyət, dil, ədəbiyyat, siyasət, beynəlxalq məsələlər, mətbuat-nəşr, media, tolerantlıq, dialoq, fəlsəfə, təsəvvüf, kəlam, fiqh, təmsil, təbliğ və s.

Xoca Əfəndi bütün bu bəşəri məsələlər dəryasında Quran və sünnət gəmisi ilə yelkən açır. Bütün təhlillər Quran-Sünnət-Sələf ələyindən keçirilir; yaxşılar-pislər, xeyirlər-şərlər sünnət ölçülərinə görə təyin olunur. Prinsipcə heç bir məsələni həlsiz qoymayan Xoca Əfəndi bütün həll yollarını, əlaclarını Quran və Sünnə əczaxanasından toplayır.

Sünnətdən alınan yalnız məzmun deyil, eyni zamanda lahiyə və plan, metod və taktikadır. Rəsulullaha (s.ə.s.) həqiqi mənada varisliyin və Sünnətə tabe olmada zirvəyə yüksəlmənin bizə görə bir meyarı da, hər şeyin alt-üst olduğu, cəhalət dumanının göz-gözü görməyəcək dərəcədə ətrafı bürüdüyü və buna görə bəzi ziyalı müsəlmanların belə çaş-baş qaldığı bir dövrün şərtlərində dinə-imana xidmət metod və hərəkat taktikasında da Sünnətin məna və mahiyyətini qavraması və ona müraciət etməsidir. Qənaətimə görə, gələcək nəsillərin ən çox alqışlayıb təqdir edəcəkləri başqa bir xüsus da Xoca Əfəndinin iş metodunda Makyavelist düşüncəyə qapıları möhkəm bağlayıb Məhəmmədi yolu göstərməsi, beləcə sevənlərini və dinə-imana xidmət edən qəhrəmanları –onun ifadəsi ilə Alpərənləri- dövrün sərt qayalarına çırpılıb həlak olmaqdan qurtararaq, onlara əmin addımlarla, Riza yolunda məsafə qət etdirməsidir.

Xoca Əfəndinin müəyyən hədislərə gətirdiyi yeni və orijinal şərhlər də son dərəcə əhəmiyyətlidir və bu, milyonların könlünə hədis sevgisini yerləşdirməsi, çox sayda hədisi geniş oxucu kütləsi arasında aktuallaşdırıb həyata daxil etməsi qədər sünnətə böyük bir xidmətdir. Bunlardan yalnız ikisini nəzərdən keçirək:

1. Hicrət Şərhi

Rəsulullahın (s.ə.s.) risalət, yəni peyğəmbərlik həyatında baş vermiş "Hicrət" hadisəsinin həqiqi mənada şərhini verməklə onu bu dövrün şərtlərinə görə din və imana xidmət edənlərə (alpərənlərə) bir fəaliyyət düsturu olaraq təqdim etmiş və beləcə, Hicrəti, sırf tarixi bir hadisə olmaqdan çıxararaq bu dövrün şərtlərinə uyğun "müasir bədəvilərlə kirlənmiş şəhərləri Mədinələşdirmək" üçün sözün əsl mənasında aktuallaşdırmışdır:

"Bəli, ilk dönəm etibarilə fərz səviyyəsində qəbul edilən hicrət Məkkədən Mədinəyə köç şəklində gerçəkləşmiş və sona çatmışsa da, niyyət və Allah yolunda cəhd baxımından o qiyamətə qədər davam edəcəkdir. Müqəddəs köç (hicrət) bəşəriyyətin İslama şiddətli ehtiyac duyduğu belə bir dövrdə əvvəlki dövrlərə nisbətən daha çox əhəmiyyət kəsb etdir. Bu gün mədəniləşmə və Mədinələşməni gözləyən ogünkü Yesrib olmasa da, hər yerə Mədinə boyasını boyama və bədəviliklə kirlənmiş şəhərləri Mədinələşdirmə vəzifəsi vardır. Əfəndimizn hüzuruna çıxarkən: "Kəndinin əksi, kölgəsi olan Mədinələri arxada qoyub Sənin Mədinənə gəldik!" –deyə bilmək üçün bu gün də hicrətə və hicrət diyarlarına ehtiyac var." (Ümid Bürcü, s. 175-76).

Xoca Əfəndinin hicrətlə bağlı başqa bir şərhini də, mühacir savabına nail olmaq üçün hicrət edilən yerin məsafəsi barədə verilən suala cavabında görürük:

"Xalis bir niyyətlə hicrəti hədəfləyən və əməli hazırlıq görən insanlar başqa bir şəhərə (yurda) getsələr də, getməsələr də, inşallah, mühacirlərlə eyni cərgədə öz yerlərini alarlar. Necə ki, Peyğəmbər Əfəndimiz: "Sədaqətlə və səmimi qəlblə şəhidlik istəyən, yatağında ölsə də, şəhiddir", -buyurmuşdur. Əsas olan qət edilmiş məsafələr deyil, niyyətdə istiqaməti tapmaqdır" (Ümid Bürcü s. 182).

Və əlavə olaraq: Xoca Əfəndi Məkkə dövründə baş verən "hicrət"lə Mədinə dövrünün "hicrət"i arasındakı fərqi göstərərək, Məkkə dövründəki hicrətin hər şərhçinin ağlına gəlməyən cbir əhətinə toxunmuşdur:

"Bu dövrdə sağa-sola hicrət əmri; zəif və müqavimətsiz insanları mühafizə altına almaqla yanaşı, iqtidar müvazinətinin olmadığı belə bir dönəmdə, təhrikedici ab-havanı dağıtma, narahatçılığa səbəb ola biləcək hadisələrə fürsət verməmə və səs-küyə səbəb olmasın deyə hava boşaltma əməliyyatıdır" (Sonsuz Nur, İstanbul, 2007, 2/149).

2. Əshabı-Kəhf Şərhi

İkinci nümunəmiz ayə şərhi ilə əlaqədardır. Əvvəlcədən bildirməliyəm ki, Xoca Əfəndinin sadəcə hədislərə deyil, bir çox Quran ayələrinə də yeni şərh və izahları var. Həm Quran ayələrinin dövrümüzlə də əlaqəli olduğunu və bizə xitab etdiyini göstərmək, həm də Xoca Əfəndinin məfkurəsinin hədəf, məzmun və metodlarını təsbit etmək məqsədi ilə, ilahi rəhbərimiz Qurani-Kərimin bir çox ayəsini yeni və orijinal şərhlərə qovuşdurduğunu göstərmək üçün, Əshabı-Kəhf haqqında verdiyi izahlardan bəzilərini öz ifadələri ilə nəql edəcəyik. Bu sitatlar Quranı Sünnətə müraciət etmədən anlamanın qeyri-mümkünlüyünü göstərdiyi kimi, Xoca Əfəndinin Sünnətlə əlaqədar şərhinə də gözəl bir nümunə təşkil edəcək. Bunu da əlavə edək ki, Xoca Əfəndinin Quranı təfsir metod və istiqaməti də xüsusi tədqiq edilməlidir.

"Əshabı-Kəhf, "mağara əshabı" və "mağara dostları" deməkdir. Onların Hz. İsa və İncilə, ya da başqa bir kitab və peyğəmbərə tabe olduqları deyilsə də, Quranı-Kərimdə zikr edilməsini nəzərə alaraq deyə bilərik ki, Əshabı-Kəhf qiyamətə qədər bütün dirilişləri təmsil edən bir camaatdır. Çünki bütün diriliş hərəkatlarının mütləq bir təzyiq və bir də mağara dövrləri olmuşdur və olacaqdır.

Ribat, Allahla münasibət deməkdir. Gözlərini hər açıb bağlayanda Onu duyma, Onu görmə, Onu hiss etmə, Onun güc və qüdrətini sezmə və daim Onu arama, Onun həsrətini çəkmə... Məhz belə bir mənaya işarə edən bir hədisdə Allahın Elçisi (s.ə.s.) ağır şəraitdə dəstəmaz almağı, uzaq olan məscidləri seçməklə namaza gedərkən çox addım atmağı və namazı qıldıqdan sonra növbəti namaz vaxtını gözləməyi zikr edir və arxasınca da üç dəfə: "fə zalikumur ribat" -deyir. Bəli, sərhəd boyu keşik çəkmə səviyyəsində Haqqla münasibət elə budur. Çünki Ribat, eyni zamanda "sərhəd keşikçisi" deməkdir. Elə isə "عَلَى قُلُوبِهِم وَرَبَطْنَا -Biz onların qəlblərini ilahi irtibatla (ribatla) möhkəmləndirdik" deməkdir. Əlbəttə ki, belə bir münasibət və qəlb rahatlığına nail olan insanlar haqpərəst, cəsur və mərd olacaqlar.

Məhz bu vəsflərə malik insanlar, "haqqı ayağa qaldırmaq üçün qiyam etdilər, ayağa qalxdılar və qəlbsizliyə, məntiqsizliyə qarşı baş qaldırdılar". "Baş qaldırmanın" dünya ədəbiyyatına ekzistensializm fəlsəfəçiləri sayılan Sarter, Kamus və Markusla girdiyi bilinir. Lakin bu, cəmiyyətin adət-ənənələrini, dini və ailəvi anlayışları lazımsız, əbəs görən üsyandır. Ancaq Əshabı-Kəhfin baş qaldırması çox fərqlidir. Onlar "Rabbunə rabbussəmavati vəl ardi-Rəbbimiz səmaların və ərzin Rəbbidir" deyib alternativ dirçəliş yollarını göstərərək baş qaldırırlar. Yəni onlarınki ekzistensialistlər kimi yıxıb-dağıtma, kökündən vurma deyil, Rəbblə münasibətə əsaslanmış dirçəliş və abadlıq fəaliyyətidir…

Bəli, onların gördüyü iş də bir növ fərarilikdir, lakin Quranın ifadəsi ilə "Fə firru ilallah (Allaha qaçın…) mənasına gələn Allaha doğru bir fərarilik və Allaha sığınmadır…

Rəvayətlərə görə, Əshabı-Kəhf saraya mənsub gənclərdir. O dövrdə bir insanın saraydakı rifah, səadət və rahat həyatı tərk edərək, başda padşah və bütün cəmiyyətin rədd etdiyi bir yola qədəm qoyması böyük bir qəhrəmanlıqdır…

Əgər onlar "Mağaraya girək, bu gün-sabah bu şah öldükdən və dövlət təhdidi aradan qalxdıqdan sonra yenidən xalqın arasına girər və dinimizi təbliğ edərik" düşüncəsini daşıyırdılarsa, mağarada qaldıqları 310 il boyunca ibadət savabı almış, başqa sözlə də, niyyətlərinin dərinliyinə görə qazanmış sayılırlar… Əshabı-Kəhfin düşüncələrini, "hələlik bir az gizlənək, küfrün amansız təzyiqi aradan qalxar, biz də geri qayıdar, yenidən təbliğimizi davam etdirərik" şəklində dəyərləndirmək lazımdır…

"Əslində mağara yenidən mənəvi güc toplama, mənən kamilləşmə və bir daha özünü kəşf və dərk etmə məkanıdır. Nəyə görə? Çünki küfrlə əlbəyaxa olmaq, qüvvə tarazlığının pozulduğu bir dövrdə onu məğlub etmək, ancaq peyğəmbəranə bir güc və əzmlə mümkündür. Allah Rəsulunun (s.ə.s.) həyatına baxın! O da peyğəmbərlik üfüqünə varmaq üçün peyğəmbərlik gəlməmişdən əvvəl altı ay mağara dövrü keçirmədimi?...

Bəli, İmam Qazalinin, İmam Rabbaninin, Mövlana Xalidin və Ustad Bədiüzzamanın həyatında da buna bənzər mənəvi güc toplama, mənən kamilləşmə, möhkəmlənmə və bir daha özünü kəşf və dərk etmək, küfrlə mübarizə aparmaq üçün lazımi gücü toplamaq üçün inziva dövrləri olmuşdur…

Əslində, eyni şey təkrarlanan tarix içərisində, tarixi yenidən inşa edəcək, bəşşəriyyəti yenidən öz məhvərinə oturdacaq camaat və toplumlar üçün də keçərlidir. Bəli, fütüvvət (fatehlik) ruhunu təmsil edən insanların hər birinin həyatında mağara dövrünə rast gəlmək mümkündür.

Bəli, insanın bəzi lahuti İlahi xitaba məzhər ola bilməsi, ilhamla ucala bilməsi və səmavi varidata açıq ola bilməsi üçün bir mağara dövrünə ehtiyacı var…

"...İtləri də iki qolunu (qabaq pəncələrini mağaranın) astanasına uzadıb yatmışdı. Əgər sən onları (bu vəziyyətdə) görsə idin, yəqin ki, (qorxudan) dönüb qaçar, dəhşət səni bürüyərdi" (Kəhf surəsi, 18/18)...

"İndi də ayənin dövrümüzlə səslənən yönlərinə bir nəzər yetirək:

1) Hər dövrdə Əshabı-Kəhf kimi alpərənlər (qəhrəmanlar) olacaq və bunlara başqaları da qoşulacaq; duyğu, düşüncə və inancda eyni cizgidə olmasalar belə eyni mülahizələr ətrafında bu yolu davam etdirməkdə qərarlı olacaqlar.

2) Hər dövrdə belə mağara həyatı yaşayan, ya da yaşamağa məhkum edilən insanlar mühafizəyə də əhəmiyyət verməlidirlər, çünki müəyyən bir dövrdən sonra, onlara, onların xidmət etdikləri müəssisələrə, hətta evlərinə hücumlar ola bilər. Buna görə tədbirli olmalı, hətta qapılarına təlim görmüş itlər qoymalıdırlar.

3) Bu itlər adi itlərdən olmamalıdır. Xaricdən gəlmə ehtimalı olan hər cür təhlükəyə sinə gərə bilən, qarşı çıxan və duruşu ilə şər niyyətlilərin içinə qorxu salacaq qədər caydırıcı olmalıdır.

4) İnsan həqiqi insani dəyərlərə sahib çıxdığı nisbətdə insandır…

"Mənim buradan anladığım şey, müxtəlif dövrlərdə Əshabı-Kəhfi və onların gördüyü vəzifəni görənləri; daha açıq desək, təbliğ və irşad qəhrəmanlarını Allah (c.c.) hələ vəhşəti öz üzərindən ata bilməmiş və kamillik yoluna girə bilməmiş insanlarla qoruyaraq dini və bu dini təmsil edənləri hətta facirlərlə (günahkar insan) belə gücləndirəcəkdir. Elə tarixin təkrar olunan hadisələrinə nəzər yetirsək, bunu açıq-aydın görə bilərik. Həqiqi dindarların üzərinə bəzən Avropanın zalımları, zaman-zaman da Asiyanın münafiqləri və daha bir çox din düşmənləri, "fundamentalizm, mürtəcelik, fanatizm, irtica..." deyə hücum etdikləri bir dövrdə onları qoruyan, onlara sahib çıxan, tam onlardan olmasalar belə, onları himayə qanadları altına alıb Haqq inayətini və himayəsini təmsil edən dünyalar qədər insan olmuşdur.

5) Qədimdən bu yana təbliğ və irşad fəaliyyəti ilə məşğul olanların yaşadıqları cəmiyyətlərin və bu cəmiyyəti idarə edən sistemlərin onları qoruduqları az olmamışdır. Təbii ki, bu bir az da təmsilçilərin bəsirətinə bağlıdır…

Deməli, sistemlər "...itləri də iki ayağını mağaranın astanasına uzadıb yatmışdı" sirrinə görə xidmət yolçularına yerinə görə çətir, yerinə görə qalxan və zireh ola biləcək. Yəni xaricdən onlara hücum etmək istəyənlər Əshabı-Kəhfi görə bilməyib maneələrə ilişib qalacaqlar. Bəli, hər kəs eyni səviyyədə inanmaya bilər, lakin unutmamaq lazımdır ki, hər kəs inandığı nisbətdə insanlığını ortaya qoyacaqdır…

"İndi içərinizdən birini bu gümüş pulunuzla şəhərə (Tərsusa və ya Əfsusa) göndərin ki, görsün ən təmiz təam hansıdırsa, ondan sizə ruzi (yemək alıb) gətirsin" ("Kəhf" surəsi, 18/19).

Bu ayədə diqqət çəkən ikinci bir məsələ də puldur. Nəticəsi nə olursa-olsun, dünya və dünyəvi sərvət, mal-mülk onları ələ vermişdir. Baxın, Yemlihanı -əgər bu odursa- ələ verən pul olur. Nəticənin gözəl olması Allahın lütfüdür, amma pul onu ələ verir. Elə isə məfkurə insanı ələ keçmək istəmirsə, onda qazanma bir yana, dünyaya meyil belə olmamalıdır. Bəli, tarix boyu neçə-neçə çinar qamətli igidlər, neçə-neçə qüdrətli sultanlar bu insafsız qəddarın əsiri olmuşdur. İnsanın fitrətindəki bu zəif nöqtədən istifadə edilərək nə qədər millət məhv edilmiş və nə qədər cəmiyyət tarixə qarışıb yox olmuşdur. Halbuki, dinin yayılması və aləmdə qanad açması da yenə pula, yəni maliyyə gücünə bağlıdır. Diqqət edin, Əshabı-Kəhf bir neçə dirhəmlə mağaradan bayıra çıxanda həmin cəmiyyətdə din adına dərhal ikinci bir partlayış meydana gəlmişdi…

Bəli, müsəlman pul qazanmalıdır, varlı olmalıdır, lakin ona qəlbində zərrə qədər yer və dəyər verməməlidir…

"Deməli, maddi güc İslamın yayılmasında çox əhəmiyyətli amildir.. bu baxımdan da onu qazanma cəhdi də bir ibadət sayıla bilər, lakin qazanarkən alın təri və fikir sancısı ilə qazanılmış, xərcləyərkən də nəfsani arzu-istəklərə deyil, uca bir məfkurəni dirçəltmək uğrunda xərclənmişsə.." (Qurandan İdraka Əks Edənlər s. 238-48).

Ona Allahdan sağlamlıq və Sünnətə xidmətlə keçən uzun ömür diləyirik.

İlahiyyat elmləri doktoru, professor İbrahim Canan, "Yeni Ümit", İyul-Avqust-Sentyabr 2008

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.