20 Yanvar hüzn və şərəf günümüz

Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə ! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. (Quran-i Kərim, Ali-İmran, 169)

Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən göylərinə çəkdi şəhidlər.

Zalım öyünməsin zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə,
Ölümü kamına çəkdi şəhidlər.

İnsan insan olur öz hünəriylə,
Millət millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq toxumu əkdi şəhidlər. (B. Vahabzadə)

Azərbaycan xalqı tarix boyu düşmənlərə baş əyməmiş, daim öz istiqlalı, varlığı uğrunda döyüşmüşdür. Şərəfli tariximiz qanla yazılmışdır. Böyük şairlərdən biri demişkən :

Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq, əgər uğrunda ölən varsa vətəndir. (Mithat Camal Kuntay)

Bu Vətən bizə əcdadlarımızdan miras qaldı. Biz də onu qoruyub gələcək nəsillərə çatdırmalıyıq.

Vətən əcdadımızın mədfənidir,
Vətən övladımızın məskənidir. (Abbas Səhhət)

Ulu babalarımızın məzarları ilə şərəflənmiş bu Vətəni canımız, malımız, namusumuz kimi qorumaq bizə bir vəzifədir, borcdur. Və xalqımız həmişə bu müqəddəs amal uğrunda döyüşmüş, düşmənlərə layiqli cavab vermişdir.

20 Yanvar da böyük xalqımızın şərəfli günüdür. Unutmamalıyq ki, həmin gün küçələri boyamış al şəhid qanları milli məfkurəmizin oyanan günəşini simvolizə edirdi. Cəfakeş xalqımız həmin gün üstünə zəhərli ilan tək hücum çəkən Sovet qoşunlarına qarşı sinəsini verməyi, özünün mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı.

Bu göstərdi ki,azərbaycan xalqı azadlıq mübarizəsinə qalxmaq, pozulmuş hüquqlarının bərpa olunması uğrunda döyüşmək əzminə sahibdir.

Həmin gün– o qara gecə Sovet qoşunları Bakıda 137 nəfəri qanına qəltan etdi, 700-dək adam isə ağır yaralandı.

Qırmızı imperiyanın əliqanlı əsgər və zabitləri qoca, körpə demədən hamilə qadınlara, şikəstlərə baxmadan hamını gülləbaran etdilər. Bəli Vətənimin bütün daşı-divarları qan ağladı o gün! Yüzlərlə insan şəhid edildi. Qadınlar dul, körpələr atasız-anasız qaldı.

Həmin günlər Azərbaycan xalqı adından ən ciddi bəyanatı isə Moskvada yaşayan azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyev verdi. Bilavasitə imperiyanın mərkəzində dünyanın onlarla KİV təmsilçisi qarşısında verilən bu bəyanat böyük rezonans doğurdu.

O vaxt Azərbaycan xalqı adından Bakıdan verilən yeganə etiraz bəyanatı Şeyxülislam Hacı Allahşükür Paşazadə tərəfindən verilmişdi. SSRİ rəhbərliyinə, habelə BMT-yə, dünya dövlətlərinə ünvanlanan bu bəyanatda 20 Yanvar faciəsinin törədilməsinə görə günahın bilavasitə Kremlin və M.Qorbaçovun üzərinə düşdüyü vurğulanırdı.

Bu faciəmiz informasiya blokadasına baxmayaraq, dünyada əks-səda doğurdu. 20 Yanvar faciəsi qardaş Türkiyədə də şok effekti yaratdı. Bir şox alimlər, dövlət xadimləri buna öz münasibətlərini bildirdilər.

Böyük İslam alimi Fəthullah Gülən də eşitdiyi bu acı xəbərdən sarsılmış, yatağa düşmüşdü. Öz hisslərini 28 yanvar 1990-cı ildə İzmirdə Şadırvan məscidində etdiyi söhbətdə belə açıqlamışdı:

“20 Yanvarla bağlı xəbər məni sarsıtdı, yatağa saldı. Daha ətraflı məlumatı bu xəstə halımla yataqda radiodan dinlədim, televizordan izlədim..... Hadisəni olduğu kimi anlatdılar. İki saata yaxın ağladım. Yaxınlıqdakı yoldaşları çağırdım. Onlara dedim ki, maddi kömək göstərə bilmirik, icazə vermirlər. Barı hacət namazı qılıb dua edək.”

İndi Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu 20 Yanvar qurbanlarının və mənfur ermənilərə qarşı döyüşlərdə şəhid olanların dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Hər il yanvarın 20-də minlərlə insan Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edirlər.

Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.