Bir Anadolu İnsanının 20 yanvar iztirabı

Çəyirdəklərə ağacları, toxumlara bitkiləri yerləşdirmək; damlalardan dəryaları, hüceyrələrdən canlıları, atomlardan kainatı meydana gətirmək Allaha aid xüsusiyyətlərdəndir......

Hər kəs hər şeyi düşüncəsinin dərinliyi, üfüqünün genişliyi nisbətində nəzərdən keçirir və öz yanaşma tərzinə görə qiymətləndirir.

Könlündə bütün varlığı isidəcək qədər sevgi, sinəsində hər kəsi qucaqlayacaq qədər xoşgörü ( alicənablıq, tolerantlıq), gözündə hər kəsin iztirabına axıdılacaq qədər yaş, qəlbində bütün qaranlıqları aydınladacaq qədər inamı olan haqq aşiqlərinin fikir dəryalarına yelkən açmaq da çətindir, onlardan bəhs etmək də. Kəlmələr mühakimələrin tutarsızlığına, qələm də kəlmələrin azlığına ilişib qalır.

Fəthullah Gülən həyatını insanlığa xidmətə həsr etmiş; nəsilləri sevgiyə, elm öyrənməyə, birlik və bərabərliyə, qardaşlığa, qarşılıqlı yardıma, vəfaya, alicənablığa, sülhə, qədirbilənliyə, dürüstlüyə, maddi-mənəvi heç bir mənfəət ummadan insanlara əl tutmağa, kömək etməyə çağıran bir mütəfəkkir, şair, yazıçı, din xadimi və alimdir.

Fəthullah Gülən dünyanın hər tərəfində mədəniyyətlərarası ziddiyət və mübahisələrdən bəhs edilən zəmanəmizdə mədəniyyətlərin, dinlərin qarşılıqlı anlaşmasını; cahanşümul insani dəyərlərdə qaynaşmasını dilə gətirmiş və bu mövzuda insanlara üfüq açan əsərlər yazmış sülhün və tolerantlığın carçısı olan bir mütəfəkkirdir.

Onun təşviqi və fikir memarlığı ilə dünyanın bir çox ölkələrində açılmış məktəblər bu gün həm bu ölkələrin işıqlı sabaha çıxmasına xidmət edir, həm də mədəniyyətlərarası sülh və sevgi körpüsü rolunu oynayır.

Dünyanın müxtəlif ölkələrində fikirləri və əsərləri öz sahələrində söz sahibi fərqli dildən, dindən, rəngdən olan yüzlərcə elm adamları tərəfindən dünyada sülhün və əmin-amanlığın təmini üçün tədqiq edilib araşdırılan Fəthullah Gülənin bir cəhəti də dili, dini, tarixi və milləti bir soydaşlarına bəslədiyi səmimi sevgidir.

20 Yanvar ölkəmizin qanlı və şanlı bir günüdür. Qanlıdır, çünki bu gün onlarla günahsız insan azadlıq düşmənlərinin tankları altında can vermiş, analar gözüyaşlı, uşaqlar da yetim qalmışdır. Artıq millətdə yas, gözlərdə yaş, torpaqda qan vardı.

Bu tarix həm də şanlıdır, çünki şairin:

“Bayraqları bayraq edən üstündəki qandır,
Torpaq əgər uğrunda ölən varsa, vətəndir.”

sözü reallığa çevrilmiş və bu torpaqların şanlı millətimizə aid olduğu tarixə canla, qanla yazılmışdı artıq.

Azərbaycanlı soydaşlarının məruz qaldıqları zülm atəşi ilə dərdlənib iztirabdan beli bükülən Fəthullah Gülən çıxdığı kürsüdə özündən getmiş, çəkdiyi ağrı-acını və iztirabı göz yaşları ilə Anadolu insanının könlünə axıtmışdır. Artıq Anadolu insanının bağrında da eyni qor, eyni yaş, eyni yas vardı. Zaman vəfa zamanı idi. Ağrı-acıları bölüşmə, göz yaşlarını susdurma zamanı idi. Axan qanlara “dur!” demə və yaraları sarma zamanı idi. Zaman qardaşa qol-qanad olma, onları sevindirmə zamanı idi. Zaman varı da, yoxu da qardaşla paylaşma zamanı idi. Zaman Allaha əl açma, yalvarma zamanı idi.

Anadolu insanının bu hissiyatını iliklərinə qədər hiss edən Fəthullah Gülən:  “Gedin”-deyir- ”Gedin və Azərbaycanın işıqlı gələcəyi üçün “kimsə yoxmu?” fəryadlarına canınızla, malınızla “Biz varıq!””-deyin.

Artıq Anadolu insanının çöhrəsində faydalı ola bilmənin sevinci sezilir. Bir səfərbərlik başlanır Anadolunun şəhid qanları ilə sulanmış torpaqlarında. Artıq hər kəs bu xeyir yarışında yer almaq, iştirak etmək dərdindədir. Kimisi evini satıb pulunu göndərir, kimisi də əlini açıb duasını. Analarda övladını göndərmənin vüqarı, övladlarda səhabə kimi gedib dönməmənin əzmi və həyəcanı vardır can Azərbaycan üçün. Çünki artıq Azərbaycanın sevinci sevinc, kədəri kədər olmuşdur Anadolu insanının sinəsində.

Çətinliklər, sıxıntılar aşılıb gedilir ana yurddan ata yurda. Həsrətlə dolmuş qucaqlar, qapıları “ənsar ruhu” ilə açılmlş evlər qarşılayır bu fədəkar insanları. Artıq çəkilən həsrətlər, axıdılan gözyaşları Azərbaycan insanının səmimi sevgisi, onlara və gələcəyə olan inamı ilə əvəz olunmuşdur. Bir neçə il əvvəl şəhid olmuş atalarının qanları ilə yuyulmuş bu torpaqlarda məktəblər açılır. Artıq Azərbaycanda axan qanların yerini üç rəngli bayrağı dalğalandırmaq üçün çalışan qələmlərin mürəkkəbləri və axıdılan tərlər almışdır. Bizə də bu işin memarına vəfanın ifadəsi olaraq təşəkkür etmək qalır. Təşəkkür edirik Anadoluya... Təşəkkür edirik Anadolunun vəfalı insanlarına... Səmalarda dalğalanan üç rəngli bayrağınla məsud yaşa AZƏRBAYCAN...

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.