Əsrimizin Mücəssəm İradəsi

İradə Allah tərəfindən insan oğluna bəxş edilmiş ən dəyərli hədiyyələrdən biridir. Meyl etmə, ya da meyilə yön vermə, iradənin ən böyük funksiyasıdır. İradənin bu funksiyasına Allah bu fani dünyada cənnət iqlimli neçə-neçə mədəniyyətlər bəxş etmişdir.

Həyatının hər anı iradəsinin haqqını vermiş bir Uca Qamət tanıyırıq.. hər zaman ağrı-acıya məhkum, rahatlıq nədir bilməyən.. sıxıntıları, ağrı-acıları taleyin şirin təcəlliləri hesab edib onlara xoş gəldin deyə bilən bir şəxs.. Fəthullah Gülən Xoca Əfəndi.. İddiasız, lakin Allaha olan sonsuz ümidi ilə insanlığın rifah və barışı adına böyük xidmətlər göstərən Xoca Əfəndi daxilindəki o kiçik nüvənin, meyil gücünün haqqını verərək, ibadətindən elm və ürfan həyatına, əməllərindən ruhun dərinliyindəki səyahətinə qədər hər sahədə, zənnimcə, az insana nəsib olan müvəffəqiyyət əldə etmiş, nəçə-neçə gözəlliklər yaşamış və hələ də yaşayan bir iradə qəhrəmanıdır. Onun yaşadığı bu qəlb və ruhi həzz, iradəsini Allahın iradəsinə ram etməsinin bir bəhrəsidir. Bu elə bir həzdir ki, dünyalara dəyər.. O, bu dünyalara sığmayan həzzlə yanaşı, daddığı, gördüyü və həzz aldığı aləmləri, sevənlərinə də tanıtmaq üçün, davamlı, iradələrə qanad olub uçuracaq fəaliyyətlərə təşviq edir.

Hələ kiçik yaşından çox böyük xəyallar qurmuş, onları dualaşdırmış və gənclik dövründən etibarən iradəsinin gücü və Allahın inayətinin rəhbərliyi ilə xəyaldan həqiqətə doğru uzanan bir səfərə çıxmışdır. Bu sözlərin sahibi də məhz özüdür: "Böyük və gözəl şeylərin xəyallarını qurun. Gün gələr xəyallarınız dualaşar".

O, professionallığın "təkəbbür hissinə" məğlub olmadan, lakin davamlı professional üsullarla hərəkət edərək, bir tərəfdən daha böyük imkanlar varkənazla kifayətlənən və ümidsizliyə düşmək riskindən özünü qorumuş, digər tərəfdən də təcrübəsizliyin hər şeyi alt-üst edən təhlükəsinə də məruz qalmamışdır. Davamlı önündəki məsafələri nəzərə alaraq addım atmış, heç vaxt usanmamış və həmişə iradəsinin haqqını vermə əzmində olmuşdur.

İradi işlərdə mütəmadilik

İradənin əsas cəhətlərindən biri ilk addımı atmaq və təməli atılmış işin davamını gətirməkdir. Mütəmadiliyi olmayan səylər torpağa əkilib, lakin sulanmayan toxum kimi çürüyüb gedər. Xoca Əfəndi “bir iki cümlədən nə olar ki” demədən gənclik illərindəki duyğu və düşüncələrini az-az qələmə almış, nəticə etibarilə də bu mütəmadi cəhd və səylərin bəhrəsi olan "Ölçü və ya yoldakı işıqlar" adlı kitabı insanlığın xidmətinə təqdim etmişdir. Bu yazılarını hələ də davam etdirməkdədir. Təxminən iyirmi səkkiz ildir ki hər ay bir məcmuəyə yazdığı yazıları ilə fikir və mədəniyyət dünyamıza müstəsna bir külliyat hədiyyə etmişdir. Bu silsilə hələ də davam etməkdədir. Mütəmadilik və bu yolda israr etmək onun xarakteri halına gəlmişdir. Azyaşlı bir tələbəsinin təlim-tərbiyəsindəki ən xırda nöqsana göz yummamış, kamil insan oalraq yetişməsini hədəf seçmiş və hədəfinə çatana qədər də gözünü ondan ayırmamışdır. Xoca Əfəndi oxumağa başladığı bir kitabı bəzən xoşu gəlməsə də bitirmədən buraxmaq istəmir. Kitabı yarıda buraxmağı iradəsizlik və ciddiyətsizlik sayır. Mütəmadilikdəki rəngarənglik də onun iradəsi ilə reallaşdırdığı ayrı bir xüsusiyyətdir. Bir şeyin olması lazımdırsa o mütləq yerinə yetirilməlidir. Bunun üçün də hər dəfə yeni üsullar təqdim edilməli, təzə metodlar inkişaf etdirilməlidir. Bu isə təfəkkürə və iradəli olmağa bağlıdır.

Yeniliklərə açıq olmaq və israr

İradəliliyin ən böyük xüsusiyyətlərindən biri də yeniliyə açıq olmaqdır. Yenilik daxilən rahatlıq verir və bir ehtiyaca cavab verirsə məqbuldur. Bir şey məqbulsursa, həyata və insanlığa bəxş edilməli, bunun üçün də bütün cəhd və səylər səfərbər edilməlidir. Xoca Əfəndinin gözündə əməyin, səyin kiçiyi böyüyü yoxdur, hamısı əzizdir. Yeni çıxan və ona uyğun olan bir imla qaydasını istifadə etməkdə heç tərəddüd etməz. Yenilik qarşısında "biz belə görməmişik" deməz, məqbul olma nisbətində dərhal onu tətbiq edər, öz şivəsini də qataraq onu zənginləşdirər. İşin ən çətin tərəfi də elə budur, yeniliyi öz boyası ilə boyamaq. Xoca Əfəndi bu çətin məsələdə belə iradəsinin haqqını verərək özünü aşmış bir insandır.

Xeyirli bir işdə israr etmək iradənin bir başqa əhəmiyyətli meyarıdır. Xoca Əfəndi yeni nəslin təlim-tərbiyəsi adına təşviq etdiyi fəaliyyətlərin hər məsələsində qəti qərarını nümayiş etdirmiş və insanları davamlı ruhlandırmışdır. O dövrün şərtlərinə görə tamamilə qeyri-mümkün kimi görünən bir çox işi şəxsən təşviq etmişdir. Ümidin bitdiyi, şərtlərin tamamilə əleyhinə olduğu dövrlərdə o ən yeni plan və lahiyələrini dostları ilə paylaşmış və geniş üfüqü ilə həmişə irəlidə olmuşdur. O dövrlər ilk addımların atıldığı dövrlər idi. İzmirdə “Kəstanə bazarı Quran Kursu”nda müəllimlik edərkən on üç, on dörd yaşlarındakı gələcəyin böyükləri ilə necə də səmimiyyətlə məşğul olduğunu, reallaşdırmaq istədiyi və şək-sübhəsiz inandığı mövzularda yaxınlarını razı salmaq üçün necə də israrlı olduğunu o günləri görənlər indi şirin bir xatirə olaraq danışırlar.

Burada yeyən orada yeyə bilməz

İradə gənc insanda xeyirə meyl etdikdə, bütün təqdirləri aşıb səma sakinlərinin belə alqışladığı bir xoşbəxtlikdir. Nəfsinə hakim, qəlbi məscidə və ibadətə aşiq bir gənc heç bir kölgənin olmadığı o yaxıcı, möhnətli gündə Allahın bəxş edəcəyi kölgədə sərinləyəcək. Xoca Əfəndi gəncliyinin potensial olaraq içində həbs etdiyi arzuları xeyirə sövq edərək iki il boyunca vəzifəli olduğu məscidin pəncərəsində yaşamış, bu iki il boyunca gündə iki saat yatmış, bir neçə günlük qəza namazlarını qılmış və gündəlik bir loğma çörəklə kifayətlənmişdir. O poladdan iradə, qanı qaynadığı bir dövrdə ibadət eşqi, elm iştiyaqı, təbliğ həyəcanı şəklində zühur etmişdir. Çətin bir dövr olan 80-86-cı illərdə belə şəhər-şəhər gəzmiş və yol boyunca da yanındakılarla Buxarinin hədis kitabını oxumuşdur.

Elə vaxt gəldi ki, gənclik arzu-istəklərinə qapılmamaq üçün Allahdan heç kəsi narahat etməyəcək xəstəlik diləyər. Allah duasını qəbul edər, lakin bu xəstəliyə tab gətirəcək iradə də verər. Bədənində ağrımayan, sızlamayan yer yoxdur. Xəstəliklər onu rahat qoymamışdır. Biri gəlib, biri gedir. Hələ də belədir. Bir zaman barmaqları tutulmuş, yazı yazmaq üçün qələmi ancaq on dəqiqə tuta bilmişdi. Hər on dəqiqədən bir əlinə istirahət vermək məcburiyyətində olmasına baxmayaraq, həftəlik, aylıq, üç aylıq yazılarını yazmağı tərgiməmişdir. Şəkər, təzyiq, ürək kimi narahatlıqlarına baxmayaraq, caiz olduğu halda Ramazan orucunun savabını qaçırmağı istəməmiş, ikindi vaxtından iftara qədər ağrıdan qıvransa da bu savabdan məhrum qalmağa könlü razı olmamışdır.

Bəli o, rahatlığa vida etmiş və çətinliklərə kilitlənmişdir. Bu, öz-özünə çətinlik yaratma mənasına gəlmir. Əksinə bu, dərin ölçüləri olan bir anlayış və yaşayışdır. Məsələyə sadəcə iki yöndən baxsaq, birincisi, bir çox insanın öhdəsinə ala bilmədiyi çətinliklərin öhdəsindən gələrək, insanlığa rahatı, əmin-amanlığı təmin etmək, insanlar üçün yaşamaq və beləcə sevənlərinə bu mövzuda bir nümunə olmaqdır. İşin ikinci yönü isə, axirətdə bir saniyəlik zaman içərisində bəxş ediləcək sürpriz gözəllikləri, burada yeyib bitirməmə, hər bir anın mükafatını o biri tərəfə saxlama inancıdır. "Bir almanı yeyərkən içimdə bir rahatlıq duysam, işlər mütləq tərsinə gedir, məni narahat edən hadisələr ortaya çıxır" deyir və insan üçün təbii olan bir rahatlığı belə özünə rəva bilmir. Belə bir iradə insanının, bütün həzz və zövqləri axirətin o göz qamaşdıran və möhtəşəm səhnələrinə saxlamaq üçün, qaldığı evin yaxınlığındakı göl kənarına çıxmaqdan belə imtina etməsini, altı yeddi ildə ancaq biri iki dəfə gəzintiyə çıxmasını anlamaqda çətinlik çəkmərik. Bəli o belə insandır, çünki burada yeyən o biri tərəfdə yeyə bilməz, burada dadan orada dada bilməz, ya da əskik dadar...

Gənclik illərində özünə təklif edilən millət vəkilliyi, dairə başçılığı kimi vəzifələri rədd etmiş, şöhrətə aldanmamış, bir çox igidin məğlub olduğu imtahanlardan Allahın iradəsinə ram olan o kamil iradəsi ilə qurtula bilmişdir. Şəxsinə olan hər təhqirə dözmüş, bu gün üzünə gülüb sabah əleyhində danışıb yazanlara qarşı belə mömincə rəftar etmişdir. Bir tərəfdən iradəsini ixlasa, ehsana, Allah sevgisinə istiqamətləndirmiş, bir tərəfdən də ixlasla, ehsanla (Allahı görürmüş kimi yaşama şüuru) qəlbin zümrüd təpələrində gəzərək iradəsini bəsləmiş və beləcə həyatında həmişə saleh dairə çərçivəsində yaşamışdır.

Bu sözlər ona aiddir: "Yüksək iradə və yüksək xarakterlər əlli min dəfə qazanlarda qaynadılıb, dəfələrlə dəyişik qəliblərə salınsalar da, yenə şəxsiyyətlərindən heç bir şey itirməyəcək və özlərini qoruyacaqlar".

Buyurun bu onun sözü və bu da yaşanmış və hal-hazırda yaşanan həyatı. Bir-biri ilə necə də gözəl uyuşur..

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.