Gülən dünya görüşündə təməl ünsürlər

Karrolun fikrincə, Fəthullah Gülənin düşüncə tərzində insan varlığın özülü, mayası, kainatın fehristi və xülasəsidir. Uca Yaradan bir mənada varlığı ona bağlamışdır. İnsan nail olduqları (ona bəxş edilənlər) ilə varlıq içində əşyanı, hadisələri və təbii ki, hər şeyin arxasında Sonsuz Qüdrət Sahibini tərənnüm edən bir dil və kainatlar genişliyində bir könüldür.

İnsana insan olduğu üçün dəyər verilməlidir. Onun canı kimi malı, şərəfi, inancı, məskəni və ailə qurub çoxalması da mühafizə altına alınmışdır. Şəxsən insan özü belə Allahın ona bəxş etdiyi insanlıq əmanətinə (cana) zərər verə bilməz. İnsanlıq əmanətini qorumaqda sevgi məfhumu nə qədər əhəmiyyətlidirsə, bu əmanətə zərər verə biləcək davranışlar da o nisbətdə sevgi ruhunun bilavasitə əksi olaraq görülməlidir. Karrol Fəthullah Gülənlə Kantı insanın dəyəri əsasında müqayisə edərkən, əlbəttə, Kantın humanist bir filosof olduğunu, Qərbdə Renessansdan sonrakı dövr humanizminin, ümumiyyətlə, ateist cizgisini təqib etdiyinin fərqindədir. Lakin o, bütün humanistlərin, həmçinin Kantın da, Con S. Milin də ateist olmadığını bilir və dolayısilə səhv mülahizələrə yol verməmək üçün bu xüsusa diqqət çəkir.

Gülən və Milldə azadlıq məfhumu

Cill Karrolun açıqlamalarında, Con S. Mill Qərbdə fərdi azadlığı ən çox önə çıxaran bir mütəfəkkirdir. Hər cür təzyiqə qarşı olan Millə görə, öz bədəni və zehni üzərində də mütləq hakim olan insan azadlığına sərhəd qoya biləcək yeganə şey başqasına zərər verməməkdir. Fikir və söz azadlığını son dərəcə müdafiə edən Mill hər kəsdən ortaya çıxacaq fikirlərlə bir ortaq doğrunun əldə edilə biləcəyini irəli sürür. Mill Epikürist filosoflar kimi insan həyatının qayəsi olaraq həzz və ya mümkün olan ən böyük xoşbəxtliyi önə çəkir. Epiküristlər kimi Con S. Mill də insan üçün donuzlara layiq həzzin tərəfdarı olduğu üçün tənqid edilmişdir.  Millin isə buna cavabı, həqiqətən maraqlıdır. Millə görə, bu tənqidi edənlər əslində insan üçün donuzlara layiq bir həzzdən başqa bir həzzin varlığını düşünə bilməyənlərdir. İnsan üçün bu həzzin xaricində zehnə, vicdana və hisslərə aid həzzlər də var. Həyatin qayəsi də, məhz bu həzzləri əldə etməkdir.

Karrol azadlığın Fəthullah Gülənin düşüncə tərzində də çox mühüm yeri olduğunu vurğulayır. Lakin Mill düşüncəsində fərdi azadlığa sərhəd qoyan yeganə şey başqalarına zərər verməmək ikən, Gülən bu mövzuda həqiqətə mütləq mənada bağlı qalmaq və insanın özünə də zərər verə bilməyəcəyi prinsiplərinə də diqqəti yönəldir. Karrol Gülənin "ruhi-əxlaqi-zehni kamilliyə yüksəlmiş fərdlərin rəhbərlik edəcəyi bir dünya vizyonunu ortaya qoyduğu" "Ruhumuzun Heykəlini Ucaldərkən" adlı yazısında qeyd olunan rəhbər şəxslərin beşinci mühüm vəsfinin "azad düşünə bilmə və fikir azadlığına bağlı" qalmaq olduğunu qeyd edir. Gülənə görə fikir və söz azadlığı olmadan kamil bir insani varlıqdan söz açmağın əbəs olduğu kimi, mədəniyyət adına irəliləmək də qeyri-mümkündür.

Karrol Fəthullah Gülənin düşüncəsində azad olmaq və azadlığı duya bilməyin insan iradəsinin önəmli bir yönünü təşkil etdiyini və bu yönə doğru açıla bilməyənlərə insan demək mümkün olmadığını xatırlatdıqdan sonra, azadlığın Gülənin əxlaq dünyasındakı yerinə də toxunur: "Azadlığı mütləq sərbəstlik olaraq başa düşənlər heyvani azadlıqla insani azdlığı bir-birinə qarışdırırlar. Bədən və cismaniyyətin qaranlıq istəklərini həyata keçirmə istiqamətində sərhəd bilməyən könüllərin sığındıqları azadlıq tamamilə bir heyvanlıq şüarı, ruhun önündəki maneələri qaldıraraq vicdanın yüksəlməsinə zəmin hazırlayan azadlıq isə tamamilə bir insanlıq şüarıdır." Fəthullah Gülənin düşüncə tərzini və fikirləri ilə bütövlük içində onları həyata keçirmə əzm və fəaliyyətlərini birlikdə təqib edən Cill Karrol Gülənin ideal insan və ideal cəmiyyət düşüncəsini də Konfutsi və Platonun fikirləri ilə müqayisə edir. Çin mütəfəkkiri Könfutsiyə görə, dünyada hər şeyin dayandırılacağı, hər şeyin əsası olan bir böyük həqiqət və bir mənbə var.  Bu həqiqət və mənbə Taodur. O, bir prinsipdir, həqiqətin enerjisidir, (İslam terminalogiyasındakı "fitrət"ə bənzər məfhum olaraq) hər şeyin Yoludur. Platon da buna bənzər bir mənbədən bəhs edir, amma o maddi olmayan, əzəli və bununla yanaşı Xeyrin, Doğrunun və Ədalətin mənbəyi olan bu özülə "İdeyalar Aləmi" adını verir. Maddi dünya kölgədən ibarətdir, əsil varlıq və gerçək dünya "İdeyalar Aləmi"dir. Fəthullah Gülənin düşüncəsində isə mütləq həqiqət, mütləq gözəllik, mütləq ədalət, qısacası hər fəzilətin qaynağı Allahdır.

Konfutsi cəmiyyəti yüksək və ya soylu ruhlar, ya da ağıllar ilə zəif ağıllar olaraq ikiyə bölür. Yüksək ruhlar və ya ağılların gözlərində bəsirət işığı, qulaqlarında nüfuzedicilik, üzlərində təbəssüm və sevimlilik, davranışlarında təvazökarlıq, sözlərində etimad, şübhələrində təhqiq, qəzəblərində intizam və fürsət dəyərləndirmələrində əxlaqilik var. Bununla yanaşı onlar mürüvvət, səxavət, yardımsevərlilik, fəaliyyət, doğruluq, dürüstlük, hikmət, vəfa, etimad, səmimiyyət və ata-ana hüququna riayət kimi fəzilətlərlə təchiz edilmişlər. Əksinə zəif ruhlar və zəif ağıllar isə heyvanın ot otlaması kimi, yemək içmək, bədənin ehtiyac və zövqlərinin arxasınca qaçaraq ömürlərini israf edirlər. Platon da mağarada kölgələrlə vaxt keçirən, yosun və üfunətli sular kimi, durğun, yenə də heyvanlar kimi, yeyib-içib çoxalan "düşük təbiətlilər"ə qarşılıq, cəmiyyəti idarə edəcək "hikmət əhli" və ya "filosoflar"dan söz açır. Hikmət əhli həddini bilən, insani bilginin sərhəddinin fərqinə varan, hikməti harada görsə, onun arxasınca gedən, həqiqət, gözəllik, xeyir və ədalət aşiqi insanlardır. Onlar, davamlı olmayan keçici gerçəklərlə deyil, əbədi həqiqətlə məşğuldurlar.

Gülən, Konfutsi və Platonda təhsil

Fəthullah Gülən də bir çox yazı və söhbətlərində "ideal insan", "yer üzünün varisləri" və "qızıl nəsil" kimi adlarla dilə gətirdiyi yüksət fəzilətli bir nəsildən bəhs edir.  Bu nəsil yaşatmaq üçün yaşamaqdan vaz keçmiş, ağlı dünvəyi elmlər, qəlbləri dini elmlərlə işıqlanmış, bununla yanaşı kamil iman, eşq, əxlaq, azadlıq, həqiqət sevgisi, araşdırma ruhu, məşvərət, riyazi düşüncə və yeniliyə əsaslanan sənət məfhumu ilə təchiz olunmuş fədakarlar və ya həyatını amalına həsr etmiş ruhlar cəmiyyətidir. Bu insanların ən kamil mənada təmsilçisi və rəhbəri Həzrəti Peyğəmbər (s.ə.s.) və sonra da dörd xəlifədir. Cill Karrol Konfutsi və Platonun düşüncəsindəki bəhs etdiyimiz nəslin idarə etməni ələ alıb bütün cəmiyyəti başdan-ayağa dəyişdirəcək bir qrup olmasının əksinə, Fəthullah Güləndə fəzilətli bir toplum mayalandıracaq və siyasətdən uzaq duracaq bir nəsil olduğu məqamını da nəzərə çatdırır.

İdeal insan və ideal cəmiyyətdən söz açılmışkən, görəsən, bu ideal insan və cəmiyyəti necə əldə etmək olar? Karrol Fəthullah Gülənin ideal insan anlayışını təhlil etdikdən sonra, bu suala cavab olaraq yenə də Könfutsi və Platonla müqayisəli şəkildə ondakı təhsil düşüncəsinə keçir.

Sosial-siyasi nəzəriyyə olan Konfutsizmdə təhsil adına ön plana çıxan məfhum "mərasim"dir. "Mərasim"(ritual) insan həyatını təşkil edən münasibətlər toplusu içində lazım olan mövqe deməkdir. "Mərasim"in əsasları sosial ədalət, toplumun mənafeyini düşünən idarə və topluma rəhbərlik, idarəçiləri təhlil etməkdə ziyalıların oynadığı roldur. "Mərasim"i isə təhsillə əldə etmək mümkündür. Könfutsizmdə toplumun rəhbərləri "alimlər"dir və bunlarda altı cəhət ön plana çıxır: İnsanı sevmək, hikməti sevmək, səmimiyyəti sevmək, həqiqəti sevmək, cəsarəti sevmək və qərarlılığı sevməkdir. Belə ki, bütün bu sevgilər ancaq öyrənməyi sevməklə mümkündür, yoxsa hərəsi bir aldanış olar. Konfutsiçiliyin insana mürüvvət, ləyaqət, doğruluq, ağıllılıq, dürüstlük, iqtisad, pozulmama, ana-ata hüququna riayət, səxavətlilik, qayda-qanun və səmimiyyət fəzilətlərini qazandıracaq tədris planı "Tarix kitabı", "Mahnılar kitabı", "Dəyişimlər kitabı", "Baharlar kitabı" və "Payızlar kitabı" və "Mərasim" kitabından ibarətdir. Əsasən də şəxsiyyətin formalaşmasında, rəhbərlikdə, ailə və imperatora xidmətdə musiqi və şeirin də özünəxas yeri vardır.

Sokratın görüşlərinə əsaslanan Platonun ideal idarə tərzi olan Meritokrasiya, yəni "Ləyaqət İdarəsi" nəzəriyyəsinə görə, mədənlər kimi olan fərdlər istedad və xarakterlərinə görə qızıl, gümüş və dəmir olaraq əsas üç kateqoriyaya bölünürlər. Özlərini və toplumu idarə edən idarəçilər qızıl, əsgərlər gümüş, sənətkar və kəndlilər isə dəmirdir. İki qızıldan qızıl, iki gümüşdən gümüş doğulma ehtimalı yüksək olmaqla birgə, qızıldan həm gümüş, həm dəmir, dəmirdən də qızıl doğula bilər. Hər kəs ibtidai təhsil aldıqdan sonra istedad və təbiətinə görə müəyyən sahələrdə müəyyən insanlar önə çıxar. Ən yaxşı təhsil ruh və bədən arasında lazım olan müvazinəti qoruyan təhsildir. Təhsildə musiqi, şeir və idman bir-birinə nisbətən üstün olmamalıdır. İdarəçi olacaq insanlara bəzi ədəbiyyat, musiqi və teatr sahələri qapalı qalmalıdır. Bunlar kiçik yaşlarından yaxşılığa, gözəlliyə, nizam-intizama və ədalətə meyilli yetişdirilməlidir. Musiqi, şeir və bədən təlimi ilə yanaşı riyaziyyat kimi digər elmlər də öyrədilməlidir.

Təhsil mövzusunda olduqca həssas olan Fəthullah Gülənə görə insan ruh, ağıl və bədəndən ibarət bir varlıqdır və o, varlığının bu üç yönündə də təlim görməlidir. Modern Qərb də təhsil, elm və texniki sahələrdə xeyli inkişaf etməsinə baxmayaraq materializm təməlləri üzərində insanı göz ardı etmişdir. Halbuki insan varlığın ən mükəmməl modelidir.  Buna görə də həqiqi həyat təhsil və tərbiyə ilə mümkündür. Öyrənməyə və öyrətməyə gözucu baxanlar biloji cəhətdən canlı görünsələr də əslində ölüdürlər. Gülənin düşüncələri əsasında açılan və bilavasitə din təhsili verilməməklə yanaşı "fədakar" müəllimlərin nümunəvi davranışlarına əsaslanan əxlaq təliminin müşahidə olunduğu məktəblərdə texniki fənlər, tarix, dil, ədəbiyyat, sosial və mədəniyyətlə bağlı mövzular, sənət, musiqi və s. dərslər tədris olunur. Gülən təhsildə ailə, məktəb, ətraf mühit və media işbirliyini də vurğulayır və hər mövzuda olduğu kimi, tədrisdə də məşvərətin əhəmiyyətindən söz açır.

Kitabın sonunda Cill Karrol Fəthullah Güləni məsuliyyət duyğusu baxımından J.Paul Sarterlə müqayisə edir. Sarter insanda məsuliyyət duyğusunun bir inanc, fəlsəfə və ya ideologiyadan deyil, bilavasitə insanın təbiətindən asılı olduğu fikrini müdafiə edir. İnsan olmaq məsuliyyətli varlıq olmaq deməkdir və məsuliyyət insanı hərəkət etməyə sövq edir və ona dünyanı formalaşdırma qabiliyyətini qazandırır. Ekzistensializmə (var olma nəzəriyyəsi) yönəldilən həyatda onun üçün çalışmağa dəyər bir şeyin varlığını qəbul etmədiyi və heçliyi ön plana çıxardığı üçün insanı passivləşdirib təsirsiz hala gətirməsi, hər şeyi qaranlıq yönü ilə görməsi və insani təşəbbüsün ciddiliyini rədd etməsi ilə bağlı tənqidlərə qarşı Sarter: "İnsan özünü necə formalaşdırırsa odur. Fəaliyyətimiz də arzulanan nəticəni versin, verməsin biz işləməliyik. Çünki dünyamız, əşyalar onların necə olmasına qərar vermişiksə elədir," deyir və ekzistensializm fəlsəfəsini məsuliyyət üzərində qurur.

Gülən və Sarterdə məsuliyyət düşüncəsi

Məsuliyyət Fəthullah Güləndə mənbəyi və hədəfi müəyyən olan bir şükr halıdır. Onun fikrincə, insan yer üzündə Haqqın xəlifəsidir. Dolayısilə vəzifəsi və məsuliyyəti çox yüksəkdir. Allah  insana "kainatların mahiyyətindəki sirləri kəşf etmə, dünyanın bağrındakı gizli güc, qüdrət və potensial imkanları ortaya çıxarma, hər şeyi yerli-yerində istifadə edərək özünün elm, iradə və qüdrət kimi sifətlərinə şüurlu bir təmsilçi olma haqq, səlahiyyət və qabiliyyəti vermişdir ki, varlığa müdaxilə edərkən və xilafət vəzifəsini yerinə yetirərkən aşa bilməyəcəyi əngəl qalmasın." İnsanın xilafət funksiyası -dini inanc və ibadəti, kainatı tanıyacaq elmləri mənimsəməyi və "təbiət"i müsbət hədəflər istiqamətində istifadə edərək, dünyanı abad etməyə və insan həyatını həqiqi həyata çevirməyi ehtiva edir. Gülən bu məqamda insani iradə, düşüncə ilə birgə fəaliyyət, əməl və iztirabı davamlı vurğulayır. Ona görə dünya, "məsuliyyət duyğusuna, insani dəyərlərə, elmə, əxlaqa, həqiqi təfəkkürə, fəzilətə, sənətə əhəmiyyət verən, varlığı bütün dərinlikləri ilə, insanı dünyəvi, uxrəvi genişliyi ilə qucaqlayacaq, şərh edəcək, Allahın xəlifəsi ünvanı ilə əşyaya müdaxilə edəcək xüsusi beyinlərə və polad iradələrə möhtacdır."

Kitabın sonunda oxucu "artıq yazıçı, Fəthullah Gülən düşüncəsinin və insanlara təsirinin mənbəyini soruşmalıdır." demədən özünü saxlaya bilmir. Kitabın son bölümündə yazıçı buna təmas edir və Gülənin düşüncəsini və insanlara olan təsirini onun dərin bir ruh, məna, şəxsiyyət bütövlüyünə malik olmasına və mərhəmət insanı olmasına bağlayır. Şübhəsiz ki, bunlar doğru olmaqla yanaşı, əlbəttə bütün bunları Fəthullah Gülənə qazandıran bir mənbə olmalıdır. Hər nə qədər hörmətli Karrol kitab boyunca Gülənin İslama istinad etdiyini vurğulasa da, onun insanın dəyəri mövzusundakı düşüncəsini Kantın humanizmi ilə müqayisə etdiyi bölümdə Fəthullah Gülənin düşüncəsi dinə istinad edərkən, Kantın düşüncəsinin bir fəlsəfə olaraq ağla, dolayısilə daha möhkəm zəminə oturması fikrini irəli sürür. Bunun səbəbi də Karrolun xristianlıq-modern Qərb düşüncəsindəki din anlayışına sahib olmasından irəli gəlir. Sanki ona görə din tamamilə hissi bir hadisədir və dolayısilə dəyişkən olmasının əksinə fəlsəfə ağıla əsaslandığına görə, ağıl duyğulardan daha möhkəm bir zəmindir. Halbuki, İslam duyğulardan qaynaqlanmadığı kimi Allahdan gələn bir din olaraq eyni zamanda ağıla, duyğulara, vicdana və qəlbə xitab edir və bunların hər birinə də qaneedici maddi-mənəvi rahatlıq bəxş edir, hər birinə vəzifə yükləyir. Ümid edirəm ki, hörmətli Karrol kimi səmimi bir insan, bunu da görəcək və Fəthullah Güləndə müşahidə etdiyi hər dəyərin onun İslamın bir övladı olmasından irəli gəldiyinin fərqinə varacaqdır.

Pin It
  • tarixində yaradılmışdır.
Copyright © 2024 Fəthullah Gülən Veb Saytı. Bütün hüquqları qorunur.
fgulen.com tanınmış türk alim və mütəfəkkiri Fəthullah Gülənin rəsmi saytıdır. Bu ünvan fgulen.com saytına məxsusdur.